Maraqlı

Türkiyənin ən məşhur adamının sirli qətli

24 İyun 2017 22:50
1 Şərh     Baxış: 3 050
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Üzeyir Qarih cinayəti" 25 avqust 2001-ci ildə tanınımış iş adamı Üzeyir Qarihin Yener Yermez adlı şəxs tərəfindən öldürülməsi iddia edilən cinayət hadisəsidir. Hadisə Türkiyənin İstanbul şəhərində baş verib. Bu səs-küylü cinayət hadisəsi barədə üstündən 8 il keçdikdən sonra təzədən istintaq aparılıb. Birinci istintaqdan fərqli olaraq, daha maraqlı məlumatlar əldə edilib.

Azərbaycan oxucuları üçün də maraqlı olacağını və əksəriyyətin məlumatsız olduğunu nəzərə alıb, həmin cinayət və cinayətdən sonra baş verənləri təqdim etmək qərarına gəldim. Bu cinayət hadisəsində olduqca maraqlı məqamlar var. Araşdırma bir qədər böyük olsa da, yorucu deyil.

Milli.Az faktxeber.com-a istinadən bildirir ki, 1929-cu ildə İstanbulda dünyaya gəlmiş və "Alarko" Holdinqin qurucularından olan yəhudi əsilli iş adamı Üzeyir Qarih, 1951-ci ildə İstanbul Texniki Universitetinin Maşınqayırma Fakültəsindən məzun olduqdan sonra "Carrier"in Türkiyə şöbəsində işləməyə başlayıb, 1954-cü ildə İshaq Alatonun təklifi ilə "Alarko" şirkətinin tərəfdaşı olur. Qarih o tarixdən ölümünə qədər "Alarko" Şirkətlər Birliyində İshaq Alatonla birlikdə sədrlik vəzifəsini fasiləsiz davam etdirmişdir. Üzeyir Qarih ibrani və türkcədən başqa, ərəb, ingilis, fransız və ispan dillərini mükəmməl bilib.

Ü.Qarih iş həyatından başqa bölgədə tanınmış və söz sahibi şəxs olub. O, Türkiyənin ən varlı və etibarlı iş adamı hesab edilirmiş.

Üzeyir Qarih 25 avqust 2001-ci il səhər saatlarında sahibi olduğu "Alarko" Holdinqə gedərək Bolqarıstan baş nazirinin müavini Nikolay Vasilyevlə görüşür. Mühafizəçisi və sürücüsünün özü ilə gəlməsinə icazə verməyən Qarih saat 12.50-də holdinqdən çıxır və 14.00-də Əyyub Sultana gedir. Türkiyənin Cümhuriyyət dövründəki ilk Baş Qərargah rəisi marşal Fevzi Çakmakın məzarının da yerləşdiyi Hüseyn Şeyx Türbəsi yaxınlığında 10 yerindən bıçaqlanmış şəkildə meyiti tapılır. Meyiti ilk öncə qəbiristanlıq əməkdaşları aşkarlayır. Hadisə yerinə gələn polis şəxsiyyət vəsiqəsi və kredit kartlarından ölən şəxsin Üzeyir Qarih olduğunu müəyyənləşdirir.

Bəzi şahidlər cinayətin günahkarı kimi yaxınlarının "Dəli Fuad" adlandırdığı 14 yaşlı Fuad N.Y-ni göstərirlər. Qarihdən sədəqə aldığını bildirən 8 yaşlı Yeşim adlı qız uşağı, polisə Fuad N.Y-ni Qarihin yanında gördüyünü və bir müddət danışdıqlarını söyləyir. Üstəlik, Fuad N-nin həmin gün əlində böyük bıçaqla görənlər də olub. Bundan sonra polis Fuad N.-i saxlayır. Cinayətkarı yaxaladığına əmin olan polis bəzi jurnalistlərə Fuad N.-nin istintaqda cinayəti necə və nə üçün törətdiyini, ancaq sonradan yalan olduğu ortaya çıxan bəzi ifadələr sızdırır. Mediaya məlumat verən polislər Fuad N.-nin ifadəsində tez-tez qəbiristanlığa gələn Qarihdən pul aldığını və bu şəkildə bir-birini tanıdığını söylədiyini bildirərək, "O gün də pul istədim, vermədi, əvvəl kürəyindən, sonra da digər yerlərindən bıçaqladım. Pul kisəsindəki pulları götürüb qaçdım", - dediyini bildirir.

Ancaq saxlandığı ilk günün gecə saatlarına qədər Fuad N., onu mühakimə edən polisləri Qarih cinayətini törətmədiyinə inandırmağa çalışır. Evində aparılan araşdırmalarda hər hansı bir dəlil tapılmayan Fuad N. sərbəst buraxılır. Azadlığa çıxan Fuad N. jurnalistlərə belə açıqlama verir:

"Qəbiristanlığın yaxınlığındakı avtomobil parkının yanında olarkən Tuğba adlı bir qız mənə və Yeşim adlı dostuma Üzeyir Qarihi göstərərək, "hər şənbə buraya gəlir və pul paylayır", - dedi. Bundan sonra Yeşimlə onun yanına getdik, hər birimizə 200 min lirə ( 2001-ci ilin kursu ilə təxminən 0.35 ABŞ dolları) pul verdi. Ondan sonra baş verənlərdən xəbərim yoxdur. Mən qəbiristanlığa getməmişəm. Çünki qəbiristanlıqda başqa uşaqlar vardı, onun üçün ora gedə bilməzdim."

Fuat N., Qarihdən uzaqlaşdıqdan sonra bir dönərçinin ona itilətmək üçün bıçaq və pul verdiyini deyir. Bu işi gördükdən sonra evinə qayıtdığını, televiziyaya baxarkən birinin öldürüldüyü xəbərini eşitdiyini bildirən Fuad N., daha sonra təkər təmir edən Tuncay adlı şəxsin yanına getdiyini bildirir:

"Bir müddət sonra atamla birlikdə polislər oraya gəldi. Polislər atama mənim cib telefonu oğurladığımı deyiblərmiş. Məni idarəyə apardılar. Soruşduqları sualların cavablarını bilmədiyimi deyəndə isə məni çılpaq şəkildə kondisionerli, soyuq otağa saldılar. Yarım saat saxladılar. Daha sonra yenidən sorğu-sual edib, cinayəti necə törətdiyimi danışmağımı istədilər. Orada həm çox üşüdüm, həm də qorxdum. "Bu işi sən gördün, düzünü söylə, başını qopardarıq", - dedilər."

Qətli törədənin Fuad N., olmadığı ortaya çıxdıqda isə İstanbul polisi hadisənin ikinci günü araşdırmanı yenidən başladır. Qarihin itmiş cib telefonu və cinayət aləti olan bıçağın tapılması üçün 200 polis qəbiristanlıqda axtarış aparır. Üzeyir Qarihin oğurlanan cib telefonunun siqnallarını təqib edən polis, siqnalın hərbi hissədən gəldiyini müəyyənləşdirirlər. Hərbi hissədə axtarış aparan İstanbul polisi Qarihə aid telefonu bir əsgərdə tapırlar. Əsgər telefonu əsgər yoldaşı Yener Yermezden aldığını söyləyir. Ancaq Yermezin hərbi hissədən qaçdığı bildirilir.

Polis tərəfindən axtarışı aparılan 1975-ci il təvəllüdlü Yener Yermez cinayətdən 10 gün sonra Kayseriyə - evlərinə gedərkən saxlanılır. Yermezin içində olduğu şəhərlərarası avtobus Kayseriyə 12 kilometr qalmış saxlanılır. Yermezi daha əvvəl oğurluqdan tutduğu üçün yaxşı tanıyan və buna görə də axtarış qrupuna daxil edilən komissar Həsən Qəhrəman, pasportları yoxlamaq üçün avtobusa girəndə, orta sıralarda pəncərə kənarında oturan Yermezi tanıyır. Avtobusdan endirilən Yermez Kayseri polisinə aparılır. (Yermez əvvəl xırda oğurluq törətdiyi için həbs edilibmiş. Həbsxanadan azad edildikdən sonra isə birbaşa əsgərliyə göndərilibmiş.)

Yermez polisdəki ifadəsində cinayəti necə törətdiyini danışır:

"Adını həmin vaxt bilmədiyim və sonradan Qarih olduğunu öyrəndiyim, yaxşı geyinmiş şəxsdən qəbiristanlıqda pul istədim. Çünki cibimdə 2.000.000 lirə (təxminən 3.5 ABŞ dolları) var idi. O da pul vermədi və mənə, "yekə kişisən, pul istəməyə utanmırsanmı? Get işlə", - dedi. Çox hirsləndim. Gedib bir bıçaq aldım. Mən qayıdanda Üzeyir Qarih hələ orada idi. İlk bıçaq zərbəsini vurdum. Yaralanan Qarih pul qabını çıxarıb mənə pul verdi. Sonra saydım, 200 milyon lirə idi. Bıçağı bir dəfə vurmuşdum, qanı görəndə isə bıçaqlamağa davam etdim. Sonra cib telefonunu aldım. Qışqıraraq kömək istədiyini görəndə, daha çox bıçaq zərbəsi endirdim və qaçdım."

Yener Yermez haqqında Eyüp 2-ci Ağır Cəza Məhkəməsində edam tələbi ilə cinayət işi açılır. Daha sonra məhkəmə prosesində edam cəzasının ləğvi üçün ağırlaşdırılmış ömürlük həbs cəzası tələb edilir və bir il davam edən məhkəmədən sonra Yermez ömürlük həbs ilə cəzalandırılır.

Qarih cinayəti 2008-ci ildəki Ergenekon əməliyyatı ilə birlikdə yenidən gündəmə gəlir. Qətlin Ergenekon ilə əlaqəsi olduğu istiqamətində bir çox iddia ortaya çıxdığı üçün 2009-cu ilin yanvar ayında Ergenekon istintaqını aparan prokuror Yener Yermezin ifadəsini yenidən alır.

Ergenekon istintaqı zamanı Üzeyir Qarih cinayətinin də gündəmə gəlməsindən sonra "Alarko" Holdinqin idxal koordinatoru və Üzeyir Qarihin yaxın iş yoldaşı Doğan Kasadolu cinayət günü Üzeyir Qarihin nəvəsinin da əsgər paltarı geyinmiş şəxslər tərəfindən qaçırıldığını və əgər Qarihin öldürülməsi ilə əlaqədar daha çox irəli getsələr, uşağın da öldürüləcəyini söyləyərək, onları təhdid etdiklərini açıqlayır.

Şübhəli Yener Yermez də cinayəti bəzi qüvvələr tərəfindən təhdid edildiyi üçün boynuna götürmək məcburiyyətində qaldığını söyləyir. Yermezin vəkili Mustafa Yalçınkaya müvəkkilinin həmin qüvvələrin kimliyini açıqlamadığını deyir.

Cinayətin bir nəfər tərəfindən deyil, ən azı iki nəfər tərəfindən törədildiyi istiqamətində güclü dəlillər ortaya çıxır. Üzeyir Qarihin bədənində aşkar edilən 11 bıçaq zərbəsinin sağ və soldan müxtəlif formalarda vurulması da məlum olur. Daha sonra isə sağ qulaq arxasındakı yaranın bıçaqla vurulmadığı məsələsi ortaya çıxır.

Qarih cinayətinə görə məhkum olunan Yener Yermez daha sonra bildirir ki, məşhur iş adamı üzvü olduğu təriqət tərəfindən gizli məbəddə, rituallar altında bıçaqlanaraq öldürülüb.

Yermezin açıqlamasına görə, Üzeyir Qarih mənsub olduğu təriqətin toplantısı üçün cinayət tarixində gizli bir məbədə dəvət edilibmiş. (Onun sürücüsü və mühafizəçisinin yanında olmaması bu dəlili gücləndirir.) Xüsusi hallarda istifadə edilən məbəddəki dəvətə cavab verən Üzeyir Qarih üçün mərasim təşkil olunub. Ayin ritualları daşıyan bu mərasim sonra qəribə geyimli çoxlu sayda təşkilat üzvünün gözləri qarşısında naməlum qadın "Maral" və dostu fərqli bıçaqlarla Üzeyir Qarihi edam ediblər. Yermezin istintaqdakı ifadəsinə görə, edamdan sonra isə məşhur iş adamının cəsədi Əyyub qəbiristanlığına atılıb.

Yermez barəsində açılan yeni istintaq çərçivəsində başqa məlumatlar da verir:

"Hadisə baş verən günü "Maral" məni xidmət etdiyim Hasdal Kazarmasından götürdü. Birlikdə Əyyubdakı bir oteldən otaq götürdük. Daha sonra "Piyer Lotte" təpəsinə çay içməyə getdik. "Maral", "Əyyubda bir həmkarımla görüşəcəyəm, sən burada gözlə", - deyərək getdi. Uzun müddət onu gözlədim, gəlmədiyi üçün oradan çıxdım. Əyyub qəbiristanlığının içində geçərkən yerdə qan içində uzanmış Qarihi gördüm. Meyidin yanında "Maral" və yoldaşı dayanmışdı. Mənə bir telefon verib hadisə yerindən uzaqlaşdılar.

Maral və yanındakı adamla təkrar Əyyubda görüşdük. Məni də mindikləri maşınla Qaziosmanpaşa yaxınlığında bir evə apardılar. Evə yaxınlaşdığımız zaman avtomobildə gözlərimi bağladılar. Evdə mənə bir video kasetə baxdırdılar. İzlədiyim görüntülərdə "Maral" və yanındakı adamın Qarihin bıçaqla öldürülməsi anı var idi. Kamera hadisəni təxminən qətl yerindən 5-6 metr uzaqdan görüntüləmişdi. Kaseti dəfələrlə izlədikdən sonra mənə cinayəti törətdiyimi necə izah edəcəyimi əzbərlətdilər. Cinayəti boyuna götürsəm, mənə pul verəcəklərini, əks təqdirdə, məni və ailəmi məhv edəcəklərini dedilər. Bildirdilər ki, cəzan bitdikdən sonra 5 milyon dollar hesabındadır."

Bundan əlavə, Ergenekon cinayətində müttəhim olan Ümid Sayından müsadirə edilən sənədlər arasında Üzeyir Qarihin hadisə günü geyindiyi köynəkdəki bıçaq zərbələrini göstərən sxem də olub.

Yener Yermezin Qarih qətlindən təxminən 5 ay əvvəl jurnalist Tuncay Güney ilə birlikdə avtomobil qaçaqmalçılığına görə həbs edilən leytenant Murad Oğuza Hasdal Kazarmasında çayçılıq etdiyi də istintaqda ortaya çıxır. Həmçinin, Yermezin Ergenekon şübhəlilərindən olan polkovnik Fikri Karadağın əmrində xidmət etdiyi də məlum olur.

Qapalı şəkildə yaşayan masonlar hər zaman gizli addımları ilə ön plana çıxırlar. Qardaşlıq təşkilatı olduğu və geniş əhatəli əlaqələrinin varlığı söylənən masonluq barələrində danışılanlar və tənqidlərə cavab vermək üçün 1999-cu ildə qapılarını mediaya açaraq özlərini tanıtmağa, qərəzləri düzəltməyə çalışırlar. Masonluq və masonlar son olaraq məşhur iş adamı Üzeyir Qarihin ölümü ilə yenidən gündəmə gəlir və Qarihlə birlikdə "Alarko" Holdinqi rəhbərliyini edən İshaq Alatonu (11 sentyabr 2016-cı ildə 89 yaşında dünyasını dəyişib. Holdinqi yaradarkən 27 yaşı olub və bundan qabaq fabrikdə qaynaqçı işləyirmiş) bir jurnalistə, "Üzeyir bir dul qadının oğluna 10.000 dollar yardım edəcəkdi" ifadəsindən sonra medianın gündəminə düşürlər.

Alatonun istifadə etdiyi "dul qadın və oğlu" ifadəsinin masonlar arasında gizli şifrə olduğu və özünün təhlükədə olduğunu bildirmək üçün bu ifadələri istifadə etdiyi irəli sürülür. Beləliklə, Qarih cinayətinə masonların da adı daxil edilir. Alaton qəzetlərdə dərc olunan xəbərdən sonra sözlərinin səhv şərh edildiyini bildirir, amma dul qadına edilən yardım məsələsini təkzib etmir.

Bəs, "dul qadın" Alatonun dediyi kimi çətin vəziyyətdə olan bir qardaşın dul xanımına kömək mənasınımı daşıyırdı, yoxsa mason qardaşlar çətin vəziyyətdə olduqlarını digər masonlara bildirmək üçün bu ifadədənmi istifadə edirdilər? Qarih nəyə görə ortağına bu sözləri söyləmişdi?

Masonların tez-tez istifadə etdiyi "dul qadının uşaqları" ifadəsi, masonların köklərinin gedib çıxdığını söylədikləri Hiram əfsanəsindən, yəni Həzrət Süleyman məbədini inşa edən Hiram ustanın dul bir qadının uşağı olmasından qaynaqlanır. Dünyada mason lojasında üzv olan hər kəs özlərinin dul bir qadından gəldiklərinə inanırlar və hər bir mason dul qadının uşaqları kimi qəbul edilir.

Hiramın anasına rəğmən istifadə edilən "dul qadının uşağına yardım" ifadəsi həqiqətən masonlar arasında çətin vəziyyətdə olan dul bir mason xanımına kömək mənasında ifadə edilir.

Masonların hər biri dul qadındır və hər bir üzvün, qardaşın bir dənə də qadın adı var. Belə təsəvvür edək, bir mason lojasında iki dənə qardaş var. Birinin adı Əhməd, digərinin adı Vəlidir. Əhmədin arvadı Sürəyya, Vəlinin arvadı da Kamilə adını daşısın. İndi Əhməd Vəlinin arvadının adını götürür, Vəli də Əhmədin arvadının adını. Beləliklə, Vəli və Əhməd kişi olduqları halda, həm də adları "Sürəyya" və "Kamilə" olur. Əhmədin bir adının "Kamilə" olduğunu lojada olanlar da bilir. Beləliklə, lojada həm qadın, həm də kişi olur. Əsl həqiqətdə hələ də yaşayan Sürəyya və Kamilə var, bir də kişi olan "Sürəyya" və "Kamilə" var. Bir gün Kamilənin əri olan Vəli ölsə, ona kişi olan "Sürəyya" kömək edir. Yəni əslində ortada bir dul qadın var, onun adı Kamilədir. Bir də kişi olan "Kamilə" (Əhməd) var, o da həmçinin dul qadındır. Yəni Əhməd də "dul qadın" olur və bunu da lojada olanlar bilir.

Bunları nəzərə alsaq, "dul qadına kömək" ictimaiyyət içərisində ağır vəziyyətdə olan masonların istifadə etdiyi gizli şifrədir. Bəlkə, Üzeyir Qarih həqiqətən bir dul qadına kömək edəcəkdi, amma "dul qadın" ifadəsinin masonlar arasında gizli bir şifrə olduğu həqiqəti də var və Alaton yalnız masonların başa düşəcəyi şifrəni istəməyərək də olsa ifşa etmiş olur. Yener Yermezin adını çəkdiyi "Maral"ın da "dul qadının övladı" olması ehtimalı böyükdür.

Cinayətin üstündən 16 il keçməsinə və bu barədə dəfələrlə istintaq hərəkətləri aparılmasına baxmayaraq, hələ də hadisənin əsl detalları üzə çıxmayıb. Nə Üzeyir Qarihi kimin öldürdüyü bilinir, nə "dul qadının övladı" məlumdur, nə də cinayətin hansı məqsədlə törədildiyi.

Hadisə barədə düşünərkən ağla gələn və açıq qalan suallar isə bunlardır:

- Adam öldürən şəxs heç nə olmamış kimi evinə gedərmi?

- Qarihi öldürdükdən sonra cib telefonunu oğurlayan adam, telefonu məhv etməzmi? Hansı ki, məhz həmin telefonun siqnalı ilə polislər Yermezin xidmətdə olduğu Hasdal Hərbi kazarmasına getmişdilər.

- Qısa müddət əvvəl həbsxanadan çıxmış, hərbi vəzifəsini yerinə yetirən insan, cib telefonu və ya az miqdarda pul üçün bir insanı 10 yerindən bıçaqlayacaq qədər nifrət hissinə qapıla bilərmi?

- Əgər Qarihi Yener Yermez öldürmüş və cib telefonunu da oğurlamışdısa, niyə qolundakı 50 min dollarlıq saatını götürməmişdi?

- Üzeyir Qarihin 1 gözü niyə çıxarılmışdı?

- ...və 2001-ci ildə aparılan ilkin istintaq materialları hara yoxa çıxdı və ya çıxarıldı?

Sonda bir məsələyə də toxunmaq istərdik. Üzeyir Qarih "Kurtlar Vadisi" serialında Mehmet Karahanlı kimi canlandırılıb. Karahanlı da gizli bir toplantıda öldürüldükdən sonra meyiti başqa bir yerə atılmış və ərazidə xidmət edənlər tərəfindən aşkarlanmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.