Maraqlı

Dahi yazıçının üç qadını – xəstə, feminist, mələk...

23 Noyabr 2014 19:32
0 Şərh     Baxış: 1 473
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dostoyevskinin həyatı heç də çılğın macəralar və xırda eşqbazlıq romanlarıyla zəngin deyil: Fyodor Mixayloviç qadınlarla münasibətdə qorxaq və cəsarətsiz idi. O, məhəbbət və ona meyil edən tanımadığı gözəl xanımlar haqqında saatlarla danışa bilərdi, ancaq məsələ gəlib təxəyyülündəki deyil, canlı qadınla görüşə dirənəndə sıxılır və gülünc vəziyyət alırdı.

"Doğrudur, qadınlara qarşı cəsarətsizəm, onlardan tamamilə soyumuşam, daha doğrusu, heç vaxt onlara yaxın olmamışam, axı mən tənhayam... Hətta onlarla necə danışacağımı da bilmirəm", - gənc ədib yazırdı.

Dostoyevski hətta ilk seksual "təcrübəsini" fahişəxanada "qazanmışdı". Yazıçı sonralar buna görə özünü dərindən qınayır və məzəmmət edirdi. O, özünün bütün böyük əsərlərində fədakarlıq və iztirabla yoğrulmuş məhəbbətin uğursuzluqlarından bəhs ediridi: təntənə çalan, xoşbəxt və kişisayağı əmin bir sevgini o, təsvir edə bilmirdi. Onun həyatında çox az qadın vardısa da, yaşadığı macəralar ehtiras, iztirab və imüdsizliklərlə dolu idi. Lakin bütün bunlara baxmayaraq, Fyodor Mixayloviçə həyatını onu gerçəkdən sevən və son nəfəsinədək sadiq olan qadının yanında başa vurmaq səadəti nəsib oldu.

Ehtiraslı və zərif

Onun qadına qarşı ilk ciddi və gerçək duyğuları ancaq 33 yaşında, Semipalatinskə sürgün olunan dövrlərdə baş qaldırdı. Yazıçı burada ərli xanım Mariya Dmitriyevna İsayevaya rast gəlir. Onun içki düşkünü olan əri xidməti pillələrlə aşağı diyirlənərək həmin illərdə Semipalatinskinin də yuvarlandığı lap dibdə bənd almışdı.

Mariya Dmitriyevna orta boylu, arıq, sarışın, gözəl qadın idi. Ehtiraslı və coşqun xarakterli bu qadının görkəmi olduqca zərif, bir qədər də xəstəhal idi və bununla da Dostoyevskiyə öz anasını xatırladırdı. Mariya kifayət qədər məlumatlı, təhsilli, hər şeylə maraqlanan, dünyagörüşlü və həssas idi.

Üzünün zərifliyi, cisminin incə, ruhunun kimsəsizliyi sanki insanı ona köməyə qoşmağa, onu bir körpə kimi qorumağa səsləyirdi. Mariya Dmitriyevna çox əsəbi idi, hətta bəzən əsəbiliyi isteriya həddinə çatırdı. Ancaq Dostoyevski, xüsusilə də münasibətlərinin erkən çağlarında onun əhvalının dəyişkənliyində, səsinin qırılmasında və göz yaşlarında dərin və yüksək hislərin əlamətlərini görürdü.

Fyodor Mixayloviç dəlicəsinə vurulmuşdu. Bu vaxta qədər onun rəfiqəsi, sevgilisi və zövcəsi olmamışdı. O, Mariya Dmitriyevnaya mələk kimi baxırdı. Bu xanımın bədbəxt ailə həyatından doğan mənəvi iztirabları onun yanında olmaq, ona yardım etmək arzusunu qarşısıalınmaz bir istəyə çevirirdi.

Mariya Dmitriyevnanın ərinin vəfatından sonra Dostoyevski ona evlənməyi təklif edir. Onların evliliyi xanım İsayevanın əzablı çırpıntılarının son həddə çatdığı dönəmlərdə baş tutdu. Hansısa aydın olmayan səbəbdən Mariya daima Dostoyevskiyə işarə edirdi ki, onun başqa kişilərlə də münasibəti var, o, seçim edir, Fyodor Mixayloviçi sevmir...

Yazıçı daim əsəbi gərginlik içərisində idi, çırpınır, əzab, iztirab çəkirdi. Ancaq axır ki, 1857-ci ildə evlənirlər...

Bu, çox qəribə bir nikah idi. Ər-arvadın əhvalları və arzuları, demək olar ki, heç vaxt üst-üstə düşmədi. Mariya Dmitriyevnanın yaratdığı gərgin, əsəbi durumda Dostoyevski özünü daim müqəssir hesab edirdi. Bu hiss bəzən konsulsiv və xəstə ehtiras, çılğınlıq burulğanı ilə əvəzlənirdi. Mariya Dmitriyevna isə buna ya qorxu, ya da soyuqqanlı cavab verirdi. Onların hər ikisi də daimi mübarizədə bir-birini qıcıqlandırır, işgəncə verir və üzürdülər. Bal ayı təəssüf və kədər içərisində, nədəsə, o cümlədən seksual həyatda da üzücü və nəticəsiz harmoniya axtarışı ilə keçir.

Bir müddət sonra cütlük Tverə köçür. Və məhz orada Dostoyevskinin nikahı tam iflasa uğrayır. Yazıçının öz həyatı var idi, Mariya Dmitriyevna bu həyata daxil ola bilmədi, onun bura heç bir aidiyyəti yox idi. Yazıçı gəzir, yazır, jurnal çıxardır, bir çox şəhərlərdə olur. Və bir dəfə də səfərlərin birindən qayıdarkən arvadını yataqda görür. O, vərəmə tutulmuşdu. Mariya əzab-əziyyət içində çırpınırdı. O, 1864-cü il aprelin 15-də huşu-halı tam özündə ikən, hamıya halallıq verərək sakitcə gözlərini əbədi yumdu. 

Feminist qadın

1861-ci ildə, Mariya Dmitriyevnanın ölümünə hələ 3 il qalmış artıq yazıçı kimi məşhurlaşmış 40 yaşlı Dostoyevski mühazirə oxuduğu universitetin azad dinləyicisi Appolinariya Suslova ilə tanış olur. O, Dostoyevskinin ətrafında fırlanır və ona hər cür yarınmağa çalışırdı. Lakin yazıçı sanki bunu görmürdü. Belə olan halda Appolinariya ona sevgi məktubu yazmaq qərarına gəlir. Yazıçı məktubu kağızlarının arasından tapır. Məktub çox sadə, sadəlövh və poetik yazılmışdı. Ehtimal etmək olardı ki, onu cəsarətsiz, böyük yazıçının dahiliyindən sanki gözləri tutulmuş gənc qız yazıb. Mütəəssir olmuş Dostoyevski məktubu oxuyur və tezliklə tarixə "məhəbbət- nifrət" adıyla düşmüş sevgi romanı yazılmağa başlayır. Əvvəlcə bu ilişki, görünür, sevgi cütlüyünün hər iki qanadını məhvə sürükləyən, düşünmək üçün zaman və gücə macal verməyən bir fırtına kimi başlayır. Lakin zamanla mənzərə dəyişir... Appolinariya özünü feminist qadın hesab edirdi. O yaşda olan qadınların çoxu kimi Polina da düşünürdü ki, bir halda ki, o, qadının azadlıq hüququna dair mülahizələri bölüşür, elə bununla da artıq azad olur və öz-özlüyündə mövhumat da, çoxəsrlik "ailə" əxlaqı da məhv olur. Çox tezliklə, bütün nəzəriyyələrin əksinə olaraq, Suslova Dostoyevskidən "vərəmli arvadından" ayrılmasını tələb edir.

Zövcəsinin ölümündən sonra Dostoyevski Appolinariya Suslovaya evlənmək təklifi edir, lakin xanım rədd cavabı verir. Və onların münasibətləri əsəbi, qeyri-aydın, iztirablı bir ilişki kimi qalmaqda davam edir.

Suslova daim Dostoyevskini laqeydlikdə ittiham edirdi. Fyodor Mixayloviç onun haqqında belə yazırdı: "Appolinariya xəstə xudpəsənddir. Eqoizm və özünəvurğunluq onda həddindən artıqdır. O, insanlardan hər şeyin kamilini tələb edir, azacıq qüsuru belə bağışlamır, özü isə insanlara qarşı ən cüzi sorumluluqlarını belə yerinə yetirmirdi".

Macəraları bitəndən sonra Appolinariya Suslova onu gözdən salan kağızların çoxunu, o cümlədən yazıçının məktublarını da yandırdı. Beləliklə də onların coşqun münasibətlərinin sirləri tədqiqatçılar üçün yalnız ehtimallar və gümanlar üçün sönük bir iz qoyaraq tarixə gömüldü. Tənqidçilər böyük klassikin "iblisanə, məkrli" qadın obrazlarında - Polina ("Qumarbaz"), Anastasiya Filippovna ("İdiot"), Katerina və Qruşenka ("Karamazov qardaşları") Appolinariyanın cizgilərini axtarırlar. Artıq Appolinariyadan ayrılan Dostoyevski yazır: "Mən onu indiyədək sevirəm, çox sevirəm, ancaq artıq sevmək istəməzdim".

Sonralar Suslova gənc, gələcəyin məşhur filosofu Vasili Rozanova (Suslovanın 40, Rozanovun isə 24 yaşı var idi) ərə gedir. Onlar bir neçə dəfə ayrılmalı olurlar, Suslova filosofu da bəs deyincə əzab-əziyyətlərə məhkum edib, düz 20 il boşanmağa icazə verməyərək onu zinhara gətirib. 

Üçüncü dəfə... - xoşbəxt sonluq

Ancaq Dostoyevskinin taleyində xoşbəxt günlər də var imiş: stenoqrafist-köçürücü, 1867-ci ildə yazıçının zövcəsi olmuş Anna Qriqoryevna Snitkina üçün Fyodor Mixayloviç həyatın mənası və kainatın mərkəzi idi.

Appolinariya Suslova bu barədə heç nə bilmirdi və anın birində qüssədən, kədərdən, niskildən üzüləndə keçmiş sevgilisinə uzun-uzadı intim məktub yazaraq darıxdığını söyləyir, səhhətindən, ətrafındakı insanlardan şikayət edir... Toy səyahəti zamanı Annanın əlinə keçən bu məktub onun qəlbində qısqanclıq, iztirab və qorxu qığılcımlarını alovlandırır. "Məktubu oxuyanda elə həyəcanlandım ki, bilmədim nə edim. Mən tir-tir əsirdim, uçuna-uçuna ağlayırdım. Qorxurdum ki, köhnə bağlılıq yenilənər və Fedinin mənə olan sevgisi ötüb keçər. İlahi, belə bir bədbəxtliyi mənə göstərmə!" - Anna Qriqoryevna keçirdiyi üzüntüləri beləcə kağıza köçürmüşdü. Onun xatirələrində deyilir ki, Fyodor Mixayloviç Polinanın məktubunu oxuyanda əlləri əsir, gözləri yaşla dolurdu. Ancaq Polinaya geri qayıtmaq Dostoyevskinin heç ağlına da gəlmirdi.

Və məhz bu qərar Dostoyevski üçün böyük uğur olur, çünki Anna Qriqoryevna onun həm dostu, həm ilk oxucusu və tənqidçisi, məsləhətçisi olur, ömrünün sonunadək hər işdə, hər əməldə yazıçının qoruyucu mələyinə çevrilir. Yazıçının bütün qohum-qardaşının, xüsusilə də oğulluğunun (birinci arvadı Mariya İsayevanın oğlu Paşa) inadla və hər vasitə ilə qarşı çıxdıqları bu birlik Fyodor Mixayloviçə gündəlik qayğı və ailə həyatının sevgisi ilə tamamlanmış hüzur və xoşbəxtliyi dadmaq səadəti nəsib etdi. Məişət məsələlərindən qətiyyən başı çıxmayan, sadəlövh və tez inanan, istənilən xahişə etirazsız-filansız hay verən Fyodor Mixayloviç bütün əmlak qayğılarını Anna Qriqoryevnaya həvalə etmişdi. Daha doğrusu, Anna bu yükü özü boynuna götürmüşdü. Bu fədakar qadın iradəli xarakteri sayəsində yazıçının həyatında ilk dəfə olaraq onun ətrafında maddi fivavanlıq da yarada bilmişdi. Annanın sayəsində Dostoyevski hətta o zamanadək qarşısıalınmaz meyil duyduğu ruletkadan da xilas ola bilir. O, təmkin və səbrlə dəhşətli epilepsiya tutmalarında yazıçıya dəstək olur, onun Omskdakı katorqa işgəncələrində sıradan çıxmış səhhətinin yaxşılaşması üçün inadla səy göstərirdi. Dostoyevski gözlərini əbədi yumanda Anna Qriqoryevnanın 35 yaşı var idi. O, ömrünün sonunadək Fyodor Mixayloviçin muzeyinin təşkili, əsərlərinin nəşri ilə məşğul oldu və bir daha heç vaxt ərə getmədi.
 

Axar.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.