Kulinariya

Patoka əvəzi - 3 resept - FOTO

17 Yanvar 2017 07:00
122 Şərh     Baxış: 7 916
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az patoka əvəzi istifadə ediləcək şərbətin hazırlanma qaydasını təqdim edir

Bir çox qənnadı məhsullarının reseptində "patoka" sözünə rast gələnləri dərd alır ki, bəs bunu satmırlar çox yerdə, nə edim? Məsələn, simit, nan, pastila, qanaş, hətta çörək hazırlayarkən patoka gərək olur. Təqdim etdiyimiz reseptlərlə hazırlaya biləcəyiniz şərbət "patoka", "qənnadı qlükozası", "qlükoza şərbəti", hətta "bal" sözüylə rastlaşdığınız təriflərdə onları tamamilə əvəz edə bilər.   

İş burasındadır ki, onun tərkibi şəkəri kristallaşmağa qoymur. Məsələn, çörək bişirərkən şəkəri patoka ilə əvəz etsəniz, çörək çox şişər, həmçinin gec xarab olar. Cem hazırlayarkən patoka əlavə edəndə xarlamır. Tortların qlazuruna, qanaşa əlavə edəndə onlara əla parıltı, güzgü effekti verir. 

Təqim edəcəyimiz patoka əvəzi bal qatılığında, saxarozadan isə 20% daha şirin alınır. Patoka əvəzini soyuducuda 3 ay saxlamaq olur. 

Resept 1: 

350 q şəkər tozu

155 ml qaynar su

2 q kristallik limon turşusu (duzu)

1,5 q soda

(Fotoda limon duzu ilə sodanın qədəri qaşıqla göstərilib)

Şəkər tozunun üzərinə qaynar su tökün, qarışdıraraq ocağın üzərinə qoyun, qaynara düşəndə limon duzu qatıb 25-35 dəqiqə bişirin ("nazik sap"* alınırsa, hazırdır). Bişdikdən sonra sodanı əlavə edib qarışdırın. Bu, turşunun qalıqlarını "söndürmək" üçündür.  

Şərbəti bişirərkən qalın dibli qazan götürün. Həmçinin bişirərkən ağzına qapaq qoyun ki, suyun buxarlanması çox az olsun. Bundan başqa, plitənizin imkan verdiyi dərəcədə ən aşağı temperaturu seçin, yəni çox vam odda zəifcə qaynamalıdır.  Əks halda şərbət vaxtından əvvəl qaralıb bərkiyəcək. 

Hazır şərbət açıq-saman rəngində olmalıdır. 

Şərbəti ocaqdan götürdükdən 4 dəqiqə sonra 5-10 ml suda həll edilmiş sodanı əlavə edin. Çünki şərbət buna qədər azacıq soyumalıdır. Soda qatandan sonra qarışdırın, çoxlu köpük yaranacaq, 10-15 dəqiqə sonra isə düzələcək. 

Hazır patoka əvəzini şüşə bankaya yığıb ağzını hermetik bağlayıb otaq temperaturunda saxlayın. 

Resept 2: 

300 q şəkər tozu

130 ml su

1 q (1/3 ç.q.) limon duzu

Qalın dibli qazana şəkər tozu töküb qaynar su əlavə edin. Vam odda qarışdıraraq şəkər tozu əriyənədək bişirin, qaynara düşəndə limon duzu əlavə edib qarışdırın. Sonra isə qarışdırmadan ən aşağı temperaturda (vam odda, 107-108 dərəcə C-dək, "qalın sapadək") 25-30 dəqiqə bişirin. 

Hazır şərbət duru bal qatılığında olur, şüşə bankaya töküb saxlayın. 

Resept 3 (430 q patoka əvəzi alınır): 

350 q şəkər tozu

150 ml su

5 ml limon şirəsi

5 q soda

Su, şəkər tozu və limon şirəsini qalın dibli qazana tökün, qarışdıraraq bişirin. Qaynara düşəndə (100 dərəcə) ocaqdan götürün. Ocaqdan götürüb 50 dərəcəyədək soyudun (isti, amma qaynar olmayan həddə). Soda qatıb yaxşıca qarışdırın. Tamamilə soyudun. Üzərindəki köpüyü yığıb şərbəti şüşə bankaya yığıb, ağzını hermetik bağlayın.

* Termometrsiz, "nazik", yaxud "qalın sapı" necə təyin etməli? - Bunun üçün quru qaşıqla şərbətdən götürüb soyuq suya damcıladın. Sonra baş və şəhadət barmağınızla bu damcını cəld cıxıb barmaqlarınızı ayırın. Barmaqlarınız arasında nazik (1-2 mm) və ya qalın (4-5 mm) karamel sapı əmələ gələcək. Bununla da hansı qatılıqda şərbətin hazırladığınızı təyin edirsiniz. 

Nuş olsun! 

Milli.Az

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.