Maraqlı

"Dinə inanmağın mənası yoxdur" - Azərbaycanı dünyaya tanıdan alim - FOTO

30 Mart 2017 20:34
427 Şərh     Baxış: 28 851
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Femida.az hazırda Böyük Britaniyada elmi fəaliyyətlə məşğul olan tanınmış azərbaycanlı alim Qərib Mürşüdovdan müsahibə alıb.

Milli.Az sözügedən müsahibəni təqdim edir:

Qərib Mürşüdov əslən Şəmkir rayonunun Dəllər Cəyir kəndindəndir. Bu kənddə orta məktəbi bitirib. Sonra Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat fakültəsində oxuyub. Dissertasiya işini isə Moskvada Kristolloqrafiya İnstitutunda müdafiə edib. 1993-cü ildə Böyük Britaniyanın York Universitetinin kimya fakultəsinə daxil olub. Hazırda Bioinformatika sahəsində tanınmış mütəxəssis kimi Kembricdə olan Molekulyar Biologiya Laboratoriyasında (http://www2.mrc-lmb.cam.ac.uk/) qrup rəhbəridir. Onun elmi əsərlərinə 20 minədək istinad olunub.

- Əvvəla, müsahibə təklifimizi qəbul etdiyiniz üçün sizə təşəkkür edirik. Bilmək istərdik, necə oldu ki, Böyük Britaniyaya gedib çıxdınız və Kembricdə Molekulyar Biologiya Laboratoriyasında qrup rəhbəri oldunuz?

- 1993-cü ildə Moskvada elmi müdafiədən sonra mənə Böyük Britaniyanın York Universitetinin kimya fakultəsində işləmək üçün təklif gəldi. Mən təklifi qəbul etdim və 2011-ci ilə qədər orada işələdim. 2009-cu ildə Kembric şəhərində yerləşən Molekulyar Biologiya Laboratoriyasından mənə qrup rəhbəri kimi işləmək təklif olundu. Bu tədqiqat institutu molekuylyar biologiyanı yaradan elmi mərkəzlərdən biridir. Mən əlbəttə ki, bu təklifi qəbul etdim və indiyə qədər hesablama kristalloqrafiya qrupunun rəhbərin kimi işələyirəm. 

- Sizi dünyaya tanıdan elmi nailiyyətiniz hansı olub?

- Mənim işlərim əsasən riyaziyyatın və kompyuter elmlərinin bir sıra eksperimental biologiya problemlərinə tədqiqidir. Yəqin ki, əsas nailiyyət kimi müasir statistika üsullarının və əsasən də Bayes satistikasının bu sahəyə tətbiqini hesab etmək olar. 



- Hazırda hansı elmi tədqiqat işi üzərində çalışırsınız?

- Hazırda mənim qrupum riyazi və kompyuter üsullarının eletron mikroskopiyasından alınan verilənlərin analizinə tətbiqi ilə məşğuldur. Bizim işlər dunyanın aparıcı unversitetlərində və tadqiqat institutlarında istifadə olunur. Bizim əsas işimiz zülalların üç-ölçülü quruluşlarının öyrənilməsi üçün isitfadə olunur. Zülalların üç ölçülü quruluşlarının öyrənilməsi isə fundamental bioloji proseslərin başa düşülməsinə kömək edir və bu isə öz növbəsində xəstəliklərlə mübarizə aparmaq üçün dərmanların hazırlanmasında istifadə oluna bilər. Təsadüfi deyil farmasept kampaniyaları hal hazırda bu üsulun öyrənilməsi və tətbiqi ilə məşğuldurlar.

- Cəmiyyətdə böyük mübahisələrə səbəb olan Təkamül Təlimini necə xarakterizə edərdiniz?

- Mənə belə gəlir ki, burada elm nöqteyi nəzərindən heç bir mübahisə və ya müzakirə yoxdur. Bir tərəfdə faktlara, eksperimentlərə əsaslanan elm durur, o biri tərəfdə isə heç fakta əsaslanmayan psevdo-elm durur. Muzakirəni əsasən qeyri-elm insanları aparılır. Təkamül elmi nəzəriyyədir və özünü dəfələrlə hal hazırda biologiya səhəsində ən mükəmməl elmi nəzəriyyələrdən biri olduğunu göstərib. Əlbəttə, heç bir elmi nəzəriyyə tam ola bilməz və yeni müşahidələr əldə olunanda elmi nəzəriyyələrə müyyən dəyişikliklər olunur. Əgər hər hansı müşahidə bu elmi nəzəriyyəyə əsasən tam izah edilə bilmirsə, bu, o demək deyil ki, bu nəzəryyə tamamilə doğru deyil. Elmi nəzəriyyələr müşahidələr vasitəsi ilə mükəmməlləşir.

- Gələcək planlarınız haqqında danışardınız. Çatmaq istədiyiniz əsas məqsəd nədir?

- Gələcək üçün planlarımız çoxdur. Elmi tərəfdən əsas plan hesablama struktur biologiyasında müasir üsulların inkişafıdır. Bundan əlavə Azərbaijanda elmin bir istiqamətində dünya səviyyəsində elmi nəticələr verən heç olmasa qrupun yaradılması. İstəyərdim ki, Azərbaycandakı gənclərin bir hissəsini elmi istiqamətə yönəldək.

- Əldə etdiyiniz nailiyyətlərə görə Nobel Mükafatı ilə təltif oluna bilərsinizmi? Yaxın illərdə bu, gözləniləndir?

- Elmi işlə məşğul olmaq lazımdır. Əgər həmişə mükafata görə işləsəniz, onda elmi nəticələrə nail olmaq çətin olar.

Sizcə, Azərbaycanı dünyada tanıdan alimlər içərisində ilk üçlüyə kimlərin adı düşür?

- Mən bu haqda cox bilmədiyimə görə cavab verməyə çətinlik cəkirəm. Amma heç olmasa Nəsrəddin Tusinin və Lütfi Zadənin adlarını çəkmək olar. Təssüflər olsun ki, mənim sahəmdə dünya səviyyəli çox azərbaycanlı işləmir. Amma Asəf Salamovun işlərinə çox istinadlar var. 

Ümumiyyətlə, Azərbaycanda hamı kiminləsə fəxr etmək istəyirlər. Əlbətdə bu təbiidir, Azərbaycan xalqı kifayət qədər vətənpərvərdirlər. Amma təhsildə böyük nöqsanlar varsa, elmin maliyyəsi həddən artiq aşağıdırsa onda böyük elmi nəticələri necə gözləmək olar? Mənim müşahidələrimə görə, deyə bilərəm ki, istedadlı gənclər var, həvəslə işləmək istəyənlər var. Onlar üçün şərait yaradılsa, onda elmi nəticələri gözləmək olar. Birdə nəzərə almaq lazımdır ki, elmlə məşğul olan insanlar adətən yaradıcı və azad fikirləşən insanlardır. Azad fikirləşməyə şərait yaradılmalıdır. 



- Fəaliyyət göstərdiyiniz mühitdə Azərbaycana qarşı münasibət necədir? Azərbaycan təhsilindən razıdırlarmı?

- Bizim mühit elmi mühitdir və ancaq elm və biliklərə münasibət var. Əlbəttə, məni Azərbaycanlı kimi tanıyırlar və hörmət edirlər.

- Azərbaycanda Kimya sahəsində elmi tədqiqat işləri aparmaq üçün yetərli şərait varmı?

- Mən kimya sahəsində işləmirəm. Ona görə dəqiq fikir söyləyə bilmərəm. Onu deyə bilərəm ki, biologiya sahəsində müəyyən işlər görülür. Amma dünya səviyyəsinə çatmaq üçün elmin maliyyəsini dəfələrlə artırmaq və elm sahəsində işləmək mədəniyyəti yaratmaq lazımdır. Müəyyən gənclər arasında elmə, təhsilə həvəs var. Amma hal hazırda Azərbaycandakı təhsili dünya səviyyəli təhsil saymazdım. Məlum olan nöqsanlar gənclərin inkişafına mane olur.

- Elmi nailiyyətlərinizin arxasında Azərbaycanı təmsil etdiyiniz vurğulanırmı? 

- Bəli. Amma mən əsasən bizim tədqiqat instutunu təmsil edirəm və mənim çıxışlarımda Azərbaycandan olduğum haqda məlumat verilir.

- Azərbaycan Milli Elmlər Akademiyasının dəqiq elmlərlə bağlı fəaliyyəti sizi qane edirmi?

- Elmi fəaliyyət elmin maliyyələşdirilməsi ilə birbaşa əlaqəlidir. Hal hazırda Azərbaycanda elmin maliyyələşməsi cox aşağı səviyyədədir. Bunu görmək üçün uzağa getmək lazım deyil. Ölkədə ÜDM-in hansı hissəsinin elmə ayrıldığına baxmaq kifayət edər. 2013-cü ilde dünya bankının məlumatına görə, Azərbaycan ÜDM-in 0.5%-indən aşağı miqdarda elmə və texnologiyaya xərc çəkir. Müqayisə üçün deyək ki, Cənubi Koreyanın elmə ayırdığı maliyyə 4%-dən coxdur. Əgər elmin inkişafı və gələcəkdə texnologiya əsasında qurulan sanayelərin inkişafı haqda fikirləşiriksə, onda elmin maliyyələşdirilməsi ən azı 10 dəfə qaldırılmalıdır. Onda həm mütəxəssis yetişdirmək olar, həm texnologiya sanayelərini inkişaf etdirmək, həm də dünya səviyyəli mütəxəssisləri Azərbaycana cəlb etmək olar. 

- Sizcə, hümanitar elmlər bəşəriyyət üçün daha önəmlidir, yoxsa dəqiq elmlər?

Mənə belə gəlir ki, belə müqayisə etmək düzgün deyil. Hər elmin öz yeri var. Əsas elmi problemərə obyektiv yanaşmaq lazımdır. Riyaziyyatın tətbiqi artdıqca qeyri-dəqiq elm dəqiq elmə çevrilir. Təəssüflər olsun ki, humanitar elmlər siyasət və təbliğatda daha çox istifadə olunur.



Dinə münasibətiniz necədir? İnanclı insansınızmı? İbadət edirsinizmi?

- Xeyr. Mənim inamımı aqnostik və ateist arasında hesab etmək olar. Əsas səbəbi odur ki, mən elmlə məşğulam və məntiq və ya təcrübə ilə isbat olunmayan bir hadisəyə və prosesə inana bilmərəm. Ümumiyyətlə ilahi bir qüvvənin olub-olmamasını nə mətiq, nə də müşahidələr vasitəsi ilə isbat etmək mümkün deyil. Əgər mümkün olsa idi, onda bu ilahi qüvvə olmazdı. İsbat oluna biməyən bir qüvvə haqda danışmağın böyük mənası yoxdur. Buna inanıb və ya inanmamaq hər bir insanın öz şəxsi işidir. Hər hansı bir dinə inanmağın da böyük mənasını görmürəm.

- Azərbaycana tez-tezmi gəlirsiniz?

- Hər il ən azı bir dəfə Azərbaycanda oluram. Mənim orada elmi laboratriyam var və ona görə Bakıya kifayət qədər tez-tez gəlirəm. Ola bilər ki, gələcəkdə daha tez-tez gəlim.

- Gənclərə sözünüz nədir?

- Əsasən özlərinə inansınlar və məqsədlərinə çatmaq üçün çox işləsinlər. Hal hazırda dünya dəyişir və yaxşı təhsil almaq üçün internetdə olan çox yüksək səviyyəli kurslardan istifadə etmək olar. Öz üzərində işləyərək və mövcud olan mənbələrdən istifədə edərək məqsədlərinə çata bilərlər. Mən ümumiyyətlə gənclərə inanıram.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.