Maraqlı

Bir içən bir də istəyir - REPORTAJ - VİDEO - FOTO

24 Oktyabr 2016 20:50
2 Şərh     Baxış: 3 773
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meyvələrdən üç meyvə var,
Biri alma, biri heyva, biri nar.
Alma sənin, heyva da sənin,
nar mənim, daha doğrusu, Asəf Kərimovun olsun.

Narı Asəf Kərimova verməyimizin səbəbi var. O, nardan nələr hazırlamır ki...
Bir çoxlarının 8-ci kilometr bazarında gördüyü, bəzilərinin də publika.az-ın bu reportajından sonra tanıyacağı Asəf Kərimova nar mütəxəssisi deyə bilərik. Göyçay sakini və bütün həyatı narla bağlı olan müsahibim illərdir çörəyini əkdiyi narlardan çıxarır. Amma onu qəhrəman seçməyimizin səbəbi nə bağlarındakı 500 nar ağacı, nə də yetişdirdiyi ləzzətli narlardır. Səbəb özünün hazırladığı nar suyu çəkən aparatıdır.
Elə tanışlığımızın da səbəbi məhz bu aparatdır. Onu tapmağımız o qədər də çətin olmadı. 8-ci kilometr bazarına daxil olub, "nar suyu çəkən dayını harada tapa bilərik" deyən kimi, ikinci bazarı istiqamət verdilər. Biz də istiqaməti tutub, düz Asəf Kərimovun piştaxtasının qarşısına gəldik. Əvvəlcə, bütün ilk görənlər kimi, aparatı nəzərdən keçirib, söhbətə başladıq.
Dediyinə görə, gözünü açandan narla məşğul olur. O, illərdir Göyçayda, Bakıda bazarda nar satandan sonra, nar suyu çəkib satmaq qərarına gəlib: "Əvvəl bu aparatın kiçik forması idi. Nar suyunu çəkib buradaca satırdım. Sonra fikirləşdim ki, bu işi bir az da böyüdüm. Əvvəlki aparatda hazırlanan su uzun müddət qalmamalı idi. Ona görə də, yeni üsul fikirləşdim. Bu ildən gördüyünüz aparatı hazırladım".
Əvvəlcə dəyəri 1000 manat olan "nerjaveyka"dan (paslanmayan metal) nar suyu çəkən aparat hazırlanıb və ona sistem "şlanq"ları qoşulub. Nar diri halda aparata yerləşdirilir və sıxılır. Aparat hər gün yuyulur. Hələ ki, sıxma insan gücü ilə həyata keçirilsə də, gələcəkdə bunu daha da müasirləşdirmək istəyir. Sıxılmış nar suyu buradaca stəkanı 50 qəpiyə, litri 3 manata satılır.
Amma texnologiyanın maraqlı tərəfi sıxılmış nar suyunun yaya saxlanmasıdır. Asəf bəy bunu da düşünüb və elə piştaxta boyunca uzanan sistem "şlanq"larının da mahiyyəti bu imiş: "Sıxılmış nar suyu qaba tökülür. Həmin qabdan çəkilmiş xətlər vasitəsilə su "şlanq"ın içərisində dövr edir. Dövr edən su, ayrıca qaba tökülür. Onun içərisində də xüsusi filtr var. Təmizlənmiş nar suyunu bir neçə il saxlamaq olar. Filtrdən keçməmiş suyu ancaq 3 gün saxlamaq olur, sonra qıcqırma verir. Filtr vasitəsilə nar suyu tam təmizlənmiş olur. Suyun tam təmiz olması üçün hər gün iki dəfə filtrləri yuyuruq. Gələcəkdə sistem şlanqlarının içərisinə xüsusi nerjaveyka telləri yerləşdirəcək, bu zaman daha yaxşı təmizlənəcək. İndi evlərdə nar suyunu qaynadaraq uzun müddət saxlaya bilirlər. Ancaq onun ömrü 5-6 aydan çox olmur. Amma mənim ötən il hazırladığım nar suyunu iyun ayında satmışam".
İl ərzində 10-15 ton nar suyu çəkib, yaya saxladığını deyən müsahibimin hazırladığı aparatda gün ərzində 150-200 kq nar suyu çəkmək olur: "Gündə 150 litr sata bilirik. Stəkanla daha çox alırlar. Bir stəkan içən, deyir ki, birinə də ver. Bəyənənlər başqa alıcıları da gətirir. Maraq pis deyil. İsti aylarda stəkanla daha çox satıram.
Aparat əl ilə idarə olunduğuna görə bir adam gün ərzində çox çəkə bilmir. Amma fikrim var ki, gələcəkdə bunu elektriklə işlədim. Bu il ona maddi imkan olmadı".
O, öz bağının məhsulu yetərli olmadığına görə başqa kəndlərin, rayonların da narını almalı olur. Amma dediyinə görə, məhz Göyçay narının suyu daha yaxşı olur: "Başqa rayonların narı Göyçay narı qədər sulu olmur. 2.5-3 kq Göyçay narından 1 litr nar suyu hasil olur. Lakin başqa rayonların narı qalın qabıq olduğuna görə 4 kilodan 1 litr almaq mümkündür".
A.Kərimov belə bir texnologiyanı heç bir yerdə görmədiyini deyir, bütün sistem tamamilə öz beyninin məhsuludur: "Bu nədir ki? Narı dənələyən xüsusi aparat hazırlamışam. Onun uzunluğu dörd, eni bir metrdir. Bir gündə həmin aparatla 1 ton narı dənələmək olur. Bu aparatın daha kiçik formasını rayonda hazırlamışam. Orada da ailəmiz nar suyu çəkib satır".
Heç bir ali təhsili olmayan Asəf bəy bu texnologiyanı işinə olan marağından yaratdığını deyir: "Ali təhsilim yoxdur, heç sən deyən elə oxuyan da olmamışam. Amma hansı işlə məşğul oluramsa, ən yaxşısını etmək istəyirəm. Əlbəttə, maddi maraq da var".
Asəf bəy orta hesabla 1300 manat xərc çəkdiyi aparatı gələcəkdə daha da müasirləşdirmək istəyir. Bunun üçün isə daha çox nar suyu satmalıdır.

Videonu izləmək üçün şəklə klikləyin:
Göyçaylı Asəfin icadı - Narsıxan aparat

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.