Kulinariya

Mətbəx sirləri: Dörd cür qutab

16 Aprel 2015 07:00
4 Şərh     Baxış: 24 455
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən 4 cür qutabın hazırlanma qaydasını təqdim edir

Ət qutabı

фото

Tərkibi: 

xəmir:

500 q un
duz
su

iç:

500 q mal əti
150 q quyruq
300 q soğan
duz, istiot

Unu ələyib üzərinə duz və su əlavə edib bərk xəmir yoğurun. Xəmir rahat yayılması üçün bir müddət üstüörtülü halda kənarda saxlanılır.

Bu müddətdə içlik hazırlanır. Bunun üçün ət və soğanı ət maşınından keçirib, duz və istiotla yaxşıca qarışdırıb qiymə hazırlayın.

Xəmirdən xırda kündələr tutub, 1 mm qalınlıqda yayın. Yuxanın bir tərəfinə qiymə yaxıb, xəmirin ikinci tərəfini onun üzərinə qatlayıb, qıraqlarını bir-birinə bərkidin.

Qutabları ikitərəfli yağda və ya sacda bişirin. Sacda bişirdiyiniz qutabların üstünə kərə yağı çəkib, hər birini sumaxlayıb nimçədə üst-üstə yığın.

Dəvə qutabı

фото

Tərkibi:

xəmir:

500 q un
duz
su

iç:

500 q dəvə əti
200 q soğan
duz
istiot

Unu dərin bir qaba ələyib üstünə duz və su töküb xəmir yoğurun. İç hazırlamaq üçün ətlə soğanı ət maşınından keçirib üstünə duz, istiot töküb qarışdırın.

Xəmirdən balaca kündələr tutun. Kündənin birini götürüb un səpib oxlovla nazik yuxa yayın. Yuxanın bir tərəfinə iç qoyub yarısını tutan qədər yayın. Yuxanın o biri tərəfini iç qoyduğumuz tərəfin üstünə qatlayıb yanlarını bir-birinə bərkidin. Soba qabına kağız sərib kətələri üzərinə (kağızsız da olar) yığın. Yaxşı bişməsi üçün üstündən 5-6 yerdən çəngəlləyin. Üzünə azca yağ, ya da su çəkin. Tam qızarana kimi sobada qalır.

Qarın qutabı

фото

Tərkibi: 

xəmir:

500 q un
duz
su

iç:

1 kq qarın

300 q soğan
lavaşana və ya nar
duz, istiot

Xəmir üçün ələnmiş una su və duz qatıb bərk xəmir yoğurun.

Dana və ya quzu qarnını isti suda dəfələrlə yuduqdan sonra, soyuq su ilə də yuyun. Sonra qarını soğanla birlikdə ət maşınından çəkib içinə duz, lavaşana və ya nar dənələri əlavə edib qarışdırın.

Xəmirdən böyük kündələr hazırlayıb 1 mm qalınlığında yayıb, boşqab ölçüsündə dairələr kəsin. Dairələrin bir tərəfinə çəkilmiş içlikdən qoyub, o biri tərəfi üstünə qatlayıb, kənarlarını büküb qızdırılmış tavada yağda qızardın.

Balqabaq qutabı

фото

Tərkibi: 

xəmir:

500 q un
duz
su

iç:

500 q balqabaq
2 x.q. şəkər tozu
200 q nar dənəsi
1-2 x.q. şəkər tozu

Balqabağın qabığını soyduqdan sonra yuyub, dördkünc formada xırda-xırda doğrayın. Az su töküb öz buğunda püre şəklinə düşənə qədər bişirin. Sonra üzərinə yağ, duz və dənələnmiş nar da əlavə edib 5-10 dəqiqə qovurun. İçə zövqə görə şəkər tozu töküb qarışdırın. Suyu tamamilə çəkilənə qədər qovurub ocaqdan götürü. Soyuması üçün bir kənara qoyun.

Xəmiri hazırlamaq üçün unun üzərinə su və duz töküb yoğurun. Adi qaydada 1 mm qalınlığında yuxa yayın. Üstünə kasa qoyub dairəvi formalarda kəsin. Dairələrin bir tərəfinə içlikdən qoyub, qatlayıb kənarlarını bərkidin. Hazır qutabları sacda, ya da tavada ikitərəfli bişirin. Bişdikdən sonra içini və üzərini kərə yağı ilə yağlayıb süfrəyə verin.

Nuş olsun!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.