Maraqlı

Qocanın gənc xanıma yazdığı ehtiraslı məktublar

30 Mart 2017 21:55
4 Şərh     Baxış: 2 692
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az lent.az-a istinadən dünya şöhrətli Avstriya yazıçısı Stefan Svayqın "Yay novellası" novellasını təqdim edir.

Keçən ilin avqustunda Kom gölünün sahilindəki Kadenabi adlı qəsəbəyə yollanmışdım. Sahildə ağacların arasındakı villalar sanki üzərlərini örtüb gizlənmişdilər. Belladjio və Menadjiodan gələn turistlər yaz vaxtı bu dar, ensiz sahili dolduranda  bura çox səs-küylü, hay-həşirli olar, şəhərdə isə sakitlik hökm sürərdi. İndi də bürkülü avqustda bu məkan gözəl qoxular saçır, günəşin şüası göz qamaşdırır və həm də kirimişlik bir yerdə durub susur. Otel demək olar ki, bom-boşdu. Kiçik, ovuc içi boyda sakinlər ona şaşqın görünüşlə baxırdılar. Burda, bu başlı-başına buraxılmış güşədə yay istirahətinə ayrılmış yeri ayırd etmək çox çətin məsələyə çevrilmişdi. Hələ səhər durub qarşındakı stolla qarşılaşanda heyrətini gizləyə bilməyəcək və deyəcəksən ki, nəyə görə indiyə kimi heç kim burdan getməyib. Məni isə qaldığım yerdə artıq əməlli-başlı təəccübləndirən elə də cavan olmayan bir adamdır. Görünüşündəki zəriflikdən müvəkkilə oxşadığı açıq-aşkardır. Nə olsun ki, o həm ingilis lordlarının, həm də paris nümayəndələrinin əkiz tayıdır. Onun üzməkdən başı çıxmır, demək olar, heç bu növ idmanlarda baş sındırmayıb, bu adam bütün günü eyni yerdə oturur, gözlərində yalnız öz siqaretinin dumanı dolanır, ya da qarşısında həmişə kitab olur, vəssalam. Dəhşət darıxdırıcı və yağışlı iki gündən sonra bu cənaba qarşı məndə dostcasına yaxınlaşma oldu. Bizim tanışlığımız da elə bir çırpıda baş verdi, yəqin bu ikimizində hədsiz səmimi olmağımızdan irəli gəlirdi. Bu səmimiyyət bir ildə bizə demək olar ki, heç mane olmadı, aramızda fərq qoymadı. Bəhs etdiyim adamın doğum günü Fransada olmuş, elə burda, sonra da İngiltərədə boya-başa çatmışdı. O hələ də bir işin qulpundan yapışmamışdı. İndi də gör artıq neçə yaş keçib gedib, o bu saatın özündə də həyatda daimi sakin kimi qalıb. O heç vaxt öz Vətəni haqqında yüksək fikirdə olmayıb, ya da necə deyək, torpaqları qoruyub saxlayan igidlərdən, eləcə də qarşılarına çıxan hər bir gözəl əşyanı çırpışdıran və dünyanın şəhərlərinə daşıyan dəniz quldurlarından xəbərsiz yaşayıb. Bu adam bütün incəsənət sahələri haqqında azacıq da olsa məlumatlıydı, ancaq mədəniyyətə çox böyük sevgisi olduğundan aristokrat olmağı boynuna belə götürmədən ona xidmət etmək istəyirdi: o incəsənətdən min xoşbəxt saat əldə etdi, ancaq aldığı bu bəxşişin onda biri belə onun yaradıcılıq alovunu bütövləşdirmədi. Həyatda, gərək ki, belə adamların izi-tozu da qalmamalıdır, axı onun cəmiyyətlə heç bir bağlılığı-filan yoxdur. Onun bütün sərvəti minlərcə təkrarolunmaz və qiymətli təəssüratlardan yaranıb və bu var-dövlət heç kimə son nəfəsinə qədər vəsiyyət edilməyib, heç kimə də həvalə olunmayıb.
 
Bir gün biz oteldə oturub aşağıda yavaş-yavaş dalğalanan gölə tamaşa edəndə mən bu haqda danışdım. O gülümsündü: - Siz heç də düz demirsiniz. Bir də ki, mən xatırlamaq vaxtında deyiləm. Bu saniyənin özündə də keçmiş günlər səni bir başına buraxır. Poeziyamı? Axı o da iyirmi, əlli, yüz yaşından sonra ölmürmü? Bugün isə mən sizə başqa şeydən danışacam. Mənim fikrimcə, bu novella üçün elə də pis süjet deyil. Gəlin gedək. Belə şeyləri gərək ki gedə-gedə danışasan.
 
Biz sahil boyunca uzanan parlaq görünüşlü yolla irəlilədik. Köhnə sərv və qollu-budaqlı şabalıd ağacı yolu kölgələndirirdi, işıq gələn tərəfdə isə taxtalarla əhatələnmiş göl gözə dəyirdi. Uzaqda, sanki buludların üstündə Belladjio ağarırdı, görünməz bir fırçayla günəşin qabağı kölgələnmişdi, elə bil o harasa xəlvətə çəkilmişdi, ancaq günün son şüaları közərəndə təpənin üstündə almaz kimi işıldayan Serbolanın villası görünməyə başladı. Üzücü bir isti olsa da bizə bu heç də toxunmurdu, sanki şəfqətli qadın əli kölgə kimi başımızın üstündəydi, görünməyən, heç yerdən duyulman çiçəyin ətrini hiss edirdik.
 
Dostum sükutu pozdu: - Özümdən başlayım əvvəlcə. İndiyə qədər mən keçən ildən məhz burda, Kadenabidə, elə bu ildə, bu oteldə olduğumu deməmişdim, daha doğrusu üstündən keçmişdim. Özümün başına gələnlər, məncə, sizi şaşırdacaq. Hələ ki, mənim sizə bütün həyatımı bir şeyə görə çürütdüyümü danışsam bu heç də təkrar olmayacaq, inan ki, bundan olmayıb. Beləliklə, qulaq asın. Keçən il bura, əlbəttə, indiki kimi boş idi, necə ki bu saat da elədi. Elə indiki kimi bir gündə Milandan olan bir cənab bütün günü balıq tutdu, axşam isə onları təzədən suya boşaltdı ki, yenidən səhər tuta bilsin. Burda iki qoca ingilis vardı, sakit olduqları üçün heç kimin diqqətində deyildilər. Sonra cavan bir oğlan, bir də özündən yaşca çox balaca olan sevimli, solğun görünüşlü bir qız vardı. Mən əvvəl inana bilmirdim onların ər-arvad olduqlarına, sən demə, onlar dəlicəsinə bir-birilərini sevirlərmiş. Nəhayət, bir  də alman ailəsi vardı, yəqin ki, Şimali Almaniyadan gəlmişdilər: aralarında ahıl birisinin saçı küləş rəngindəydi, elə də gözəl olmayan, kobud hərəkətli, zəhər saçan qıyıq gözləri, yekə ağzı vardı bu adamın, elə bil onu bıçaqla doğramışdılar. Onun bacısı, - hə, heç mübahisəsiz bacısı, - elə bil onun öz tayıydı, bunda da eyni əlamətlər vardı, ancaq yayğın, şişmiş üzü onları fərqləndirirdi. Onlar bütün günü bir yerdə keçirdilər, ancaq bir-biriylə heç danışmadılar da, yalnız parkda bekarçılıqdan qurtulmaq istəyən bir adamın əlində naxış toxumağına sakitcə baxa-baxa qaldılar. Bu adamların yanında bir qız da vardı, yəqin yaşı on altı olardı, bu onların yeganə qızıydı, bilmirəm, elədi ya yox, amma qızın üzündəki cizgilərdən artıq onun qadın görünüşü aldığı məlum olurdu. Dəqiq desək, o heç gözəl deyildi, tamam-kamal pis gündəydi, hələ yetişməmiş, ətə-cana gəlməmişdi, hə, bir də əlbəttə, geyimi də xoşagələn deyildi.  Ancaq onun nəsə ürəyə toxunan görünüşü vardı, üzündə çarəsiz bir həsrətin cizgiləri oxunurdu: iri gözlərindəki təmiz alov görüntüsü qorxuyla yad baxışdan gizlənmiş və işıldayan qığılcım gözə çarpmışdı. Qız yenə öz əlinə naxışı götürdü, ancaq əlləri tez-tez titrəyirdi, barmaqları işlədikcə hərəkəti yavaşıyırdı və o belə olanda sakit-sakit oturdu, xəyalpərəst, lal-tərpənməz görünüşüylə qarşısındakı gölə diqqət kəsildi. Bilmirəm, nəyə görəsə bu mənim ürəyimə toxundu. Ola bilsin, ağlıma sadəcə mənasız bir fikir gəldi, amma bu həm də qaçılmaz bir fikirdi, axı bu həmişə solğun görünüşlü anasının yanında oturan çiçəklər açan qızın da ağlına gələ bilərdi. Ağlımdan bunları keçirdim: deməli, hər bir gənc adamın üzündə qırışlar əriyir, gülüş yorulur, xəyalları ümidsizliyə qovuşur. Bəlkə də ola bilsin mənə sadəcə bu anda anlaşılmaz bir şey gəlmişdi, belə həyəcanlı əzabın bir addımlığında olan bir vaxtda. Öz təkrarolunmaz, möcüzəli həyatının çatdığı vaxtda qız hamıya eləcə təəssüf hissi ilə baxırdı, axı həm də onun başına gələn yeganə şeydi, elə bil şalbanın üstündə bitən yosun kimi. Mən usanmadan onun xəyalpərəst, doluxmuş baxışlarını izləyirdim. Hər bir insanın başına gələcək şiddətli anlar kimi o da belə şeylərlə qarşılaşırdı. Pişik ya da it kimi hər tərəfdən onun yaxasına çökür, bir neçə hissəyə bölürdülər və heç biri də sonda işi başa vurmurdu. Tələsə-tələsə, qızdırmalı halda bir dəfə otelin kitabxanasına qaçırdı, o yazıq kitablarla əlləşirdi, nə isə, kitabları vərəqləyib iki cildini götürdü, Göte və Baumbax... Siz nəyə görə gülürsünüz?
 
Mən üzrxahlıqla izah etdim: - Bilirsiniz, mənə bu qarşılaşdırma, yəni Göte ilə Baumbax gülməli gəldi.
 
- Hə, demək elə! Əlbəttə, bu bir qədər gülməlidir. Ancaq bir tərəfdən qətiyyən yox. İnanın, cavan qız bu yaşda heç nəyə fərq qoymadan o şeirləri oxuyur. Yaxşı, ya pis, səmimi yaxud uydurma. Şeir bir qab şərab kimidir. Onun üçün də fərq etmir hansı şərabı dadır. Buna görə də bu qız aydın olmayan, qarışıq bir kədər içindəydi, bu onun gözündəki işartıdan, əllərinin əsməsindən, ürkək yerişindən-duruşundan  bəlliydi. Necə deyərlər, sanki uçmağı əlindən alınmışdı. Açıq-aydın görünürdü ki, o kiminləsə öz arzusundan danışanda əzab çəkir, bu onun hisslərinin həddindən artıq ağırlığından idi. Ətrafda onun kimsəsi yoxdu - yalnız tənhalıqdan başqa. Nə qədər istəyirsən sağa-sola dön, eynidir. Hər iki qadının ehtirassız baxışı soyuqdu əlbət. Sonsuz bir əzab məni ağuşuna almışdı. Bununla belə, mən onlara yaxınlaşmağı qərara ala bilmirdim. Birincisi, gənc qız üçün bu qarı nə məna verəcəkdi ki, mən də nəsə verəm? İkincisi, mənim ailə tanışlığına olan yüksək marağımın qarşısını almaq mümkün deyildi, ancaq ən əsası bu ahıl meşşan qadın məni sanki ordan uzaq tutur, bu yaxınlaşmaya razılıq vermirdi. Elə bu məqamda mənim ağlıma qəribə bir fikir gəldi. Belə düşündüm: bu gənc, təcrübəsiz, bacarıqsız qız, yəqin ki, birinci olaraq İtaliyadandı, Şekspirə böyük təşəkkürlər ki, o burda heç vaxt olmayıb, ola bilsin, yaxın qohumları onun Almaniyada romantik bir sevgi yaşayacağını ağıllarına gətirirlər, məsələn Romeonu nümunə gətirmək olar, sonra sirli macəralar, tərpənən yelpiklər, parlayan xəncərlər, zərif, sevgiylə dolu məktublar və daha nələr-nələr. Qız, əlbəttə ki, sevgi xəyal edir. Ancaq kim onun qurduğu xülyaları başa düşər, anlayar? Bu ağ, yumşaq buludlar kimidir, məqsədsiz bir şəkildə göy üzündə süzür, sonra buludlar axşam tərəfi rənglərin daha da qatılaşdığı vaxt hirsdən çatlayır, əvvəlcə azacıq qızarır, sonra alışıb yanan alova dönür. Heç nə ona həqiqətə uyğun olmayacaq, ya da mümkün görünməyəcək. Buna görə də mən belə qərara gəldim ki, ona sirli bir sevgili yaradım.
 
Həmin axşam mən ona uzun bir məktub yazdım, burda tamamilə mehriban, sevgi dolu kəlimələr vardı. Məktub imzasızdı. Məktubu heç kimin tələbi və vədi üzərində deyil, tamam-kamal səbirlə, tələsmədən qələmə almışdım, elə bil romantik poemada əks olunan əsl sevgiydi. Mən məktubu onun həyəcanlı bir şəkildə səhər yeməyinə getdiyini güman edərək, əl dəsmalının üstünə qoydum. Səhər açıldı. Bağda onu görəndə hiss elədim ki, elə də şaşırmış halda deyil, görünməyən bir qorxu onun parlaq yanaqlarına çökmüşdü. Qız, görərdin, necə də köməksiz bir halda o tərəf bu tərəfə qorxa-qorxa tamaşa elədi, sonra tez-tələsik, elə bil bir oğrunun hərəkəti kimi məktubu açdı və özünü itirmiş, çaşmış görünüşüylə oturdu. Hələ inan, yeməyə də əl vurmamışdı. Sonra o birdən yerindən dik atıldı və qaçmağa üz tutdu. Qız hara olur-olsun, bir kölgəlik yerə, adamsız xiyaban tərəfə şığıdı ki, bu göndərilmiş sirli məktubu oxusun... Siz nəsə demək istədiniz?
Görünür, mənim üzümdə qeyri-ixtiyari yaranan bir ifadə vardı, gərək ki, bunu izah edəydim: - Bəs bu çox riskli deyildimi? Nəyə görə siz düşünmədiniz ki, qız bu söhbətin içinə yetmək üçün ordan-burdan soruşmağa cəhd edə bilər, ya da ən nəhayətində otelin işçisindən soruşa bilər ki, məktub, necə oldu ki, bu salfetkanın üstündə peyda oldu. Hələ ola bilərmi ki, o bunu anasına göstərsin?
 
- Hə, əlbəttə, mən bu haqda düşündüm. Ancaq siz bu qızı görsəydiniz, bilərdiniz, o necə cəsarətsiz, uşaq kimi sevimli bir varlıqdır, ya da görərdiniz, o necə qorxa-qorxa o tərəf bu tərəfinə tamaşa edir, onun üçün azacıq hündürdən danışmaq da təsadüfi haldır. Bu sizin şübhələrinizə son qoyan məsələlərdir. Elə qızlar var ki, o qədər həyalı, abırlı olurlar, onlar haqqında o dəqiqə nəticə çıxardırsan, deyirsən, onlar köməksizdirlər və həmin qızlara kim etibar edir-etsin onlar üçün bu məqbul haldır. Mən gülə-gülə onu izlədim və sevindim ki, oyunum baş tutdu. Budur o gəlib çıxdı, hiss elədim ki, damarımdakı qan sürətlə axır. Bu qız başqa qızdı, onun yerişi-duruşu başqaydı. Qız əməlli-başlı həyacan içində irəliləyirdi, istidən üzü qızarmışdı, utancaqlıq görkəminə çökmüşdü və bu gözəl görünüşüylə addımlayırdı. Bütün gün beləcə keçdi. Onun baxışları hər pəncərədən boylanırdı, elə bil orda onu yozub başdan-ayağa anladacaq birini axtarırdı. Qız beləcə gözləri ilə hər keçən adamı yola saldı və bunların birində mənə tuş gəldi.  Bir dəfə mən ondan yan qaçmışdım, hətta öz hərəkətimdən belə qorxurdum ki, birdən anlayar. Qısa bir an içində mən demək olar ki, axtarıb yenidən tapdığım təsirli sualın cavabını tapdım, neçə il sonra anladım ki, heç bir güclü şey, belə məhv edici, aldadıcı bir şey adamı başdan çıxara bilməz, yalnız bu qızın gözlərində yanan alovdan başqa. Sonra mən onun anası və xalasıyla oturmağını, nazik barmaqlarını, həmçinin tez-tez həyəcanla əllərini çarpazlamasını gördüm. Şübhəsiz, qız orda məktubu gizlətmişdi. Oyun məni son dərəcə maraqlandırmışdı. Axşam mən ona ikinci məktubu yazdım və beləcə lap sonuncu günə qədər. Mən öz məktublarımda bir-birilərini sevən iki gəncin hisslərini, ehtiras çiçəklərinin böyüyüb baş qaldırdığını təsvir etmişdim. Bu mənim üçün bir növ məşq kimi oldu. Eyni zamanda özümü hansısa cələdə durub pusquda gözləyən və göyə bir quş pərvazlanan anda tüfənglə onu ikiyə bölən ovçu kimi görürdüm. Bu böyük gözləntilər məni hətta qorxutdu da. Mən artıq oyunu başa vurmaq istədim, ancaq bu həvəs həddindən artıq çox böyümüşdü. Onun  yerişi yavaşımışdı. Sərt görkəmdə addımlayırdı, sanki rəqs edən qızlara oxşayırdı, üzündə həyəcan vardı, təkrarolunmaz gözəlliyi bütün görünüşünə çökmüşdü. Onun üçün bu məktubları gözləmək yuxu kimi gəlmişdi, ona görə də hər səhər bir qara kölgə qızın alışıb-yanan, təşvişli gözlərində titrəyirdi. Qız hətta özünə çəki-düzən verməyə başlamışdı, saçının rəngi dəyişilmişdi, son dərəcə böyük sevgi onun hər hərəkətindən hiss olunurdu. Gözlərində həmişəlik sual donub qalmışdı. Aramsız yazdığım məktublardan sonra qız güman eləmiş ola bilərdi ki, müəllif haradasa buralardadı.  Görünməyən Ariel ətrafa musiqi saçırdı, qızın buxarlanan, ona əzab verən sirli xəyallarından xəbərdardı, ancaq bütün bununla belə ortaya çıxmaq istəmirdi. Qız axırıncı günlər dirçəldi, hətta bu görünüş onun korazehin həmkarının da gözündən qaçmadı, onlar dəfələrlə sevgiylə qızın işıqlanan yanaqlarına, görkəmli fiquruna oğrun-oğrun baxırdılar və ürəkdən gülürdülər. Qızın səsi cingildəyirdi, bu səs əvvəlkinə nisbətən bərkdən çıxırdı, daha cəsarətli eşidilirdi, boğazında hülqumu titrəyirdi, elə bil bir mahnı sıyrılıb ağzından çıxmaq istəyirdi... Mən görürəm, siz yenə gülümsünürsünüz.
 
- Yox, yox, rica edirəm, davam edin. Mən sadəcə düşünürdüm ki, siz necə gözəl danışırsınız. Çox üzr istəyirəm, ancaq sizdə böyük bir istedad var və siz bunu heç də pis gündə deyil, bütün başqa yazıçılar kimi içinizdəkiləri yaxşı ifadə edə bilərsiniz.
 
-   Siz açıq-açığına, sakitcə, nəzakətlə mənə kinayə etmək istəyirsiniz ki, alman nağılçısıyam, yəni, təntənəli, sentimental, çərənçi, həm də darıxdırıcı biri. Siz doğru buyurursunuz, gərək çalışasan qısa alınsın. Marionetka  kimi hoppanıb düşməkdənsə mən ipi öz əlimə almışam. Mən bununla sizə kiçik bir şübhə yeri qoyuram. Hərdən mənə elə gəlirdi ki, bu qızın baxışları həmişə mənim üzərimdə dayanır, mən isə ona elə təsir bağışlamışdım ki, yəni, məktubların müəllifi burda yaşamır, tamam ayrı bir qonşu kurort yerdə məskunlaşıb və hər gün ya qayıqda ya da paroxodda bu tərəflərə gəlir. Bundan sonralar nə vaxtsa paroxodun zəngi çalınır, qız hansısa bir bəhanəylə anasının yanından qaçır, bir küncə qısılıb aram-aram nəfəs alaraq gələnləri izləyirdi.
 
Boz, yağmurlu günlərin birində mən də həmişəki kimi bu qızı güdməklə məşğul olarkən qəfildən gözlənilməz bir şey baş verdi. Paroxoddakı sərnişinlərin arasından bir gözəl oğlan düşdü, əynində nəzəri cəlb eləyən qəşəng bir geyim vardı, bu görünüş onu gənc italyanlardan fərqləndirirdi. O ətrafa nəzər yetirdi və baxışları gəlib-gəlib ürkmüş, qorxmuş halda dörd bir yana boylanan qızın gözləri ilə toqquşdu. Elə həmən anda qızın ürkmüş görünüşü gülüşlə əvəz olundu. Cavan oğlan ayaq saxladı, qızı diqqətlə süzdü. Düzü, bu məlum məsələdir, nə vaxt sənin qabağına belə qəribə baxışlar çıxır, heç ömründə görmədiyin halla qabaq-qənşər durursansa, demək, yalnız edəcək bir şey var ki, bunu da oğlan etdi, üzündə təbəssüm yarandı və bir-başa qız tərəfə yön aldı. Artıq qızın heç bir şübhəsi qalmamışdı ki, bu odur, neçə vaxtdır gözlədiyi naməlum adam... Qız əvvəl-əvvəl ayağını sazlayıb yüyürdü, sonra addımlarını yavaşıtdı, ardınca yenə sürətlə şığıdı, elə qaça-qaça da oğlana baxırdı. Qorxu və arzular üzə-üzə gəlmiş, qədimdən bəlli olan kimi duelə çıxmışdılar, ehtiras və abır-həya dişlərini qıcayıb qarşı-qarşıya durmuşdular. Bu dueli belə izah etmək olar: həmişə zəif ürək güclü inancın üstündə durur. Oğlan, görünür, cəsarətlənmişdi, heç bir şaşqınlıq olmadan, qıza tərəf istiqamət götürdü, demək olar, ona yetişmək üçün yüyürdü də. Mən artıq buna qorxuyla baxırdım, çünki hər şey bir azdan sap kimi bir-birinə dolaşacaqdı. Elə bu an da yolda qızın anası və xalası peyda oldu. Qız oğlana tərəf atıldı, elə bil pərvazlanan quş kimi, cavan oğlan isə ehtiyatla ondan qurtuldu. Bu qız da üzünü çevirdi və onlar bir-birini səsləyən baxışlarla yenidən qucaqlaşdılar. Gözümün qabağında olub-bitənlər oyunu bitirməyimi lazım bilirdi, ancaq mən bu şirnikdirici şeydən əl çəkmədim, qollarımı çirmələyib işə girişdim. Axşam qıza bu dəfə olduqca uzun bir məktub yazdım, gərək onun gümanını təsdiqləmək lazımıydı. Mənim bu fikrim oyunumun ikinci marioetkasıydı.
 
Ertəsi mən bərk qorxuya düşdüm - qızın üzündə tər-təmiz təlaşlı bir ifadə vardı. Xoşbəxt görünşülü həyəcan bu dəfə yerini anlaşılmaz qəzəbə vermişdi, gözləri yaşla dolmuşdu, hansısa sirli bir ağrı onu sarsıtmışdı. Onun ölü susqunluğu çığırtını andırırdı, kədərdən qaşqabağı yerlə sürünürdü, acı, tutqun ümidsizlik baxışlarından oxunurdu, görünür, bu gün o açıq-aydın xoşbəxtlik gözləyirdi. Mən qorxuya düşdüm. Birincisi, oyunum gözlənilməz bir yerə gəlib çıxmışdı, marionetka günahlanmaqdan və hoppanıb-düşməkdən imtina etmişdi, elə mənim istədiyim həddə çatmışdı. Oyun məni qorxutmağa başlamışdı, hətta qərara almışdım ki, bütün günü gözdən uzaqda olum, qızın baxışlarıyla rastlaşmayım. Otelə qayıdanda mənə hər şey əyan oldu: onların stolları tutulmamışdı, getmişdilər. Onlar getməyə üz qoymuşdular, qız öz ailəsindən bir söz belə ona danışa bilməzdi, onlara heç olmasa bir gün, bir saat lazımdı ki, qızın xəyallarında canlandırdığı kimi xəlvətdə, uzaq bir yerdə, bir əyalətdə məskunlaşsınlar. Bu haqda mən heç ağlıma belə gətirməmişdim. İndiyə qədər məndə mövcud olan ağır taqsırkarlıq bu dəqiqə mənə onun son baxışlarını görməyimi təlqin edirdi, o gözlərdəki qəzəbi, əzabı, ümidsizliyi və qaynayıb-daşan ağrını, ola bilsin, mən uzun müddət görə bilməyəcək, qızın həyatını tamam-kamal itirəcəkdim.
O dayandı. Gecə bizimlə bərabər addımlayır, göydəki qara buludların arasından sıyrılıb çıxan ayın işığı aşağıya qəribə bir aydınlıq çiləyirdi. Yəqin, ulduzlar, uzaqdakı işıqlar və solğun görünüşlü gölün səthi ağacların arasında asılı qalmışdı. Biz kirimişcə yeriyirdik. Nəhayət, dostum sükutu pozdu: - Bu qədər. Bu novella deyil ki?
 
- Bilmirəm, sizə nə deyim. Hər halda, bu maraqlı bir əhvalatıydı, mən digər insanlarla bərabər bunu da yaddaşımda saxlayacam. Danışdığınız hekayəyə görə sizə minnətdarlığımı bildirirəm. Bunu novella adlandırmaq olarmı? Bu yalnızca gözəl bir girişdir, pis başa düşməyin, danışdığınız mənə əhvalatın davamını yazmağa həvəs oyandırdı. Axı bu iki insanın yalnız münasibətləri toqquşur, ancaq onların xasiyyətləri açıb-ağardılmır, bu əlbəttə, insan taleyi üçün mühüm olan bir amildir, amma bununla belə təkcə taleyi də şərtləndirmir. Onları gərək ki, axıra qədər yazmaq lazımdır.
 
- Fikriniz mənə aydındır. Cavan qızın gələcək həyatı gözdən uzaq bir şəhərcikdə, genişlənən müsibətlə adi, məqsədsiz, yekrəng bir həyat sürmək olar.
 
- Yox, təkcə bu deyil. Qəhrəmanlar daha məni məşğul eləmir. Qız bu yaşda azacıq maraqlıdır, onların bir-birini anlaması da gözdən qaçmır, bundan sonrakı həyatları uydurulmuş və eləcə də yeknəsəq ola bilər. Qız vaxtı gəlib-çatanda öz ürəyinə yatan biriylə evlənəcək, bu baş verən hadisə isə açıq-aydın ifadə olunacaq. Yox, o qız məni məşğul eləmir.
 
- Qəribədi. Mən isə belə başa düşdüm ki, bu gənc oğlan sizi daha çox maraqlandıracaq. Belə ötəri hisslər hər bir gəncin başına gələ biləcək hadisədir, həmişə bu elə də hiss olunmur, başqa sözlə tez də unudulur. Gərək saçın ağara, sonra hər şeyi aydın görəsən ki, bu ola bilər. Bu ən təmiz, ən gözəl anları həyatda yalnız pak olduğun vaxt, cavanlıqda verilir.
 
- Cavan oğlan isə məni qətiyyən maraqlandırmır.
 
- Nəyə görə?
 
- Müəllifin imzasını məktubda dəyişdi, bu obrazı isə bir cənab yazdı. Mən düşünürəm ki, heç bir yaşda belə ehtiraslı məktublar yazmaq, eləcə də xəyala gətirilmiş sevgiyə öyrəşmək olmaz. Çalışdım təsvir edəm ki, oyun necə gedir, o necə düşünür, oyunu necə düzüb-qoşur, ancaq belə baxırsan, oyun elə öz-özünə gedir. Qızın cəlb edən gözəlliyini o hər tərəfdən izləməyi öz üzərinə götürür, bununla da möhkəm həyəcanlanır, sonda isə əlindən qaçırdır. Bu dəqiqədə isə, hər şeyin əllərində olduğu vaxt onu ağır bir əzab bürüyür, hamısı da bu oyun ucbatından və oyuncaqdan...
 
- Məndə belə fikir yarandı ki, ahıl adamda yaranan ehtiras elə uşaqdakına bəznəyir, hər ikisi də sevginin elə də fərqində olmurlar. Son anda qarını burdan uzaqlaşdırmaq istədim, o isə məndəki sakitliyi əlimdən aldı, mən yenidən ona tərəf getdim ki, qızı görüm, ancaq axır-axırda qızın gözlərini görmək arzusu donub qaldı. Mən köhnə yerə yenidən gəlib onunla görüşmək ümidini əlimdən bərk-bərk tutmuşdum, onun xoşbəxt taleyindən bir əlçim qoparmaq istəmişdim. Ancaq əlbəttə, tale acımasız olur. Mən bu cür planla novellanı təsəvvürümə gətirdim. Bu da belə oldu ki...
 
- Uydurulmuş, yəqin ki, mümkün olmayan!
 
Mən gözlənilməz hadisədən diksindim. Qəfil, boğuq, demək olar ki, təhdidə bənzər səsini eşitdim. Hələ həmkarımın bu qədər həyəcanlı olduğunu heç vaxt görməmişdim. Aydın oldu: hansısa yeri qaşıyıb qan çıxartmışam. O birdən-birə dayandı və mən kədərlə onun çal saçının işıldadığını gördüm.
 
İstədim, mövzunu çevirib dəyişim, ancaq o artıq səmimi, mehriban, öz sakit, kədərli səsiylə sözə başlamışdı:
 
- Ola bilsin, siz doğrusunuz. Bu, daha da maraqlı ola bilərdi. "L"amour coute cher aux vieillards" ("Sevgi qocaların yolundan ötüşüb keçir").  - deyəsən, bunu Balzak hansısa təsirli romanlarından birində yazmışdı və bu başlıq adında neçə-neçə əhvalat yazılıb. Ancaq yaşlı adamlar, hər şeyi gözəl anlayırlar, bu məsələnin bir tərəfi, digər yandan, onlar yalnız öz qələbələrindən danışarlar, zəif düşdükləri şeyləri açıb-ağartmazlar. Onlar heç vaxt gülməli görünmək istəməzlər, amma bu məqam da onların talelərində bir yer tutur. Nə əcəb siz inanırsınız ki, "təsadüfən yoxa çıxan" bir şey Kazanovun təsvirindəki kimidir? Orda o qocalığını tərənnüm etmişdi. Arvadı tərəfindən aldadılan bir ər hər şeydə aldanılmazmı? Ola bilsin, onun cəsarəti çatmazdı bu haqda yazmağa.
 
O mənə əlini uzatdı. Səsi yenə də sakit, eyni tərzdə soyuq gəlirdi.
 
- Gecəniz xeyrə! Mən görürəm ki, cavan adamlar üçün belə əhvalatları danışmaq təhlükəlidir, hələ hələ yay gecəsində. Bu onlarda dəlisov fikir və boş xəyallar yaradır. Gecəniz xeyrə.
 
O geri çevrilib iri addımlarla qaranlığı yara-yara irəlilədi, sanki bir iz buraxmaq istəyirdi. Artıq gec idi. İllah da yorğunluq, tezdən gecənin ağırlığıyla üzərimə çökmüşdü. Həyəcanım isə indi baş verməmişdi. Qəribə adamı qəfil, gözlənilmədən nəsə sarsıdır ha, bax elə bir yad hiss mənə hakim kəsilmişdi.
 
Mən sakitcə qaranlıq yolla Karlotun villasına doğru addımladım: oranın mərmərdən düzəldilmiş pilləkəni sanki suyun üzü aşağı axmasını andırırdı. Soyuq pilləyə çökdüm. Gecə möcüzəliydi. Belladjiyoda elə bil səhər kimi işıqlar ağacların üstündən asılı vəziyyətdə işım-işım işıldayırdı, hər şey belə daha sonsuz, uzaq görünürdü və yavaş-yavaş qaranlıq bir-birinin üzərinə qalaqlanan əşya kimi daha da qatılaşırdı. Göl qara almaz kimi tərpənməz, lal-dinməz durmuşdu, sahil boyu yerlər alov kimi parıldayırdı. Ləpələr azca küləyin təsiriylə pilləkəndə büruzə verirdi. Sanki ağ əllər işıqlı klavişlərə toxunurdu. Uzaq, solğun göy üzündə minlərcə ulduzlar sayrışır, adama bitməyəcək kimi görünürdü. Ulduzlar cazibədar görünüşlə sakitcə maçıyıb durmuşdular, hərdən bir onların arasından biri yallıda olduğu kimi böyür-başındakıların yanından uzaqlaşır, ancaq yay gecəsinin görünüşünü pozmurdu. Sakitlikdə dərə, vadi, uzaqdakı böyük su hövzəsi heç yerə ayrılıb eləmirdi, elə insan həyatı, boşlu-boşuna atılmış, öyrənilməmiş, bilinməmiş talelər kimi.
 
Tərcümə: Ayxan Ayvaz

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.