Ermənistan-Azərbaycan münaqişəsi

Azərbaycanın 500-800 milyon kv.m ərazisi təhlükəlidir

3 Avqust 2015 14:45
Baxış: 869
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Keçmiş poliqonlar, partladılmış sursat anbarları, ərazilərə səpələnmiş sursatlar bu gün Azərbaycan üçün ciddi problemlər yaradır.

Trend-in məlumatına görə, Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov Trend Beynəlxalq İnformasiya Agentliyinin Mətbuat Mərkəzində bu gün keçirdiyi mətbuat konfrasında bildirib ki, hazırda Azərbaycanda keçmiş poliqonlar, partladılmış sursat anbarları, ərazilərə səpələnmiş sursatlar olan bir neçə ərazi var: "Saloğluda, Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsində, Güzdəkdə, Ceyrançöldə çoxlu sayda PHS üzə çıxıb. Samux rayonunda sovet ordusundan qalma aviabombalar aşkarlanıb ki, bunlar da mülki əhali ücün olduqca təhlükəlidir".

H.Səfixanov deyib ki, kecmiş Dağlıq Qarabağ Muxtar Vilayətində və onun ətrafındakı yeddi rayonda aktiv döyüş əməliyyatları gedib. Beynəlxalq təcrübə, xüsusən də Balkan yarımadasındakı təcrübə göstərir ki, belə ərazilərin təqribən 4-6%-i mina və partlamamış hərbi sursatlarla (PHS) çirklənmiş hesab olunur.

O bildirib ki, bunlar nəzərə alınsa, işğal altındakı ərazilərin təxminən 500-800 milyon kvadratmetri şübhəli və təhlükəlidir.

Azərbaycan ərazilərində kasetli silahlarla bağlı problemin Ermənistanın başladığı müharibənin nəticəsi olduğunu nəzərə çatdıran Birlik sədrinin sözlərinə görə, hazırda dünya ölkələrinin 60%-i (117 ölkə) BMT-nin "Kasetli Silahlara dair Konvensiya"sının (3 dekabr 2008-ci ildə Oslo şəhərində imzalanıb) üzvüdür. Cənubi Qafqaz ölkələrinin də daxil olduğu 80 dövlət hələ ki, bu Konvensiyaya qoşulmayıb. Konvensiyanı imzalamış dövlətlər 10 il ərzində ərazisindəki bu silahların təmizlənməsini başa çatdırmalı, 8 il ərzində isə anbarlarındakı ehtiyatları məhv etməlidir. Bu Konvensiya qüvvəyə mindikdən sonra 18 dövlət kasetli silahlar istehsal etməkdən imtina edib, 1 160 000 kasetli silah məhv edilib ki, bunlar da özündə 140 milyon sub-sursatı əhatə edirdi. Onlarla dövlət bu silahların istehsalına investisiyalar qoymaqdan imtina edib: "Bu növ silahların qadağan olunmasına məsul olan beynəlxalq təşkilatlar bu il 7-11 sentyabr tarixlərində Dubrovnik (Xorvatiya) şəhərində ilk İcmal Konfrans keçirəcəklər. Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyi Xarici İşlər Nazirliyindən xahiş edir ki, ilk İcmal Konfransında mümkün qədər yüksək səviyyə təmsil olunsun və silahlara qarşı aparılan işlər barədə rəsmi məlumat verilsin".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.