Kulinariya

Mətbəx sirləri: Novruz şirniyyatı

15 Mart 2015 07:00
6 Şərh     Baxış: 19 997
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən Novruz bayramının ən ləzzətli şirniyyatları olan paxlava, şəkərbura və şorqoğalının hazırlanma qaydalarını təqdim edir.

Şorqoğalı

фото

Tərkibi: 

xəmir:

Un - 1 kq
Maya - 50 q
Yumurta - 4 ədəd
Xama - 1 x.q.
Kərə yağı - 100 q
Bitki yağı - 100 q.
Duz - 20 q
Sarıkök - 1 x.q

iç:

Un - 1 kq
Yumurta - 2 ədəd
Duz - 25 q
İstiot - 2 x.q.
Razyana - 1 ç.q.
Cirə - 1ç.q.
Sarıkök - 2 x.q.

İç: Əvvəlcə unla yumurtanı ovub ocaqda bir az qovurun. Sonra yerdə qalan bütün ədviyyatı (toz halında) üzərinə vurub qovurun.

Xəmiri üçün unu ələyin, maya, yumurta, xama, kərə yağı, bitki yağı və duz vurub, yavaş-yavaş qatıb qulaq yumşaqlığında xəmir yoğurun. Xəmir özünə gəlməsi üçün 20 dəqiqə üstüörtülü vəziyyətdə saxlanılır. Sonra kündələyin.

Şorqoğalıda kündələrin sayı mütləq deyil, amma 8-dən də az olmamalıdır. Kündələri nazik-nazik yayıb, hər laya yağ sürtüb, üst-üstə yığın. Yağı sürtdükdə ərinmiş yağ bir qədər ilıq temperaturda olmalıdır ki, rahat çəkilsin. Sonuncu laya yağ sürtülmür. Layları rulet formasında büküb, 2-3 barmaq böyüklüyündə doğrayın. Doğranmış ruletlərin kəsik hissəsindən barmaqla basaraq çuxur açıb, iç qoyub, arxasını bükün. Qoğalları soba tavasına düzüb, səthinə çalınmış yumurta çəkib, xaş-xaş və qaraçörəkotu səpib, 180 dərəcə isidilmiş sobada bişirin.

Şəkərbura

фото

Tərkibi: 

xəmir:

Un - 1 kq
Yağ - 160 q
Xama - 160 q
Yumurta - 3 ədəd
Maya - 10 q
Vanil - 5 ədəd

iç:

Badam -1 kq
Şəkər tozu - 1 kq
Vanil, hil

Təmizlənmiş, qovrulmuş badamı qozçəkən maşından keçirib, şəkər tozu və hil vuraraq qarışdırın.

Unu yağla yaxşıca döyüb üzərinə xama, maya, yumurta sarısını əlavə edərək xəmir yoğurun. Xəmiri soyuducuda 30 dəqiqə saxladıqdan sonra 60 q-lıq kündələrə bölün (yəni kiçik limon böyüklüyündə). Kündələri soyuducudan bir-bir çıxararaq diametri 10-12 sm ölçüdə dairələr yayın. Bu dairələrin arasına iç qoyub, dairənin qıraqlarını yaxşıca bir-birinə yapışdırın və kanarlarını vintvari formada bükün. Üzərinə qənnadı maqqaşı ilə istənilən formalı naxışlar vurmaq olar. Şəkərburanı bəzədikdən sonra bişərkən şişib içərisinin boş qalmaması üçün bir neçə yerdən iynə ilə deşmək lazımdır. İsti sobada 10-15 dəqiqə müddətində üstü qızarmamaq şərti ilə bişirin.

Paxlava

фото

1,5 kq-lıq məcməyi üçün lazım olan ərzaqlar:

xəmir:

Un - 6 st.
Yumurta - 4 ədəd
Kərə yağı - 100 qr
Xama - 200 qr
Gülab

iç:

Qoz - 1200 q
Badam - 300 q
Şəkər tozu - 1 kq
Hil

şərbət:

Şəkər tozu - 500 q
Gülab - 1,5 st.
Limon - 1 dilim
Zəfəran

Əvvəlcə xəmiri hazırlayın. Bunun üçün unu bir qaba ələyib, üzərinə xəmir üçün lazım olan bütün ərzağı töküb yumşaq xəmir yoğurun.

Şərbətin hazırlanması üçün gülab ilə şəkər tozunu bir qazana töküb qaynadın. 10-15 dəqiqə qaynadıqdan sonra içinə bir dilim limon əlavə edin ki, şirə xarlamasın və soyuması üçün kənarda qoyun.

Paxlavanın içini hazırlamaq üçün əvvəlcə qozu qovurub, qabığını təmizlədikdən sonra qozçəkən maşından keçirib üzərinə şəkər tozu və toz halında olan hil əlavə edib qarışdırın.

Kərə yağını əridin.

Yoğurduğunuz xəmirdən 15 kündə tutun. Kündənin ikisi digərlərinə nisbətən bir az böyük ölçüdə (alt və üst lay üçün), qalanları balaca olmalıdır.

Böyük kündədən birini göturub qalın yuxa yayın. Məcməyini kərə yağı ilə yağlayıb qalın yuxanı sərin. Yuxa qabın kənarlarından çıxmalıdır. Tavaya sərdiyiniz yuxanı yağlayıb üzərindən ikinci - balaca kündədən yaydığınız yuxanı qoyun. İkinci yuxanı yağlayıb içdən bir az tökün. Bu qayda ilə bütün qatları düzün. Sonuncu qatı da birincidə etdiyiniz kimi, kiçik yuxadan sonra yağlayıb içlik tökmədən üstündən kənarda saxladığınız böyük kündənin yuxasını sərib, tavanın yanlarındakı xəmirləri bərkidin. Paxlavanı iti bıçaqla eni 4, uzunu 10 sm olmaqla romb şəklində kəsin. Kəsilmiş paxlavanın üstünə ya qənnadı rəngi ilə yumurta sarısı qarışığı, ya da zəfəran suyu ilə yumurta sarısı qarışığını çəkin. Sonra paxlavanın uc hissələrinə xaş-xaş, mərkəzinə isə badam və ya qoz ləpələri düzərək bəzəyin.

Məcməyinin üstünü örtüb əvvəlcədən hazırlanmış ocağa qoyun. Yaxşı olar ki, ocağın közü kənarlara çəkilsin ki, istisi şirniyyatın altını yandırmasın. Bu qayda ilə paxlava vam odda bişir. Buğ çıxanda kəsilmiş aralarına ilıq yağ əlavə edin. Şirniyyat təxminən 50 dəqiqə - içərisindəki şəkər tozu əriyincə vam odda bişməlidir. Hazır olmağa az qalmış ilıq şərbəti üzərinə əlavə edib, 5 dəqiqə daha ocaqda saxlayıb kənara çəkin. Paxlava hazır olduqdan sonra şirəsini özünə çəkməsi üçün 1-2 saat gözləyib, sonra məcməyidən çıxarmaq olar.

Nuş olsun!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.