Maraqlı

Azərbaycanda istirahət rusiyalıların yadında nə ilə qalıb?

29 Aprel 2016 22:31
4 Şərh     Baxış: 2 197
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Rusiya-Azərbaycan Dostluğu (RAD) Mərkəzinin jurnalistləri Moskva sakinləri arasında Azərbaycanda istirahətin nəylə yadda qalması barədə sorğu keçiriblər.

RAD Mərkəzinin mətbuat xidməti xəbər verir ki, son iki ildə Rusiyanın turizm bazarı yeni istiqamətlərin mənimsənilməsi ilə fəal surətdə dəyişir. Sahənin nümayəndələri yekdilliklə Azərbaycanı ən perspektivli və maraqlı marşrutlar sırasına aid edir. Burada şimallı adamın könlü istəyən hər şeyi tapmaq olar: cənnətməkan tropik çadırlar, isti mavi dəniz, bol meyvə, qədim tarixin nadir abidələri, ləziz yeməkləri olan milli mətbəx, əla infrastruktur... və bura mühüm bir əlavə: dil baryerinin yoxluğu, ənənəvi cənub qonaqpərvərliyi və rusiyalı qonaqlara səmimi dost münasibəti.

Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev qeyd edir ki, turizm istiqaməti kimi Azərbaycan, təəssüf ki, hələ də kifayət qədər tanınmır. Deputat deyir: "Bu böyük nöqsandır, çünki coğrafi yaxınlığı və əlçatan qiymətləri sayəsində Azərbaycan rusiyalı turistin kiçik büdcə ilə Avropa keyfiyyətli xidmət və unudulmaz təəssürat əldə edə biləcəyi yerdir".

Azərbaycana səfərdən turistlərin hafizəsində hansı xatirələr qalıb? Parlamentlərarası dostluq qrupu mətbuat-xidmətinin jurnalistləri Moskva küçələrində ötüb-keçənlərdən bunu soruşublar.

Diktofon və fotoaparatdan çəkinməyən gözəl gənc qadın Tatyana deyib: "Bir il əvvəl, toydan sonra ərimlə orada olmuşuq. Bu, onun ideyası idi, düzü, mən ərimlə dərhal razılaşmadım. Sonra birlikdə Bakının fotolarına baxdıq, rəyləri oxuduq və mən də bu səfər etmək fikrinə qoşuldum. Bakıya gəldik və ilk gündən anladıq ki, heç bir şəkil, hətta ən yaxşısı belə bu gözəlliyi bütünlüklə əks etdirmir. Məni xüsusilə heyrətə gətirən Bakıda bir çox qədim məscid, qüllə və sarayların müasir tikililərlə harmoniya təşkil etməsi, bir-birini tamamlaması idi. Bu, sadəcə nağıla bənzəyirdi, məncə, həyatda belə şeylər olmur! Bu olduqca gözəl, inanılmaz idi! Əlbəttə, Azərbaycan mətbəxinə də söz ola bilməz. Elə hey narahat idim ki, artıq çəki yığacağam, sonra bu fikri tam unutdum. Arıqlamağı ev üçün saxladım, axı bu həmişə mümkündür, amma belə yeməklərdən zövq almaq yalnız Bakıda mümkündür!"

İşləri ilə əlaqədar Moskvada olan saratovlu Pavelin də Azərbaycanla bağlı xoş xatirələri var. Amma onun səfəri fərqli səbəbdən yaranıb. Bir neçə il əvvəl Pavelin qızı çiynini sındırıb. Zədə ağır olduğundan qızın səhhəti çox ləng bərpa olunub. Daimi stress nəticəsində qızda neyrodermit inkişaf edib. Elə o zamanlar Pavelə dünya şöhrətli Naftalan nefti haqqında danışıblar, deyiblər ki, bu neftin sayəsində sovet dövründə yüz minlərlə insan şəfa tapıb. Pavel deyir: "Məni xüsusilə heyrətə gətirən qoltuqağacı muzeyi oldu. Dedilər ki, bəs insanlar qoltuqağaclarına imzalarını qoyub Naftalandan sapsağlam çıxıb gedirlər. Bir sözlə, həyat yoldaşımı və qızımı da özümlə götürüb yola çıxdıq. Səhərlər naftalan vannası, axşamlar bol gəzinti. Gəncəyə də getdik. Gözəl şəhərdir, orada görməli çox şey var. Sanatoriyanın özü də ekskursiyalar təşkil edirdi, əla idi. Rahat otaqda qalırdıq, həkimlər çox diqqətli idi, ümumiyyətlə, çox səmimi insanlardır. Hamı da rusca danışır, məəttəl qalmışdım! Müalicənin çox xeyri oldu, indi qızımın çiyni yaxşıdır, dəri problemləri də daha yoxdur... Danışdıqlarımı qeyd edəsi olsanız, yazarsınız: Sağ olsun Naftalan!"

Tələbə Nina çox tələsirdi, lakin qaçaraq da olsa, dedi ki, valideynləri ilə Lənkəranda olub və oradakı almaların ətrini hələ də xatırlayır. Dmitri 2015-ci ildə dostları ilə birgə Bakıya ilk Avropa Olimpiya Oyunlarının açılışı mərasiminə baxmağa gedib: "Ən yaxşı təəssüratlar! Birincisi, açılış heyrətamiz idi. İkincisi, şəhərin özü fantastikdir. Nəhayət, üçüncüsü, insanlar çox yaxşıdır. Bir dəfə yolu azmışdıq, bizə nəinki yolu göstərdilər, hətta otelədək ötürdülər. Pul vermək istədik, az qala adamın xətrinə dəyəcəkdik..."

Ahıl olsa da, yaxşı qalmış Aleksandr Petroviç Azərbaycanın dağ kurortu Şahdağa səfəri barədə danışdı. Dedi ki, oranı dağ incisi, ölkənin turizm Məkkəsi adlandırırlar. Yəqin ki, bu, boş söz deyil. Aleksandr Petroviç deyir: "Orada qar topları var, bunun sayəsində hətta yayda da xizəklə sürüşə bilərsiniz. Müxtəlif çətinlikli dörd yol var, hamısı da ideal vəziyyətdədir. Təlimatçılar işinin ustasıdır. Otellərin səviyyəsinə söz ola bilməz, başqa heç yerdə görməmişəm. Üstəlik, ora ailəliklə gəlmək olar, lap belə xizəklə sürüşə bilməsəniz də. Mənzərə möhtəşəmdir, əlbəttə, çoxlu foto çəkmişəm, çünki bu gözəlliyin bir parçasını özümlə aparmaq istəyirdim".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.