Maraqlı

Bakirəliyi pozmaq üçün kirayələnən kişi - FOTO

23 İyul 2016 18:25
25 Şərh     Baxış: 21 703
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az BBC-yə istinadən Ed Butlerin reportajını təqdim edir
 

Mən Erik Aniva ilə onun cənubi Malavinin Nsanje rayonunundakı üçotaqlı daxmasının həyətində görüşürəm.
O məni əynindəki çirkli yaşıl köynəklə, axsaya-axsaya (dediyinə görə anadangəlmə çolaqdır) və hərarətlə salamlayır. Belə görünür ki, medianın diqqətindən məmnundur.
 bildirir ki, Aniva bütün mənalarda bu kəndin görkəmli "kaftar"ıdır. Bu titul cənubi Malavinin bir neçə ucqar rayonunda "seksual təmizləmə" ayininin icrası üçün icmalar tərəfindən kirayələnmiş kişilərə verilir. Məsələn, hər hansı kişi vəfat edirsə, adətə görə onun arvadı ərini dəfn etməzdən əvvəl Aniva ilə yatmalıdır. Əgər qadın abort olunubsa, onu yenə də Aniva "təmizləməlidir".

Ən heyrətamizi budur ki, burada, Nsanjedə yeniyetmə qızlar özlərinin ilk aybaşısından sonra üç gün ərzində qadınlığa keçidi sekslə qeyd etməli olurlar. Yerli inanclara görə qızın bundan imtina etməsi təkcə onun öz ailəsinin deyil, bütün kəndin xəstəliyə və ya hər hansı başqa bəlaya düçar olmasına səbəb ola bilər.

"Mən əsasən qızlarla, məktəbli qızlarla yatıram - deyir Aniva, - Bəzi qızlar 12-13 yaşında olurlar, lakin mən üstünlüyü daha yaşlı qızlara verirəm. Bütün bu qızlar mənim onlara kaftarlıq etməyimdən həzz alırlar. Onlar əslində fəxr edirlər və başqalarına deyirlər ki, bu əsl kişidir, qadına necə həzz verməyi bilir".

Onun lovğalanmasına baxmayaraq, yaxın kənddə gördüyüm bir neçə qız başlarına gələnlərdən ikrah hissi keçirdiklərini deyiblər.
"Mənim başqa yolum yox idi. Mən bunu valideynlərimin xətrinə etməliydim, - deyir Mariya adlı qız, - Mən bundan imtina etsəydim, ailəm xəstəliklərə, hətta ölümə mübtəla olardı. Ona görə də çox qorxurdum".
Onlar deyirlər ki, bütün rəfiqələri kaftarla seks ediblər.
Aniva 40 yaşlarındadır (özü bu barədə yayğın məlumata malikdir) və hazırda iki arvadı var. Onlar ərlərinin məşğuliyyətindən xəbərdardırlar. O deyir ki, indiyədək 104 qadın və qızla cinsi əlaqədə olub, hərçənd 2012-ci ildə yerli qəzetə müsahibəsində də eyni rəqəmi verib. Məncə o hesabı çoxdan itirib.
Anivanın öz bildiyinə görə beş övladı var. Nə qədər qız və qadını hamilə etməsindən məlumatsızdır.
O deyir ki, bu icmada 10 kaftardan biridir və Nsanjedə hər kəndin öz kaftarı var. Onlara hər bir "təmizləmə" üçün 4-7 dollar pul ödəyirlər.

"Arvadlıq düşərgəsi"

Buradan bir saatlıq maşın yolu məsafəsində məni 50 yaşlarında olan və kəndlərindəki adətlərin icrasına nəzarət edən üç qadınla - Fagisi, Krissi və Felia ilə tanış edirlər. Onların işi yetkinlik yaşına çatmış qızları hər il buradakı düşərgələrə aparmaqdır. Burada onlar qızlara arvadlığı və kişiləri seksual baxımdan məmnun etməyi öyrədirlər.
Kaftarla "seksual təmizlənmə" bu prosesin yekun mərhələsidir və valideynlərin razılığı ilə könüllü icra olunur. Fagisi, Krissi və Felia izah edirlər ki, bu proses valideynlərin və icmanın infeksiyalardan müdafiəsi üçün lazımdır.
Mən onlara başa salmaq istəyirəm ki, bu "təmziləmənin" özü xəstəliklərin yayılmasına səbəb ola bilər. Adətə görə kaftarla seks zamanı prezervativlərdən istifadə olunmamalıdır. Lakin onlar deyirlər ki, kaftarı mənəvi dəyərlərinə görə seçirlər və buna görə də burada heç bir İİV/QİÇS yoluxmasından söhbət gedə bilməz.
Lakin aydındır ki, kaftar praktikası İİV virusunun yayılması baxımından böyük risk təşkil edir. BMT-nin təxminlərinə görə hər 10 malavilidən biri virusun daşıyıcısıdır. Mən Anivadan daşıyıcı olub-olmadığını soruşram. O müsbət cavabı ilə məni şoka salır, amma deyir ki, onu kirayələyən valideynlərin bundan xəbərləri yoxdur.

Söhbətimiz davam etdikcə Aniva başa düşür ki, mən eşitdiklərimdən o qədər də məmnun deyiləm. Odur ki, lovğalığını dayandırır və deyir ki, indi əvvəllər olduğundan daha az "təmizləmə" işi aparır. "Mən orda-burda hələ də bu ayini icra edirəm, - deyir, - Amma dayandırıram".

Bu ayinlərdə iştirak edənlərin hamısı bilir ki, ətraf dünyada onların bu praktikası təkcə kilsələr yox, QHT-lər və hökumət tərəfindən də pislənir. Hökumət "zərərli adət-ənənələrə" son qoyulması üçün kampaniya aparır.
"Biz bu adamları lənətləmirik, - deyir Gender və Rifah Nazirlyinin katibi doktor May Şaba, - Lakin biz onlara bu ayinlərin dəyişdirilməsi üçün məlumat veririk".
Mənə deyirlər ki, bir az təhsil görmüş valideynlər, bəlkə də artıq kaftarların xidmətindən istifadə etmirlər. Lakin söhbət etdiyim yaşlı qadınlar geriyə çəkilmək barədə düşünmürlər.
"Bizim mədəniyyətimizə nə olub ki? - deyir Krissi, - Əgər bugünkü cəmiyyətə diqqət etsəniz görərsiniz ki, qızlar məsuliyyətsiz olublar. Odur ki, biz qızlarımıza təlim keçməliyik. Onlara kənddə özlərini necə aparmalı olduqlarını öyrətməliyik ki, yollarını azmasınlar. Yaxşı arvad olub ərlərini məmnun etsinlər. Ailələrinin başına bəla gəlməsin".
Fransada doğulmuş katolik keşiş Clause Boucher ata 50 ildir ki, Malavidə yaşayır. Görkəmli antropoloq olan müqəddəs ata deyir ki, bu ayinlərin kökü qədim əsrlərə gedib çıxır. Qədim inanclara görə uşaqlar cinsi yetkinlik yaşına çatdıqda seksual ayindən keçməlidirlər. Əvvəllər qızlar 15-16 yaşına çatanda bu ayinləri onların gələcək əri olmaq üçün seçilənlər icra edərdilər. Bu gün isə bu işi muzdlu seks ustası - kaftar görür və heç kim də bundan utanmır.
Boucher ata deyir ki, uşaqların seksuallaşdırılmasına yönələn ayinlərə qarşı mübarizə ucqar cənub bölgələrində ciddi müqavimətlə qarşılanır. Bütün bunlar xristianlığın artıq bir əsrdir ki, bu yerlərdə bərqərar olmasına, AİDS epidemiyasının 30 ildir, tüğyan etməsinə rəqmən baş verir. Lakin ölkənin əksər hissələrində, xüsusilə də Blantir və Lilonqve şəhərlərində "seksual təmizləməyə" nadir hallarda müraciət olunur.

Malavinin mərkəzi Dedza rayonunda kaftarlardan yalnız dullar və sonsuz qadınlar üçün istifadə edilir, lakin ali tayfa başçısı Tereza Kaçindamato Malavidə bu ənənəyə qarşı mübarizəni şəxsi amalı seçmiş nadir qadınlardan biridir.
O başqa regional başçıları da bu cür səylərdə bulunmağa çağırır. Manqoçi kimi bəzi şərq regionlarında seks mərasimlərini qızların "yağlanması" adlanan daha münasib ayinlərlə əvəz etməyə başlayıblar.
Lakin Nsanjedə adətləri dəyişmək fikrində görünmürlər. Dünyanın ən yoxsul ölkələrindən biri olan Malavidə kənd yerlərində baş verən aclıq barədə xəbərlər tez-tez yayılır və "kaftarlar" o qədər də vacib problem sayılmır.



Ucqar kəndlərdən birində mən Anivanın iki arvadından biri - Fanni və onun sonbeşik qızı ilə tanış oluram. Fanni hələ dul qalmazdan əvvəl Aniva tərəfindən "seks təmizləməsi" ayinindən keçirilib. Bundan az sonra onlar evləniblər.
Onların münasibətləri gərgin görünür. Əri ilə üzbəüz oturan qadın utana-utana etiraf edir ki, onun məşğuliyyətindən narazıdır, amma bu iş gəlir gətirir. Mən ondan soruşuram ki, indi 2 yaşında olan qızının 10 il sonra bu ayindən keçəcəyi barədə nə düşünür?
"Mən bunun baş verməsini istəmirəm, - deyir qadın, - Mən istəyirəm ki, bu ənənəyə son qoyulsun. Bizi kaftarlarla yatmağa məcbur edirlər. Bu bizim istəyimizlə olmur və düşünürəm ki, bu, qadınlar üçün olduqca kədərli haldır".
"Siz bu ayindən keçəndə də bundan xoşlanmadınız?" - soruşuram.
"Mən bu hadisəyə indiyədək nifrət edirəm" - deyə cavab verir.
Mən Anivadan da öz qızının belə bir ayindən keçməsinə necə baxdığını soruşanda, o məni bir daha təəccübləndirir.
"Mənim qızım yox. Mən buna yol verə bilmərəm. Mən indi bu bədnam adətə son qoyulması uğrunda mübarizə aparıram".
"Deməli, həm mübarizə aparırsan, həm də bu işlə məşğulsan?"
"Yox. Deyirəm də, mən bu işi dayandırıram".
"Doğrudan?"
"Əmin ola bilərsiniz. Mən bu işi dayandırıram".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.