Tanınmış Amerika aktrisası vəfat edib

25 Avqust 2013 18:10
"Oskar" mükafatına namizəd Culi Harris dünən Uest-Çatem şəhərindəki evində 87 yaşında vəfat edib.

Milli.Az Day.Az-a istinadən bildirir Ki, bu barədə onun qohumları məlumat veriblər.

Harris karyerasına teatr aktrisası kimi başlayıb. 24 yaşında, Brodveydə Karson Makkalersin eyniadlı romanı üzrə "Toy iştirakçısı" pyesində oynayarkən şöhrət tapıb. Kinodakı debütü də elə həmin əsərin adı ilə bağlıdır. 1952-ci ildə ekranlaşdırılan "Toy iştirakçısı" filmindəki roluna görə Harris "Oskar" almağa namizəd görüldü. Elə həmin ildə ən yaxşı aktrisa kimi "Toni" mükafatını aldı.  Sonra aktrisa həmin mükafatı daha dörd dəfə alıb.

1955-ci ildə Con Steynbekin "Cənnətdən şərqə" romanı əsasında çəkilmiş eyniadlı filmdə Harrisin ulduzu parladı. Onun tərəf-müqabili tanınmış aktyor Ceyms Din idi. 2005-ci ildə Harris Kennedi adına Vaşinqton İncəsənət Mərkəzinin mukafatı lauretı olub.

2001 və 2010-cu illərdə Harris iki insult keçirib.

Milli.Az