Maraqlı

Dostunun cənazə mərasimində skandal yaradan yumorist

31 May 2016 18:40
Baxış: 3 090
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az sim-sim.az-a istinadən Toğrul Cəfərin məqaləsini təqdim edir

Əfsanəvi "Monty Python"

"Qrehem Çempmen, "Tutuquşu" səhnəciyinin ssenaristi artıq yoxdur; dünyasını dəyişib və dinclik içində yatır. O, həyata təpik vurub, ümidini bir budağa bağlayıb, tozu burnuna çəkib və səmadakı işıqlı əyləncənin böyük şefi ilə görüşməyə gedib. Və böyük ehtimalla, bu dəqiqə hamınız belə düşünürsünüz: Çox təəssüf ki, böyük istedad, mərhəmət və yüksək intellekt sahibi bu şəxs, 48 yaşına, yəni vəfatına qədər bir çox şey qazanıb və çox əyləncəli bir həyat yaşayıb. Hətta bəziləriniz daha da irəliyə gedərək, "Kaş, indicə gözümüzün qabağında canlanardı" kimi fantastik düşüncələrə dalırsınız. Amma mən belə düşünmürəm. Məncə, bunların hamısı cəfəngiyyatdır. Yaxşı ki, bu müftəxor alçaq başımızdan rədd olub getdi: "Yaxşı ki, ondan qurtulmuşuq..."

"Monty Python" komediya qrupunun üzvü Con Klis illərlə eyni komandada çalışdığı dostunun cənazə mərasimində bu sözləri deyirdi. Ardınca əlavə edirdi Klis: "O, məni əsla bağışlamazdı, əgər mən onun adına sizi təəccübləndirəcəyim bu mükəmməl fürsəti qaçırmış olsaydım". Salondakılar isə bu çıxışa bir yandan təəccüblənir, bir yandan isə - "Monty Python üslubuna" bələd olduqları üçün də qəhqəhələrini gizlədə bilmirdilər.

Bu gün dünya miqyaslı "ingilis yumoru" deyə bilinən bir gerçəklik varsa, bunun ən önəmli səbəbkarlarından biri (bəlkə də, birincisi) "Monty Python" adlı komediya qrupudur. Bu komanda çağdaş ingilis komediyasının atası hesab olunur. İngilis yumorunu populyar kültür (TV və Kino) vasitəsilə dünyaya çatdıran bir çox önəmli işlərin altında "Monty Python" imzası vardır. Daha əvvəl teatr səhnəsində fəaliyyət göstərən 6 nəfərdən (Qrehem Çempmen, Con Klis, Terri Qilyam, Erik Aydel, Terri Cons, Maykl Pelen) ibarət qrup 1969-cu ildə, dövlətdən maliyyələşən, ictimai telekanal (public channel) BBC-də yayımlanmağa başlayan "Monty Python Uçuş Sirki" ("Monty Python Flying Circus") adlı verilişlə birlikdə geniş tamaşaçı kütləsinin qarşısına çıxdı.

Özündən əvvəlki nəsildən ilham almaqla yanaşı, komediya tarixinə öz fərqli üslubu və gətirdiyi yeniliklərlə adını qızıl hərflərlə yazdıran "Monty Python"intensiv şəkildə fəaliyyət göstərdiyi, 1969-cu ildən 1980-ci illərin əvvələrinə qadər olan dövrdə həm televiziyada, həm də kino sahəsində bir çox uğurlu layihələr həyata keçirmişdir. Satirik baxış, sürreal vəziyyətlər, absurd dialoqlar və qara komediya qrupun gördüyü işlərin əsasını təşkil edib.

Yarandığı dövrdə, sənət sahəsində sürətlə yayılan postmodernist dalğanı düzgün təhlil edərək, bu dalğanı televiziyaya daşıması da qrupun dünya komediya tarixindəki rolunu daha da önəmli hala gətirmişdir. Qrupun önəmli özəlliklərindən biri də gördükləri işlərdə posmodernist tryuklardan bolluca istifadə etmək idi. Məsələn, hansısa bir səhnəcikdə, qəfildən ortaya çıxan yüksək rütbəli bir zabit "Cəld olun, cəld olun, səhnəciyi tez bitirin, o biri səhnəciklər gecikir" dedikdən sonra kameraya dönərək: "iki skeçdən sonra məni izləyin" deyir. İki skeçdən sonra həmin zabit baş rolunda olduğu səhnəciklə tamaşaçının qarşısına çıxır. Belə kiçik tryuklar o dövr üçün tamamilə yeni bir yol idi. "Monty Python" televiziya kimi mühafizəkar bir platformada, öz anarxist üslubunu qəbul etdirməyi bacardı. Bir çox eksperimentləri TV efirində ilk dəfə onlar etdilər. Cəsarət "Monty Python" qrupunun uğurunun əsas səbəbi idi. Komanda o günə kimi heç kimin cəsarətinin çatmadığı şeyləri etdi. Qəlibləri dağıtmaq, şablonları ələ salmaqla qrup yeni bir ənənənin əsasını qoydu.

Bu gün, əsasən, qlosakson kültürdə və dünyanın bir çox yerində fəaliyyət göstərən yumor adamları bu qrupun cəsarətindən, yaradıcılığından ilham almışdır. Komediya filmləri və sitkomlar çəkən, stendap şoular hazırlayan yumoristlərdə "Monty Python"un təsirini görmək mümkündür. Bu təsir bəzən TV-də yayımlanan satirik bir gecə şousunun açılış şapkasında, bəzən yumoristik bir verilişin kiçik bir səhnəciyində, bəzən də bir filmdə və ya tamaşada özünü göstərir. Musiqidə "Beatles" nədirsə, komediyada da "Monty Python" odur. Bunu dünyanın sənət avtoritetləri söyləyir.

"Monty Python" intensiv şəkildə fəaliyyət göstərdiyi 1969-1980-ci illərdə bir çox çevrələrin tənqid hədəfi olub. Etdikləri sərt zarafatlar, çəkdikləri satirik skeçlər və filmlər daim müzakirə predmeti olmuş, birmənalı qarşılanmayıb. Dinlə bağlı hazırladıqları səhnəciklər, çəkdikləri filmlər də din adamları tərəfindən tənqid edilib. Hətta iş o yerə çatıb ki, həmin din adamları "Monty Python"un çəkdiyi filmlərin premyeraları olan kinoteatrın önündə dayanıb, insanları içəri girməməyə səsləyiblər. Yəni vəziyyət bu qədər sərtləşib. Onlar bu cəsarətləri sayəsində "Monty Python" brendini yaratdılar və indi olduğu kimi, illər sonra da bu əfsanə haqda danışılmağa, haqqında filmlər çəkilməyə, kitablar yazılmağa davam edəcəklər. Hazırda komanda üzvləri ayrı-ayrılıqda işlər görməklə yanaşı, zaman-zaman birlikdə də maraqlı layihələrə imza atırlar.

Yumor həyata qarşı bir mövqedirsə, "Monty Python" bu səngərin ən güclü əsgəridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.