Azərbaycanda cəmiyyət maariflənsə...

24 Aprel 2014 23:12
"Axır zamanlar ürəyin kəskin infarktının cavanlaşması məni narahat edir". Bu sözləri bizimlə söhbətində Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının terapiya şöbəsinin müdiri Sevil Eyvazova dedi.

Şöbə müdirinin sözlərinə görə, bəzi xəstələr mədə-bağırsaq xəstəliyindən şikayət edir, amma elektromüayinə, elektrokardioqram, exokardioqram zamanı onlarda ürəyin divarında çapıq aşkarlanır: "Yəni ki, 30, 35 yaşında bir insan infarkt keçirib, heç özünün də xəbəri olmayıb. İnfarktın cavanlaşması çox kədərlidir". Müsahibimiz deyir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, əhalinin tibbi müayinədən keçirilməsi bu mənada mühüm əhəmiyyət kəsb edir: "Dövlət başçısının göstərişi ilə əhalinin dispanzerisasiyası çox əhəmiyyətlidir.

Çünki istər-istəməz insanlar gəlirlər, müayinədən keçirlər və xəstəlik vaxtında aşkar olunur. Bu mənada müalicənin vaxtında başlaması çox mühümdür.

"Bunu bilmək lazımdır"

"İnfarkt nə üçün cavanlaşır?" sualımıza Sevil Eyvazovanın cavabı belə oldu: "Mənə elə gəlir ki, burada birinci stress faktoru önəmlidir. İstər-istəməz stress faktoru artıbdır, ürəyin tac damarının uzunmüddətli spazmı infarkta gətirib çıxarır. Bundan başqa, oturaq həyat tərzi, qidalanma rejiminə düzgün əməl olunmaması da səbəblər sırasındadır. Məsələn, kimisi iş rejimi ilə əlaqədar olaraq deyir ki, mənim nə vaxt vaxtım var çörəyimi onda yeyirəm. Gecə vaxtı çörək yeyir və yatırlar. Bu zaman mədə qida ilə dolur və başlayır diafraqmanı sıxmağa. Bundan sonra çox zaman qidalanma, qan dövranı pozulur. Necə deyərlər, orqanizmin hansı hissəsi zəifdir orada da "qırılır".

Xörəklərin tərkibində çoxlu yağ olması, qızardılmış yeməklər, pəhriz saxlanılmaması və s. bunların hamısı gətirib xəstəliyə çıxarır. Bunu bilmək lazımdır".

Müsahibimiz deyir ki, insanlar illər öncə qidalanma rejiminə daha ciddi yanaşırlarmış: "Əvvəllər, məncə, bu məqama insanlar yüksək dərəcədə əhəmiyyət verirdilər. Mənim yadıma gəlir - Sovet dövründə insanlar saat altı olan kimi süfrə arxasında otururdular. Bizim ailəmiz də böyük ailə idi və rejimə uyğun olaraq qidalanırdıq. İndi isə tamam başqa cürədir. Axşam saat 8-də, 9-10-da işdən gələnlər var. Hətta bəzi insanlar işlə əlaqədar günorta yeməklərini salırlar gecəyə. Səhər və günorta yeməyi yaxşıdır - gedir kaloriyə. Çünki insanlar hərəkət edirlər və s. Amma gecə vaxtı, yatmamışdan qabaq yeyilən yemək həm piylənmə törədir, həm mədə-bağırsaqda, həm də ürək nahiyəsində xəstəlik yaradır".

Digər problem kimi, müsahibimiz oturaq həyat tərzini qeyd edir: "İnsanlar işə maşınla gedirlər, maşınla qayıdırlar, aktiv həyat tərzi sürmürlər. Nəticədə qan dövranı aşağı ətraflarda pisləşir. Qaraciyərdə piylənmə əmələ gəlir, insanlar tənbəlləşirlər. Tutaq ki, insan maşınla gəzməyə vərdiş edəndə heç cürə piyada gəzmək istəmir. Bunların çox böyük əhəmiyyəti var".

"İkinci yerdə qaraciyər xəstəlikləri gəlir"

Şöbə müdirinin sözlərinə görə, ikinci yerdə qaraciyər xəstəlikləri gəlir: "Bunlardan Hepatit C-ni xüsusi vurğulamaq istərdim. Bu da qaynaqlanır insanların gigiyena qaydalarına əməl etməmələrindən. Xüsusən, stomatoloji kabinetlərdə, bərbərxanalarda, gözəllik salonlarında bu virus insanlara keçir. Həmin o kabinetlərdə gərək gigiyenik normalar çox yüksək səviyyədə təşkil olunsun. Hipertoniya da, demək olar, baş alıb gedir".

Stresin nəticəsi olaraq, digər xəstəliklər də yaranır: "Damarlarda sklerozlaşmanın getməsi, qan dövranının pozulması gətirib çıxarır həm böyrəkdə dəyişikliyə, həm qan təzyiqinin artmasına".

Telefon və kompyuterin bizə təsiri

"Müasir texnologiyalardan istifadənin insan orqanizminə təsiri necədir?" sualımıza isə şöbə müdiri belə cavab verdi: "Saatlarla kompyuter arxasında oturmaq gözə və beyinə çox ciddi mənfi təsir edir. Bundan başqa, kompyuter arxasında uzun müddət oturmaq oturaq həyat tərzinə gətirib çıxarır. Kompyuter arxasında çox oturan insanlar istər-istəməz çox əsəbi olurlar. Bu da xəstəliyin əmələgəlmə səbəbidir".

"Öz yaşınıza uyğun idmanla məşğul olun"

- Sağlamlıq baxımından düzgün həyat tərzi nədir?

- Düzgün həyat tərzi o deməkdir ki, insanlar mütləq gün ərzində ən azı 1 saat açıq havada gəzməlidirlər. İkincisi, insan gərək mütləq öz yaşına uyğun idmanla məşğul olsun. Həm də öz istəyinə uyğun olaraq. Heç olmasa, həftədə bir dəfə idmanla məşğul olmaq lazımdır.

İmkan dərəcəsində insanlar şənbə və bazar günlərində gəzməyə çalışmalıdırlar. İnandırım sizi, insan hətta adicə öz yerini dəyişəndə belə, bu, orqanizmə çox müsbət təsir göstərir. İnsan bir yerə gəzməyə gedəndə orqanizmdə mübadilə prosesi yaxşılaşır. Elə bil ki, təzələnib gəlirsən və birinci gün gedirsən işə".

Maariflənmə, maariflənmə, yenə də maariflənmə

- Cəmiyyətimizdə baş verənlərin də insanlara çox böyük təsiri var. Biri bir hadisəyə adi reaksiya verir, digəri çox həssas yanaşır. İnsanlar eyni deyillər axı.

Zənnimcə, birinci növbədə, insanların mədəniyyətinin yüksəldilməsi məsələsinə ciddi yanaşmaq lazımdır. Danışıq tərzi, davranış qaydalarına əməl etməliyik. Bütün bunlar isə, ilk növbədə, ailədə, məktəbdə formalaşır.

Bu işdə kütləvi informasiya vasitələrimiz, xüsusən telekanallarımız çox böyük vaxt sərf etməlidirlər.

Kobud davranışlar, diqqətsizlik aradan qalxmalıdır. Oturuşumuza, duruşumuza fikir verməliyik. Bunu gərək yetişən nəslə evdə öyrətsinlər. Ana bilməyəndən sonra bəs kim öyrədəcək? Buna görə də siz jurnalistlərin üzərinə də böyük iş düşür.

Bəzən deyirlər ki, intellekt yüksək olmalıdır. Bu başqa bir şeydir. İntellekt artıq bir səviyyədir. Amma mədəniyyət hamıda yüksək səviyyədə olmalıdır.

Maariflənmə, maariflənmə, yenə də maariflənmə.

Bizim dədə-babadan həmişə çox müsbət cəhətlərimiz olub - canıyananlıq, bir-birinə hörmət, diqqət, yardımlaşma, oturuşuna, duruşuna, danışığına fikir vermək və s.

"Gərək tənbəl olmayaq"

- Hər insanın özünə görə problemləri var. Hərə də çalışır ki, bu problemləri tez həll eləsin. Birinin evi yoxdur, birinin maşını yoxdur, birinin işi yoxdur. Yəni hər insanın özünə görə bir qayğısı var. Bunlar hamısı stress yaradır. Stress də bir insanda şəkərli diabetə, bir insanda zob xəstəliyinə, bir insanda hipertoniyaya, birində gətirib miokard infarktına səbəb olur. Mədə xorasının da əsas səbəbi sırasında birinci stressdir. Həkim müalicəsinin stresslə mübarizədə də çox böyük əhəmiyyəti var.

Hər şeyi Prezidentdən gözləmək lazım deyil. İnsan istəyir kənddə yaşasın, istəyir şəhərdə yaşasın, özü də işgüzar olmalıdır. Gərək tənbəl olmayaq. Tənbəllik həm xəstəliyə gətirib çıxarır, həm də asılılığa. Bəziləri düşünürlər ki, kimsə nə isə qazansın və ondan mənə versin. Əgər sənin əlin varsa, gözün görürsə, ayağın yer tutursa, niyə işləməyəsən? Niyə özün üçün şərait yaratmayasan? Mənə elə gəlir ki, işgüzar adam üçün işləməyə yer var.

Əgər sənin savadın varsa, sən işləyəcəksən, əgər sənin tənbəlliyin yoxdursa, sən də işləyəcəksən.

Ziyalı ailəsi

- Vaxtilə Amerikada, Türkiyədə təcrübə keçmişəm. Bir həkim kimi 40 ilə yaxın təcrübəm var. İki oğul anasıyam. Biri İngiltərədə "Oksford" universitetində oxuyub, Kembric Universitetində isə magistratura təhsili alıb. Doktoranturanı isə Nyu-Yorkda Kolumbiya Universitetində oxuyub. Hüquqşünasdır. Dünya üzrə Toni Bleyerdən sonra Oksford Universitetini əla qiymətlərlə bitirən 13-cü adamdır.

İnandırım sizi, mən onun oxuması üçün heç bir əziyyət çəkməmişəm. Əla qiymətlərlə oxuyub, aldığı yüksək təqaüdlə özü-özünü dolandırıb.

İkinci oğlum isə İqtisad Universitetini bitirib. Hazırda özəl şirkətlərdən birində rəhbər vəzifədə çalışır. Həyat yoldaşım isə professor idi, uzun illər Aviasiya Akademiyasında müəllimlik edib. Mən bu gün burada sizə dediklərimi öz övladlarıma da deyirəm. Hər bir insan həkimin yaxını, doğması, övladıdır. Siz də sağ olun ki, insanları bu cür yazılarla maarifləndirirsiniz. Çünki biz doğru bildiklərimizi cəmiyyətə həm də sizin vasitənizlə çatdırırıq.

"Zaman Azərbaycan"