Maraqlı

Vəhşi heyvanların böyütdüyü insanlar: Yazıçı, hərbçi... - FOTO

19 Mart 2017 23:24
3 Şərh     Baxış: 4 145
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əhliləşmiş heyvanları böyütmək, bəsləmək, onlarla ünsiyyətdə olmaq bəzi insanların gündəlik məşğuliyyətidir. Hətta elə insanlar da var ki, onlar vəhşi heyvanları qəfəsdə saxlayaraq böyüdür, bəsləyir. Faktlar, dünyanın ayrı-ayrı ölkələrində müxtəlif vaxtlarda rast gəlinmiş maraqlı hadisələr göstərir ki, bəzən heyvanlar da insanları saxlayır, bəsləyir, böyüdür. Hətta vəhşi heyvanlar da... Üstəlik, heyvanların böyütdüyü bəzi insanların elə öz valideynləri tərəfindən atıldığını nəzərə alsaq, onda şüursuz canlıların bu mərhəmətinə təəccüb etməmək olmur.
Milli.Az publika.az-a istinadən  heyvanların böyütdüyü uşaqlarla bağlı bir sıra maraqlı faktları təqdim edir.
Nataşa Mixailova bir neçə il əvvəl Rusiyanın şimali vilayətlərindən birində ailəsi tərəfindən itlərin olduğu yerə atılmışdı. Ailəsi bu körpəni çöl itlərinin arasına qoyub gedəndə azyaşlının heyvanlar tərəfindən parçalanmayacağını nəzərə almamışdı. Amma hər şey əksinə oldu. Nataşanı 2009-cu ildə, 5 yaşında tapdılar. Uşaq danışa bilmir, ona illərlə qayğı göstərmiş itlər kimi hərəkət edirdi.
Əslən britaniyalı olan Marina Çepman 4 yaşında iki nəfər tərəfindən evdən oğurlanmışdı. Oğrular sonradan uşağı cəngəlliyə ataraq gediblər. Burada meymunların himayəsi altına düşən qızcığaz 5 il ərzində heyvanlarla birlikdə yaşadı. O, xatırlayır ki, əvvəlcə ağacları yalayaraq sağ qalmağı bacarıb, sonra isə özünə qida əldə etməyi öyrənib. Meymunlar da bütün davranış qaydalarını, yaşam tərzlərini Marinaya öyrədiblər.
Bir neçə il heyvanlar arasında yaşamış Marina meymunların bütün davranışlarını, qida axtarışlarını öyrənib. O, canlılarla onların öz "dili"ndə danışıb. Beləcə, meymunlar ailəsinin üzvü olub.
Heyvanlar arasında tapılıb insanların arasına gətirilən Marina normal həyata alışıb. Hətta keçmişi barədə "Adsız qız" adlı kitab da yazıb. Onun kitabı qısa zamanda məşhurlaşaraq 7 dilə tərcümə edilib. Hətta kitab barəsində sənədli filmin çəkilişlərində də başlanılıb.
Bu arada bir maraqlı faktı da diqqətinizə çatdıraq. Belə ki, heyvanlar Marinanı tapıb qayğı ilə əhatələdikləri, onu böyütdükləri halda, yeniyetmə qızı meşədən tapmış ovçular onu əxlaqsızlıq yuvasına gətirərək orada qadın alverçilərinə satmışdılar. O, yeni sahiblərinin əlindən güclə qaçıb. Həyata yenidən başlayan keçmiş Mauqli Con Çapmana ərə gedərək ailə qurub.
2010-cu ildə dünyaya gəlmiş Mədinə həyatın ən erkən çağlarında talenin acı qisməti ilə üzləşib - valideynləri onu sevmirdilər. Bu səbəbdən də anası onu itlərin toplaşdığı əraziyə atıb. 2013-cü ildə tapılanda 3 yaşı vardı. Məlum oldu ki, Mədinə bu illər ərzində itlərlə birlikdə yemək yeyib, onlarla da yatıb. Hamı heyvanların onu nə üçün parçalamamasına təəccüblənmişdi. Hazırda xüsusi nəzarət altında saxlanılan 6 yaşlı bu uşaq hələ də normal həyata alışa bilməyib.
"Leopard uşaq" Hindistanda tapılıb. Maraqlıdır ki, onu bir leopard Hindistanın kəndlərindən birindən qaçıraraq meşəyə aparıb. Lakin meşədəki leopardlar nədənsə uşağa toxunmayıblar. O, 3 il sonra 5 yaşında ovçular tərəfindən tapılıb. "Leopard uşaq" pişik kimi hərəkət edir, danışa bilmirdi. Üstəlik ona yaxınlaşmaq istəyən hər kəsi dişləmək istəyirdi. Bütün bunlara rəğmən illər sonra danışmağı və normal insan kimi gəzməyi bacardı.
Sujit Kumard da bəzi insanlar kimi dünyaya gəldiyi gündən ailəsinin qayğısından məhrum olub. Anası onu toyuq hininə atmışdı. Tapılanda 8 yaşı vardı. Yeməyini toyuq kimi yeyən və qaqqıldayan Sujit hazırda onu tapmış qadının evində yaşayır.
İndi Rusiya ordusunda hərbçi kimi xidmət edən İvan Misikovun da qəribə keçmişi var. 1998-ci ildə Moskva yaxınlığındakı qəsəbələrdən birində itlərin əhatəsində tapılmış 6 yaşlı bu uşağın bir neçə ildir heyvanlarla birlikdə yaşaması sensasiyaya səbəb oldu.
Maraqlısı bu idi ki, İvan köpək sürüsünün rəhbəri idi. Belə ki, sürüdəki itləri 6 yaşlı bu uşaq idarə edirdi. O, əvvəlcə müalicə kursu keçdi. Daha sonra isə normal həyata alışma prosesini yaşadı. Böyüdükdən sonra Rusiya ordusunda xidmətə başlayan bu gəncin həyatı haqqında "Köpək uşaq" adlı kitab yazılıb.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.