Körpələrə ad seçimində nə əsas götürülməlidir: Övladlarına Diləndər, Xiyarə və Fındıq adlarını yaraşdıranlar da var

8 Sentyabr 2013 11:40
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, bu uşaqlara qoyulan adlar içərisində dini adlar üstünlük təşkil edir. Lakin bir sıra adlar da var ki, tələffüzü gülüş doğursa da, valideynlər tərəfindən bu cür adlar öz övladlarına ya verilib, ya da istək geri çevrilib.

İngilis, Afser, Sovet, Durxanım, Türməxanım, Xırdaxanım, Arxabala, Taktak, Dilqat, Bombahadur, Dayandur, Qızqayıt, Dandili, Pompulu, Atdıxan və sair kimi adlar məqsədə uyğun olamasa da, yaxın keçmişdə doğulan uşaqlara qoyulan adlardır. Bu cür adlar sırasına Gəncədə 2013-cü ilin son statistikası olan Diləndər, Xiyar, Xiyarə və Fındıq
kimi müraciətləri daxil etmək olar.

Sakin: "Uşaqlara o adlar qoyulsun ki, həmin şəxslər örnəkdir. O adlar ki, uşaqlara böyüyəndə də, kiçikliyində də utanc gətirəcək, həmin adlar qoyulmasın. Xarici adlar var ki, heç mənasını başa düşmürük. Mən oxudum ki, Türkiyədə hamı Memati adını qoyur uşağına, mənası da "ölüyuyan"dır. Əlbəttə, bu yolverilməzdir".

Sakin: "Öz Azərbaycanlılığımıza xas olan adlar qoyulsa, yaxşıdır, kənar
adlar bizə aid deyil".

Sakin: "Körpələrinə elə ad qoyurlar ki, uşaqlar böyüyəndə utanırlar o addan. Mən müəlliməyəm, sinifdə jurnalı açıb, davamiyyət yoxlayanda uşaq var ki, adından utanır. Məsələn Yanvar, Komsomol, bəzən eləsi var Traktor adı qoyulur. Mən bu adları eşidəndə təəccüb edib, təəssüflənirəm".

Bəzən tarixi və yaxud qədimi adlar da körpələrə verilir ki, bunlara Tomris, Huşəng, Zilxumar, Şəhrəbanu, Keykavus, Kürşad, Rübab və Arçil adlarını misal çəkmək olar.

Folklorşünas Ruziyə Quliyeva: "Elə adlar var ki, tarixin müəyyən bir mərhələsində, dönəmində o adın mənası var, amma sonra o ad tamam mənasını itirir və ad sahibi xəcalət çəkir. Bizim qəhrəmanlarımız var, tanınmış tarixi şəxsiyyətlərimiz var ki, onların adlarını qoymaq məqsədə uyğundur. Ad sahibi o ada layiq olmaq istəyər, ona görə də
məsləhət bilərdim ki, bu cür adları qoysunlar".

Nizami və Kəpəz rayon Qeydiyyat Şöbələrindən verilən digər məlumata görə, Gəncədə doğulan uşaqlara verilən adlar içərisində oğlanlar üçün ən çox yayılmış Yusif və Hüseyn, qızlar üçün isə Fatimə adlarıdır. Məhəmməd, Əli, Həsən, Zəhra, Zeynəb, Rüqəyya, Səkinə adları da üstünlük verilən dini adlardır. Müasir sayılan adlar içərisində isə
Murad, Ayla, Ayan, Aysu və Dəniz adları valideynlər tərəfindən daha
çox seçilir.

Milli.Az