Ermənistan-Azərbaycan münaqişəsi

Cəbhə xəttində atışma: 3 əsgərimiz şəhid oldu - YENİLƏNİB

18 Fevral 2010 20:47
Baxış: 4 555
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
20:47

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıxov ANS-ə açıqlamasında qarşı tərəfin Azərbaycan Silahlı Qüvvələrinin apardığı təlimlərlə əlaqədar xüsusi fəallaşdığını qeyd edib və xəbəri təsdiqləyib.

N.Sadıxov bildirib ki, Azərbaycan tərəfindən adekvat tədbirlər görülüb.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu isə bildirib ki, həqiqətən də bu gün atışma baş verib. "Milli Ordunun 3 əsgəri şəhid olub. Bir nəfər isə yaralıdır. Hazırda onun vəziyyəti kafidir",- deyə o vurğulayıb.

O həmçinin bildirib ki, qarşı tərəfin itkisi bizdən az deyil.


18:57:

Trend News-un bölgə müxbirinin verdiyi məlumata görə, həlak olanlar Fərəcov Xəyal (Masallı rayon Hərbi Komissarlığı), Məmmədov Sahil (Şəki RHK) və Rüstəmov Davuddur (Xaşmaz RHK).
Yarlıların adları dəqiqləşdirilir.

18:19

Trend News-un hərbi mənbələrə istinadən yaydığı məlumata görə, təmas xəttindəki atışmada Azərbaycan Ordusunun üç əsgəri şəhid olub, iki əsgər yaralanıb. Onların hamısı snayper gülləsinə tuş gəliblər. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

17:36


APA-nın xəbərinə görə, Ermənistan Silahlı Qüvvələrinin Ağdam rayonu istiqamətində atəşkəs pozması nəticəsində yaralanan hər iki əsgərimiz şəhid olub.

Masallı rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış Fərəcov Xəyal Bəşər oğlu hərbi hospitala çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Ermənilərin Goranboy rayonunun Tapqaraqoyunlu kəndi istiqamətində atəşkəsi pozması nəticəsində yaralanmış Azərbaycan əsgəri Sahil Novruz oğlu Məmmədov da dünyasını dəyişib.

16:50


APA-nın xəbərinə görə, Tərtər rayonunun Borsunlu, Qapanlı, Goranboyun Tapqaraqoyunlu, Ağdamın keçmiş Gülçülük sovxozu adlanan istiqamətində atışma davam edir.

Ermənilərin Goranboy rayonunun Tapqaraqoyunlu kəndi istiqamətində atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri Sahil Məmmədovun yaralandığı bildirilir. Məlumata görə, yaralanan əsgər hərbi hospitala yerləşdirilib. Onun vəziyyəti kafi qiymətləndirilir.

Azərbaycan Ordusunun daha bir əsgəri - Fərəcov Xəyal Bəşər oğlu isə ermənilərin Ağdam istiqamətində açdığı atəş nəticəsində yaralanıb. Məlumata görə, Masallı rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan əsgərin vəziyyəti ağırdır.

15:43


Bu gün saat 13:00 radələrində Ermənistan silahlı qüvvələri Tərtərin işğal altında olan Talış kəndi ərazisində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində yerləşən mövqelərini atəşə tutub.

ANS PRESS-in Qarabağ bürosunun məlumatına görə, açılan atəş nəticəsində Azərbaycan Milli Ordusunun bir əsgəri yaralanıb.

Yaralı əsgərimiz yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Onun hazırkı vəziyyəti barədə hələ ki dəqiq məlumat yoxdur.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.