Maraqlı

Bitkilər görə, eşidə və iyləyə bilirlər - FOTO

21 Yanvar 2017 19:53
0 Şərh     Baxış: 1 113

Bitkilər dünyanı gözsüz, qulaqsız və beyinsiz dərk edirlər. Bunun necə baş verdiyini anlamaqla biz, onlar və hətta özümüz barədə çox şeyləri öyrənə bilərik.

Jack C Schultz-a görə bitkilər "çox yavaş canlılardır".

Bu, sadə biologiya anlaşılmazlığı deyil. Schultz, Missouri Universitetində Bitki Elmləri üzrə professordur və ömrünün 40 ilini bitkilərlə həşəratlar arasında qarşılıqlı təsiri öyrənməyə həsr edib. O, öz işini yaxşı bilir.

O, diqqəti yarpaqlı qohumlarımız haqqındakı təsəvvürlərimizə yönəldir.

Bitkilər ərazi uğrunda mübarizə aparır, yemək axtarır, yırtıcılardan yayınır və ovunu tələyə salır.

Onlar da bir çox heyvanlar kimi canlıdırlar və - heyvanlar kimi - davranırlar.

"Bunu görmək üçün yetişən bitkinin hərəkətlərini sürətləndirmək lazımdır - onda görəcəksiniz ki, onlar heyvanlar kimi hərəkət edirlər", Fransanın Lyon Universitetində bitkilər üzrə alim olan Olivier Hamant deyir.

Doğrudan da sürətləndirilmiş görüntülər bizə məlum olan bitki davranışları dünyasını üzə çıxarır.

David Attenborough-nun məşhur Life (Həyat) seriyasından olan filmlərdə bunu izləmək mümkündür.

Bu bitkilər məqsədli hərəkət edirlər. Bu o deməkdir ki, onlar ərafda nə baş verdiyindən xəbərdardırlar.

"Düzgün reaksiya vermək üçün bitkilərin mürəkkəb duyğu cihazına ehtiyacı var", Schultz deyir.

Bəs bitki nəyi hiss edir? Əgər Tel Əviv Universitetindən Daniel Chamovitz-ə inansaq, bu, bizim hiss etdiklərimizdən elə də fərqli deyil.

Chamovitz 2012-ci ildə özünün What a Plant Knows (Bitki nə bilir) kitabını yazarkən bir az narahatlıq keçirib. Bu kitabında o, elmi araşdırmalarla bitkilərin dünyanı necə dərk etdiyini qələmə alıb.

"Mən reaksiyaların necə olacağından çox narahat idim", o deyir.

Onun narahatçılığı əsassız deyildi. Onun kitabındakı bitkilərin görməsi, qoxulaması, hiss etməsi və bilməsi haqda izah 1973-cü ildə dərc edilmiş Secret Life of Plants (Bitkilərin gizli həyatı) kitabını əks etdirirdi.

Həmin kitabın bəlkə də ən güclü iddiası, bitkilərin klassik musiqi səsinə müsbət reaksiya verməsi fikrini yanlış olması idi.

Tırtıl

Lakin bitkilərin öyrənilməsi anlayışı 1970-ci illərdən bəri uzun yol keçib və son illərdə bitki hisslərinin araşdırılması sahəsində inkişaf müşahidə olunur.

Bu işin motivasiyası "bitkilərin də hissləri olduğunu" nümayiş etdirmək deyil. Məqsəd bitkilərin ətraf mühiti necə və niyə hiss etdiyi sualını verməkdir.

Schultz-un həmkarları Heidi Appel və Rex Cocroft da bitkilərin eşitmə qabiliyyətini araşdırırlar.

"İşimizin verdiyi əsas töhfə bitkilərin səsdən necə təsirləndiyini izah etməkdir", Appel deyir. Beethoven-in simfoniyasının bitkiyə çox az təsiri var, lakin ac tırtılın yaxınlaşması başqa məsələdir.

Appel və Cocroft həyata keçirdikləri təcrübələr zamanı aşkar ediblər ki, tırtılların marçıltı səsləri bitkilərin, onları dəf etmək üçün yarpaqlarını kimyəvi müdafiə ilə təmin etmələrinə səbəb olur.

"Biz nümayiş etdirdik ki, bitkilər ekoloji müvafiq səslərə ekoloji müvafiq cavab verirlər", Cocroft deyir.

Ekoloji müvafiqlik burada açar rolunu oynayır. İsveçrə Federal Texnologiya İnstitutunundan Consuelo De Moraes nümayiş etdirib ki, bəzi bitkilər həşərat səslərini eşitməklə yanaşı, onları iyləyə də bilir və ya qonşu bitkilərin buraxdığı siqnalları qoxulayırlar.

Ən maraqlısı isə, 2006-cı ildə o, dodder üzümü adlı bitkinin potensial düşmənini iyləməsini nümayiş etdirib.

Dodder üzümü daha sonra havada qıvrılaraq bəxtsiz düşməninə sarılır və ondan qidalanır.

Konseptual olaraq bu bitkilərlə bizi çox şey ayırmır. Onlar da bizi kimi nəyisə iyləyir və ya eşidir və daha sonra buna uyğun hərəkət edirlər.

Lakin burada çox vacib bir fərq var. "Biz bitki və heyvanlardakı qoxu qavrama mexanizminin nə qədər oxşar olduğunu bilmirik, çünki biz, bitkilərdəki bu mexanizm barədə çox şey bilmirik", De Moraes deyir.

Bizim burnumuz və qulağımız var. Bəs bitkinin nəyi var?

Dodder

Aydın hissiyyat orqanlarının olmaması, bitkilərin necə hiss etdiklərini anlamaqda çətinlik yaradır. Bitkilərin "görmək" üçün istifadə etdiyi fotoreseptorlar yetərincə öyrənilib.

Lakin bu elə bir sahədir ki, daha çox araşdırmya ehtiyac var.

Öz növbəsində Appel və Cocroft bitkilərin səsə reaksiya verən hissələrini aşkarlamağa çalışırlar.

Xoşbəxtlikdən bitki hüceyrələrində mexanoreseptor proteinləri tapılıb. Onlar mikrodeformasiyaları elə dəyişdirir ki, səs siqnallarından elektrik və ya kimyəvi siqnallar yaranır.

Görünür bitkinin qulağa ehtiyacı yoxdur.

Bizim bitkilərlə bölüşdüyümüz digər bacarıq propriosepsiya: "altıncı hiss"dir ki, o, bizim gözübağlı hərəkətlərimizə imkan verir.

Çünki bu hiss, heyvanlarda bir orqana bağlı deyil, əzələ və beyindəki mexanoreseptorlar arasında əlaqəyə əsaslanır.

Molekul təfərrüatları bir az fərqli olsa da, bitkilər də ətrafdakı dəyişiklikləri sezə bilmək üçün mexanoreseptorlara malikdirlər.

"Ümumilikdə eyni ideyadır", Hamant deyir. "İndiyə qədər biz onu bilirik ki, bitkilərdə bu daha çox mikrotubullara bağlıdır [hüceyrələrin struktur komponentləri].

Propriosepsiya

2015-ci ildə dərc edilmiş araşdırma daha dərin oxşarlıqları nümayiş etdirir. Araşdırma əzələ toxumasının vacib komponenti olan aktinin, bitki propriosepsiyasında rolunu göstərib.

"Bu fikir daha az dəstəklənib", Hamant deyir, "lakin toxumadakı aktin liflərinin iştirakına dair bəzi dəlillər var".

Bu tapıntılar unikal deyil. Bitki hisslərinə dair araşdırma inkişaf etdikcə, tədqiqatçılar heyvanlarla dərin paralellərin olduğunu ortaya çıxarmağa başlayıblar.

2014-cü ildə İsveçrədəki Lausanne Universitetinin komandası nümayiş etdirib ki, tırtıl Arabidopsis bitkisinə hücum etdikdə , o elektrik fəaliyyət dalğasını yaradır.

Bitkilərdə elektrik siqnal vermənin mövcudluğu yeni fikir deyil - fizioloq John Burdon-Sanderson hələ 1874-cü ildə bunun Venus bitkisinin fəaliyyəti üçün mexanizm olduğunu bildirib.

Lakin maraqlı olan, qlutamat reseptorları adlanan molekulların oynadığı roldur.

Qlutamat bizim sinir sistemimizdəki ən vacib neyroötürücüdür və bu, bitkilərdə də eyni rolu oynayır. Yalnız bir əhəmiyyətli fərq var: bitkilərin sinir sistemi yoxdur.

"Molekulyar biologiya və genomika bizə onu deyir ki, bitkilər və heyvanlar həddən çox məhdud molekulyar "bloklar"dan ibarətdir və bir-birlərinə çox bənzəyirlər", Praqadakı Charles Universitetinin araşdırmaçısı Fatima Cvrckova deyir.

Elektrik rabitə iki fərqli yolla təkamül edib və ehtimal ki, təxminən 1,5 milyard il əvvəl heyvanlarla bitkilər arasında ayrılmaya gətirib.

Bu cür bənzərliklərin olduğunu anlamaq və bitkilərin ətrafı hiss etmə bacarıqlarının olduğunu bilmək "bitki intellekti" ilə bağlı diqqət çəkən iddialara yol açıb.

Bitkilərdəki elektrik siqnallar "bitki neyrobiologiyasının" yaranması üçün əsas faktorlardan biri olub və bitki tədqiqatçıları bitkilərdə yaddaş, öyrənmə və problem həll etmə kimi sahələri araşdırırlar.

Bu cür yanaşma hətta İsveçrədə hüquqşünasların "bitkilərin ləyaqətini" qorumaq üçün rəhbərlik hazırlamasına gətirib çıxarıb.

Bir çoxları "bitki zəkası" və "bitki neyrobiologiyası" terminlərinin məcazi məna daşıdığını düşünsə də, bu fikirlər həmçinin bir çox tənqidlərə də yol açıb.

Bitki

"Bitkilərin ağıllı olduğu barədə nə düşünürəm? Məncə bitkilər mürəkkəbdir", Chamovitz deyir. Mürəkkəbliklə zəka qarışdırlmamalıdır, o əlavə edir.

Məsələ burasındadır ki, beləcə bitkilərin bir növ heyvanların aşağı versiyası olduğunu düşünməyimiz tamamilə yanlışdır.

"Biz bitki alimləri, araşdırmamızı ictimaiyyətə təqdim edəndə böyük məmnuniyyətlə bitkilərlə heyvanlar arasında oxşarlıq və fərqlilikləri müzakirə edərik", Cvrckova deyir.

Lakin, o hesab edir ki, bitkiləri izah etmək üçün heyvan bənzətməsinə arxayınlaşmaq qüsurludur.

"Belə bənzətmədən yayınmaq lazımdır".

Bitkilər ehtiyacı olan şeyləri etməyə uyğunlaşıblar. Onların sinir sistemi, beyni və digər orqanları olmaya bilər, lakin onlar digər sahələrdə üstündürlər.

Misal üçün, gözlərinin olmamasına baxmayaraq, Arabidopsis kimi bitkilər bizdən fərqli olaraq dörd deyil, ən azı 11 növ fotoreseptor emal edir.

Bu mənada onların görmə qabiliyyəti bizimkindən daha mürəkkəbdir. Bitkilərin fərqli prioritetləri var və onların hiss etmə sistemləri bunu əks etdirir.

Bitkilər də heyvanlarla bir çox eyni çətinlikləri yaşasalar da, onların hissiyyat tələbatları onları fərqləndirən şeylərdən formalaşıb.

"Bitkilərin köklərinin olması - onların yerlərini dəyişə bilməməsi - o deməkdir ki, onlar bizdən daha çox ətraf mühitdən xəbərdar olmalıdırlar", Chamovitz deyir.

Yerkökü

Hamant isə hesab edir ki, biz bitkiləri heyvanlarla müqayisə etdikcə, bitkilərin dəyərini unuda bilərik.

"Mən bitkilərin möhtəşəm, maraqlı, ekzotik canlılar kimi qəbul edilməsini görmək istəyirəm", Cvrckova razılaşır.

Bitkilərlə bəzi eyni cəhətlərimizin olmasını dərk etməyimiz imkan yaradır ki, bizim, düşündüyümüzdən daha çox bitkiyə oxşadığımızı qəbul edək, necə ki, bitkilər düşündüyümüzdən daha çox heyvanlara oxşayır.

"Bəlkə də biz düşündüyümüzdən daha çox mexanikiyik", Chamovitz yekunlaşdırır.

O hesab edir ki, oxşarlıqlar bitkilərin təəccüb doğuracaq dərəcədə mürəkkəb olduğunu göstərir və bütün bu faktorlar Dünyadakı bütün canlıları birləşdirir.

"Bu halda biz biologiyanın birliyinə dəyər verməyə başlayarıq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.