Maraqlı

İstirahət və əyləncə üçün ideal yer - qadın hamamından VİDEOREPORTAJ

27 Avqust 2016 15:17
7 Şərh     Baxış: 3 497
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda xanımların istirahət edə biləcəyi yerlərin sayı o qədər çox deyil. Ya parka gəzməyə gedərlər, ya da gözəllik salonlarına. Amma bir məkan da var ki, istirahət üçün ideal yerdir. Həm də dövri-qədimdən mövcuddur. Söhbət hamamdan gedir. Hamamlar əsrlərdir həm kişilər, həm də qadınlar üçün sevilən məkandır. Son illər o qədər də dəbdə olmasa da, mövcudiyyətini davam etdirir. Milli.Az APA TV-yə istinadən bildirir ki, İçərişəhərdə zamanında 9 hamam olub. Lakin bu gün onlardan yalnız ikisi fəaliyyət göstərir. Onlardan biri də Ağa Mikayıl hamamıdır. XVIII əsrdən qalan bu məkan elə o vaxtdan fasiləsiz fəaliyyət göstərir. Deyilənə görə, bir neçə əsr keçməsinə baxmayaraq, burada, demək olar ki, heç bir dəyişiklik olmayıb. Yüngül təmir işləri nəzərə alınmasa, hər şey qorunub saxlanıb. Hamamın qapıları həftədə iki dəfə yalnız xanımlar üçün açılır. Vəfa xanım artıq 18 ildir ki, burada çalışır. Deyir ki, uzun illərdir, burada, demək olar ki, heç nə dəyişməyib.
 
"İçərişəhərdən yaşlılar gəlirlər, boxçaları ilə. İstirahət edirlər. Otururlar, çay içirlər. Özləri ilə maskalar gətirirlər, tətbiq edirlər. Söhbətləşirlər. Süfrə açırlar, çay içirlər. Dincəlirlər, gedirlər".
 
Təbii ki, içəridə çəkiliş etmək mümkün olmadı. Məlum məsələ... Kişinin qadın hamamına girməsi qadağandır. Lakin orada çalışan işçilərlə söhbətdən məlum oldu ki, daimi müştərilər çoxdur. Xanımlar üçün hər şərait var. Duş, hovuz, buxar otağı, masaj, hovuz, kisələmə də öz yerində.
 
"Duş qəbul edirlər. Buxar otaqlarımız var. Hovuz da var. Hamısından istifadə edirlər. Masaj və kisə isə kimə lazımdırsa, kim tələb edirsə, masajçılarımız, kisəçilərimiz xidmət göstərirlər". 
 
Vəfa xanımın sözlərinə görə, hamama əsasən, içərişəhərlilər çox gəlirlər. Onlar üçün bura sevimli məkandır. Yeri gəlmişkən, gəlin köçəcək qızlar da son zamanlar xına mərasimlərini hamamda edirlər. Səhərdən gəlir, xına yaxır, şam yandırır, axşama qədər əylənirlər.
 
Bu hamam yerli əhali ilə yanaşı, turistlərin də sevimli məkanıdır. İçərişəhərə gələn turist mütləq hamama baş çəkir. Elə çəkiliş etdiyimiz müddətdə də turistlərlə qarşılaşdıq. Çəkilişə icazə verməsələr də, söhbətləşmək imkanı tapdıq. Dedilər ki, ilk baxışdan çox maraqlı gəlir. İmkan tapıb mütləq istirahətə gələcəklər.
 
Əziz xanımlar, gündəlik qayğılardan qısa müddətə olsa da, xilas olmaq, dincəlmək, yenilənmək istəyənlər hamama üz tuta bilərlər. Necə deyərlər, həmişə təmizlikdə!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.