Kulinariya

Mətbəx sirlərinin şənbə müzakirəsi: Yeni il salatları - FOTO

29 Dekabr 2012 07:00
14 Şərh     Baxış: 45 811
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Yeni il gecəsi"



Tərkibi:


200 q duzlu siyənək
1 baş soğan
2-3 çuğundur
3 duzlu xiyar
4 yerkökü
2 turşməzə alma
150 q bərk pendir
4 kartof
9 yumurta
göyərti
3 x.q. sirkə
0,5 ç.q. şəkər tozu
300 q mayonez
duz
1/4 st. quşüzümü (bəzək üçün, nar da olar)

Siyənəyi 1 sm enində şəridlərə doğrayın.
Soğanı nazik halqa doğrayıb 3%-li sirkə və şəkər tozunun qarışığında 5 dəqiqə marinə edin.
Çuğundur, kartof və yerkökünü qaynadıb soyudun, təmizləyin, sürtgəcin iri gözündən ayrı-ayrı qablara keçirin. İki bişmiş yerkökünü isə bəzək üçün saxlayın.
Almaları yuyub qabığını soyun, cecəyini çıxarıb sürtgəcdən keçirin.
Yumurtaları bişirin, 3 yumurtanı sürtgəcin iri gözündən keçirin.
Lay-lay düzün:
siyənək + soğan + göyərti + çuğundur + mayonez + doğranmış xiyar + sürtgəcdən keçirilmiş yerkökü + alma + pendir + kartof + mayonez + yumurta ağı (bu, "qar"dır).
"Siferblat" düzəltmək üçün 6 yumurtanı ortadan bölüb, ağlarını salatın dövrəsi boyu düzün, üstünə yerköküdən rum rəqəmləri "yazın".
Quşüzümü və göyərti ilə bəzəyin.

Salatın başqa cür tərtibat qaydası:




"Bayram şamı"
 



Tərkibi:


2 bişmiş kartof
3 bişmiş yumurta
200 q soğanla qovrulmuş qiymə (mal ətindən)
150 q bərk pendir
100 q mayonez və ya çox qatı xama

bəzək üçün:
şüyüd
qırmızı və sarı bolqar bibəri
bişmiş yerkökü

Kartofu yuyub qabıqlı bişirin, təmizləyib sürtgəcin iri gözündən keçirin. Azca duzlayıb boşqaba şəkildə göstərildiyi formada yerləşdirin. Üzərinə mayonez çəkin.
Soğanla qovrulmuş qiyməni qoyun, mayonez çəkin.
1 yumurtanın ağını və sarısını bəzək üçün saxlayın, qalan yumurta ağını sürtgəcdən keçirin, salatın üstünə səpin. Azacıq mayonez çəkin.
Sürtgəcdən keçirilmiş pendir və yumurta ağı səpin (şəkildəki kimi).
"Şamın" "fitil"ini qara gavalıdan kəsdiyiniz nazik şəriddən düzəldin.
Atəş: sürtgəcdən keçirilmiş pendirin üstünə sürtgəcdən keçirilmiş yumurta sarısı, sonra sürtgəcdən keçirilmiş yerkökü tökün, üstünə qırmızı bibərdən kəsdiyiniz bir parçanı qoyun.
Fitilin ətrafına yumurtanın ağını dairəvi şəkildə, qalan yerinə isə sürtgəcdən keçirilmiş pendir səpin. bir tərəfinə şüyüddən "budaqlar" döşəyin. Qırmızı bibərdən bant kəsib salatın üzərinə yerləşdirin.















"Romantik axşam"



Tərkibi:

300 q kolbasa
100 q ağ çörək suxarısı (sobada yağ əlavə edilməklə qurudulmuş)
1 böyük pomidor
1 böyük xiyar
200 q pendir
250 q mayonez
1 qırmızı bolqar bibəri
1 sarı bolqar bibəri
göyərti
duz

Yastı qaba salatı lay-lay düzün, hər layın arasına mayonez çəkin:
Suxarı + kubik doğranmış kolbasa + kubik doğranmış pomidor + kubik doğranmış xiyar + qırmızı və sarı bibərlərin yarısı + sürtgəclən keçirilmiş pendir.

Sonra fotodakı kimi bəzəyin.




"Çələng"



Tərkibi:

200 q (1 banka) tuna balığı konservi
2 bişmiş yerkökü
3 bişmiş kartof
1 təzə xiyar
2 yumurta
mayonez

bəzək üçün:
göy soğan
çerri pomidoru
ağ turp

Dairəvi boşqabın ortasına banka və ya stəkan qoyun. Onun ətrafında isə lay-lay düzün:

1 kartof + tuna balığı + mayonez (yüngülcə çarpaz xətlər çəkin) + yerkökü + yumurta + xiyar + kartofun qalanı.

Mayonez çəkib xırda doğranmış göy soğan, çerri pomidoru və ağ turpdan kəsdiyiniz şəridlərlə bəzəyin.

Başqa cür də bəzəyə bilərsiniz:




"Qoza"



İstənilən salatı, yaxud paşteti şam qozası formasında badamın köməyilə bəzəyə bilərsiniz. Bunun üçün salatın üzərinə xama və ya mayonezlə qarışdırılmış sürtgəcdən keçirilmiş ərinmiş pendir çəkin, qoza formasında boşqaba qoyun, badamları "şahmat" qaydasında, iti ucu bayıra olmaq şərtilə salata batırın. Budaq qismində rozmarindən istifadə edə bilərsiniz.  


"Ürək"



Tərkibində çuğundur olan salatları (məsələn, siyənəkli şuba) və paşteti bu formada bəzəmək olar. Salatın üzərinə sürtgəcdən keçirilmiş çuğundurla mayonez və ya xamanın qarışığını çəkin, hamarlayın, sonra isə zövqünüzə görə bəzəyin.


"Qar adamı"



Bu omletli tortu hazırlamaq üçün lazım olan ərzaq:

11 yumurta (10-u omlet, 1-i bəzək üçün)
4 ç.q. buğda unu
4 x.q. qaymaq
200 q bərk pendir - krem üçün + 4 x.q. - omlet üçün
3 x.q. tomat sousu
duz
4-5 x.q. mayonez
3 diş sarımsaq
2 x.q. göyərti
80 q ispanaq (dondurulmuş)
qırmızı acı bibər (tozu, istəyə görə)
40 q çərdəksiz zeytun
1 bişmiş yerkökü
1 bişmiş çuğundur
mixək (zövqə görə)
1 yaşıl turp

Əvvəlcə 4 müxtəlif rəngli omlet hazırlayın. Bunların rəngi tortun laylarına görə bu qaydada olacaq: qırmızı-narıncı, sarı, yaşıl, ağ. Ağ lap üstdə olacaq.
4 yumurtanın ağını sarısından ayırın. Yumurta ağını çalın (sarılar isə sarı rəngli omlet üçün qalacaq), çala-çala 1 x.q. sürtgəcdən keçirilmiş bərk pendir, 1 x.q. q qaymaq, 1 ç.q. un, duz əlavə edin. Çalıb bitirdikdə halqa doğranmış zeytun əlavə edin, qarışdırın.

Ağ omleti tavaya tökün, qapağını örtüb bişirin. Soyudun.

Sarı omlet: ayırdığınız 4 yumurta sarısını çalın, 1 ç.q. un, 1 x.q. qaymaq, 1 x.q. sürtgəcdən keçirilmiş pendir, duz əlavə edin, yenə çalın. Tavaya töküb qapağını örtərək bişirin. Soyudun.

Yaşıl omlet: 3 yumurtaya 1 ç.q. un, 1 x.q. qaymaq, 1 x.q. sürtgəcdən keçirilmiş pendir və ispanaq, duz əlavə edin, çalın. Tavaya töküb qapağını örtərək bişirin. Soyudun.

Qırmızı-narıncı omlet: 3 yumurtaya 1 ç.q. un, 1 x.q. qaymaq, 1 x.q. sürtgəcdən keçirilmiş pendir, qırmızı acı bibər, 3 x.q. tomat sousu əlavə edin, çalın. Tavaya töküb qapağını örtərək bişirin. Soyudun.

Krem: pendiri sürtgəcin xırda gözündən keçirin, əzilmiş sarımsaq və mayonezlə qarışdırın. Kremin 2/3-nə xırdalanıb əzilmiş göyərti əlavə edin - bunu layların arasına çəkəcəksiniz (yaşıl krem), 1/3 ağ hissə isə tortun üstünü bəzəmək üçün lazımdır.

Tortu yığın:

1. Buluda qırmızı-narıncı omleti qoyun. Üstünə yaşıl krem çəkin.
2. Sarı omleti qoyun, yaşıl krem çəkin.
3. Yaşıl omlet qoyub, yaşıl krem çəkin.
4. Sonuncu, ağ omleti qoyub üstünə və tortun böyürlərinə ağ krem çəkin.

Üstünü bəzəyin:
1 bişmiş yumurtanın ağını və sarısını ayırın. Ayrılıqda sürtgəcdən keçirin. Yumurta sarısından Qar adamının fiqurunun əsasını hazırlayın.
Fiqurun üstünə yumurta ağını səpin.
Bişmiş yerkökünü sürtgəcdən keçirin. Onun köməyilə Qar adamına papaq, şarf, əlcəklər və çəkmə düzəldin.
Bişmiş çuğunduru sürtgəcin xırda gözündən keçirin, ondan xizək və Qar adamına ağız düzəldin.
Gözlərini mixəkdən, burnunu yerköküdən düzəldin.
Yaşıl turpdan uzun nazik şəridlər kəsib yolka düzəldin (xiyarın bərk hissəsindən də istifadə etmək olar).
Bişmiş yerkökündən ulduzlar kəsib, salatı bəzəyin.
Ürəyiniz istəyən başqa formada da bəzəyə bilərsiniz.

































"Yolka"



Tərkibi:

200 q krevetka
100 q qaymaqlı pendir
1 bişmiş, yaxud hisə verilmiş toyuğun döş əti
1 qırmızı soğan
3-4 yumurta
1 göy alma
150 q pendir

arasına:
mayonez + xama + xardal (qədəri və nisbəti - zövqünzüə görə)

bəzək üçün:
sürtgəcdən keçirilmiş yumurta ağı
şirin yaşıl bibər
cəfəri
nar dənələri

Salatı lay-lay düzün:
xırda doğranmış toyuq əti + xırda doğranmış soğan + xırda doğranmış yumurta (bir qədər yumurta ağını bəzək üçün saxlayın) + sürtgəcin iri gözündən keçirilmiş alma + sürtgəcdən keçirilmiş pendir.

Salatın üzərini sürtgəcdən keçirilmiş yumurta ağı, yaşıl bibər, cəfəri və nar dənələri ilə bəzəyin.





Eyni reseptdən istifadə edib belə salatlar da düzəldə bilərsiniz:








"Siyənəkli şuba"
 


Ənənəvi "şuba" salatını müxtəlif tərtibatlarla hazırlamaq olar.

Tərkibi:

1 bişmiş çuğundur
2 bişmiş yumurta
2 siyənək
100 q mayonez
4 bişmiş kartof
1-2 bişmiş yerkökü

Siyənəyin filesini xırda doğrayın, bişmiş kartofu, çuğunduru, yerkökü və yumurtanı isə sürtgəcin iri gözündən keçirin.
Yastı buluda, arasına mayonez çəkməklə lay-lay düzün:
kartof + siyənək + yumurta + çuğundur və s.
Sonuncu, üst layı gözəllik üçün çuğundurdan edin. Mayonez çəkin. Yumurta ağı, sarısı, yumurtadan kəsilən güllər, göyərti və s. ilə bəzəyin. 

Niyə "şuba"?

Burada bir haşiyə çıxaq. Bəlkə də, bu salat barədə yazını oxuyan adam: "Niyə şuba yazmısınız, bu azərbaycanca "kürk" deməkdir", - fikirləşəcək.
Elədir. Amma bu salatla yox.
Populyar rus salatı şubanı tacir, Moskvada bir neçə yeməkxananın sahibi Anastas Boqomilov fikirləşib. İnqilab vaxtı onun yeməkxanalarına gələnlər içər, dalaşar, stəkan-nəlbəkini, boşqabları, mebeli sındırardılar. O vaxt tacir milli bir qəlyanaltı hazırlamağı qət etdi: bu, milli ruhu özündə əks etdirməli və insanları birləşdirməli idi. Təbii ki, "proletar" ərzaqlar onun əsasını təşkil etməli idi: kartof, soğan, yerkökü, üstündə isə proletariatın bayrağı olan qırmızı çuğundur. Sovet hökumətinin düşməni unudulmasın deyə salata fransız mayonezini də daxil etdi. Tacirin ideyası əla alındı: yaxşı qəlyanaltı, doğrudan da, müştəriləri cəlb elədi, baş qarışdı yeməyə-içməyə, dava-dalaş yaddan çıxdı.
O zaman tacir salata ad verdi - "Шовинизму и Упадку - Бойкот и Анафема" (ШУБА - ŞUBA), yəni "Şovinizm və bədbinliyə - boykot və bidət".
 
Bax belə. Boqomilovu rahat buraxaq, keçək şubanın tərtibatına. Bu şəkillərə baxıb onlardan birini seçərək "şuba"nızı bəzəyə, yaxud onların əsasında özünüz başqa tərtibatlar fikirləşib tapa bilərsiniz.










































"Şuba" ruleti



Tərkibi:
 
2 orta boy bişmiş çuğundur
1 böyük bişmiş yerkökü
2 orta boy bişmiş kartof
100 q qaymaqlı pendir
150 q mayonez
1 az duzlu siyənək
5-10 q jelatin (keyfiyyətindən asılı olaraq)

Tərəvəzləri yuyun, qaynadıb təmizləyin.
Jelatini 1/4 st. soyuq suda isladın, sonra su hamamında 30-40 dəqiqə saxlayın (qarışdırın, qətiyyən qaynatmayın). Sonra soyudub mayonezlə qarışdırın.
Çuğunduru və yerkökünü ayrılıqda sürtgəcin xırda, kartofu isə iri gözündən keçirin. Bunları azca duzlayın.
Siyənəyin sümüyünü təmizlədikdən sonra doğrayın.
Masanın üstünə qida plyonkası sərin (bir neçə sıra, bir neçə qat). Yaxşı olar ki, plyonkanın altından da dəsmal qoyasınız, ruleti bükmək daha asan olar.

Çuğundura 3-4 qaşıq jelatinli-mayonezli kütlə əlavə edib qarışdırın, sonra plyonkanın üstünə dördbucaq şəklində yayın.
Məsləhət: yaxşı olar ki, çuğunduru qoymazdan əvvəl plyonkanın üstünə xırda doğranmış şüyüd, yaxud başqa bəyəndiyiniz göyərti səpəsiniz, bu həm ruleti dadlandıracaq, həm də salatın plyonkaya yapışmasının qarşısını alacaq.
Diqqət! Bundan sonrakı hər layı daha kiçik həcmdə çəkin.
İkinci lay 2-3 x.q. jelatinli-mayonezli qarışıq əlavə olunmuş qaymaqlı pendirdir. Bunun üçün pendiri su hamamında yumşalınca qızdırın, sonra jelatinli-mayonezli kütləylə qarışdırıb çuğundar layının üstünə isti-isti çəkin. 
Üçüncü lay: sürtgəcdən keçirilmiş kartofa 2-3 x.q. mayonezli-jelatinli qarışıq əlavə edib pendirin üstündən çəkin.
Dördüncü lay: sürtgəcdən keçirilmiş yerköküyə 2-3 x.q. mayonezli-jelatinli qarışıq əlavə edib kartofun üstündən çəkin.
Beşinci lay: yerkökülü layın ortasına siyənək tikələrini düzün.        
Sonra ehtiyat və səliqəylə plyonkanın qıraqlarını qaldıraraq rulet kimi bükün (köməkçiniz olsa, pis olmaz). Çalışın, plyonka salatın içinə düşməsin.
Sonra plyonkanın qıraqlarını birləşdirin, artıq hissəsini qayçıyla kəsin. Sonra folqaya büküb bir neçə saat soyuducuda saxlayın. Donub bərkiyəndən sonra folqanı və qida plyonkasını çıxarın. İti bıçaqla doğrayın.




















Jeleli "şuba"



Burada da adi şuba üçün istifadə olunan ərzaqlar götürülür, zövqünüzə görə cəfəri və ya şüyüd əlavə edə bilərsiniz. Hər bir tərəvəzə isə ayrılıqla mayonezli-jeleli kütlə ilə qarışdırılır, sonra üst-üstə düzülür.
Tərəvəzləri kubik doğraya bilərsiniz. Bu salatı xüsusi formalı (ürək, dördbucaq və s.) dərin qablara yığanda çox gözəl alınır.

Laylar:
göyərti + çuğundur + kartof + xırda doğranmış soğanla qarışdırılmış siyənək + çuğundur.

Soyuducuda 2-3 saat saxlayın. Qabı 2-3 saniyəliyə qaynar suya salın, sonra ağzına enli bulud tutun, cəld çevirin, formanı çıxarın.














Yuxanın üstünə mayonez və ya xama ilə qarışdırılmış sürtgəcdən keçirilmiş çuğundur çəkib rulet kimi bükün, sonra nazik doğrayıb, salatın üstünə düzün, qızılgül səbətinə bənzəyəcək.




"Vineqret"








"Natali"



Tərkibi:

1 st. bişmiş düyü
200 q xırda doğranmış qara gavalı
350 q hisə verilmiş toyuğun döş əti
2 baş soğan
500 q şampinyon
300 q pendir
2 bişmiş yumurta
2 təzə xiyar
mayonez

bəzək üçün:
ərinmiş pendir (hazır doğranmış)
yerkökü
göyərti

Təzə şampinyonları və soğanı jülyen (saman kimi) doğrayıb qovurun.
Toyuğu, qara gavalını, xiyarı da jülyen doğrayın.
Pendir və yumurtanı sürtgəcin iri gözündən keçirin.
Bu salat üçün enli yastı bulud götürün. Lay-lay düzün:
düyü + duz + qara gavalı + mayonezlə qarışdırılmış toyuq əti + soğanla qovrulmuş şampinyon + pendir, yumurta və mayonezin qarışığı + xiyar + mayonez.
Ərinmiş pendir dilimlərini künclərindən qatlayın, ortasına yerkökündən kəsdiyiniz şərid yerləşdirin, salatın üstünə düzün, göyərti ilə bəzəyin.

Nuş olsun!

Milli.Az 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.