Maraqlı

Zika virusu və ya virus geosiyasəti

6 Fevral 2016 23:10
3 Şərh     Baxış: 1 439
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın müxtəlif bölgələrində vaxtaşırı müxtəlif mənşəli qəddar virus epidemiyası peyda olur. O, dövlət sərhədlərini asanlıqla aşaraq, qitədən-qitəyə adlayır, minlərlə insanı öldürür və ya şikəst edir. Lakin onları sırf səhiyyəyə aid hal kimi qəbul etmək yanlış olardı. Çünki belə epidemiyalar siyasətə, iqtisadiyyata, milli təhlükəsizliyə geniş təsir imkanına malikdir. Üstəlik, söhbət daha çox virusun özünün ziyanından deyil, onun yaratdığı qorxudan gedir.
Bu il bəşəriyyətə yaxşı tanış olan "donuz qripi" (H1N1) növbəti dəfə hücuma keçib. KİV-in məlumatına görə, artıq o, Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, İran və s. daxil olmaqla, bir çox ölkələrdə insan tələfatına səbəb olub. Məlumata görə, xəstəlik elə sürətlə yayılır ki, bir sıra hallarda həkimlər insanlara tibbi yardım göstərməyə macal belə tapmırlar. Uşaqlar, yaşlı insanlar, hamilə qadınlar, immuniteti zəif olanlar xüsusi risk qrupuna aiddir.
Yanvarın sonlarında isə beynəlxalq KİV ekzotik ada malik Zika virusu ilə bağlı həyəcan təbili çalmağa başlayıb. Onun ağcaqanadlar vasitəsilə yayıldığı bildirilir. Bu infeksiya öz-özlüyündə ölümə və ya ciddi ağırlaşmaya səbəb olmur. Lakin o, hamilə qadınlar üçün böyük təhlükədir - belə insanlar hamiləliyin ilk 3-4 ayında virusa yoluxarlarsa, uşağın inkişafında anomaliya əmələ gələ bilər. O, mikrosefala da yol açır.
Bu virus ilk dəfə 1947-ci ildə Afrikada makaka-rezus cinsli meymunda aşkarlanıb. Bu il isə o, Braziliyada peyda olub. ÜST-nin yaydığı bəyanatda bildirilir ki, Zika Kanada və Çili istisna olmaqla, bütün Şimali və Cənubi Amerika ölkələrində yayılacaq. Artıq Tayvanda, həmçinin Aİ-nin bir neçə ölkəsində (Böyük Britaniya, Almaniya, İsveçrə və s.), əsasən, səyahətdən qayıdan turstlərdə virus aşkar olunub.
Xatırladaq ki, bundan əvvəl - 2014-cü ildə dünya bir neçə ay ərzində Ebola qızdırması qarşısında panikaya düşmüşdü. Kütləvi insan tələfatına səbəb olmuş bu xəstəlik Mərkəzi və Qərbi Afrikada, sonradan tədricən bütün planetə yayılmağa başlamışdı. Hər halda, qısa müddətdə ABŞ-da, Böyük Britaniyada, Almaniyada, Kanadada bu virusa yoluxmuş insanlar aşkarlanmışdı. Ondan əvvəl isə "quş qripi" və "donuz qripi" kabusu yaşanmışdı - 2009-cu ildə o, Şimali Amerika ölkələrində tüğyan edirdi.
Bəs, nədən viruslara hər zaman bu qədər böyük diqqət ayrılır? Axı digər fəlakətlərlə müqayisədə onların miqyası və qurbanlarının sayı o qədər də çox olmur; məsələn, ÜST-nin məlumatına görə, 2014-2015-ci illərdə Ebola 11315 nəfərin həyatına son qoyub. Əvvəlki qrip dalğaları isə dünyada minlərlə insanın həyatını bitirib. Zikaya gəlincə, Braziliya Səhiyyə Nazirliyinin bu yaxınlarda açıqladığı məruzədən məlum olur ki, bu ölkədə mikrosefal olmaqda şübhəli bilinən yeni doğulmuş körpələrin sayı 4180-dək artıb. Lakin onların yalnız 270-də bu şübhə özünü təsdiqləyib ki, onun da yalnız 6-sı Zika ilə bağlıdır.
Rəqəmlərə nəzər salsaq, başqa səbəblərdən insan tələfatının müqayisəyəgəlməz dərəcədə çox olduğunu görərik. Məsələn, elə həmin ÜST-nin məlumatına görə, 2012-ci ildə qeyri-infeksiya xəstəlikləri yer üzündə bütün ölümlərin 68%-nə səbəb olub. Məsələn, diabet 1,5 milyon, insult 6,7 milyon, yol qəzaları 1,3 milyon insanın həyatın son qoyub. Bəs, nədən KİV-də beynəlxalq strukturların diabet və ya ürək xəstəliklərilə bağlı bu dərəcədə narahatlığına rast gəlinmir? Niyə onlar bu hallarla bağlı "donuz qripi" və ya Ebola qızdırması təhlükəsi haqda olduğu qədər səs-küy salmırlar? Üstəlik, infeksion xəstəliklər arasında belə, reklam olunan bu viruslarla müqayisədə daha çox insan ölümünə səbəb olanlar var; məsələn, 2015-ci ildə malyariyadan 438 min nəfər dünyasını dəyişib, onlardan 306 mini uşaqdır. Yeri gəlmişkən, Zika virusundan başqa, sifilis, toksoplazmoz, məxmərək, sitomeqalovirus, herpes - yəni, daha geniş yayılmış infeksiyalar da embrionda mikrosefala səbəb ola bilər.
Bundan başqa, adi statistik məlumatlara etinasızlıqla yanaşı, əksər KİV dəqiqləşdirilməmiş faktları böyük məmnuniyyətlə yayır; məsələn, Zika ilə bağlı məlumatlarda bildirilir ki, "ÜST mütəxəssisləri virusun insandan insana keçməsinin mümkünlüyünü demirlər". Lakin bunun ardınca sanki qayda olaraq, bir məqam mütləq qeyd olunur: "ABŞ-ın xəstəliklərə nəzarət və profilaktika mərkəzinin məlumatına görə, Zikanın cinsi yolla keçdiyinə dair ən azı bir fakt və qan köçürmə zamanı yoluxmaya dair də bir fakt məlumdur". Bununla da virus qarşısında qorxu həndəsi silsilə ilə artır.
Bəs, "donuz qripi", Ebola, Zika və digər "sağalmaz infeksiyalar"la bağlı səs-küy qaldırmaq kimin marağındadır?
Bu suala cavab olaran ən populyar və məntiqi cavabları, adətən, "qəsd nəzəriyyə"ləri sırasına aid edirlər. Onlar virusların, daha doğrusu, viruslara qarşı peyvəndələrin əczaçılıq şirkətlərinə sərf etdiyini deyir. 2010-cu ildə AŞPA "donuz qripi" pandemiyasını saxtakarlıq adlandırmış, Aİ hökumətlərinin vətəndaşlarının beyninə əsassız qorxunun yeridilməsinə imkan verdiyini bəyan etmişdi.
"Əczaçılıq şirkətləri alimlərə və tibb ocaqlarına təsir göstərib, bununla da onların həyəcan təbili çalmasına, bütün dünyada hökumətlərin effektsiz peyvəndlərə pul xərcləməsinə nail olub. Bu, adi qripdir. Onun yeni formaları hər il peyda olur və bununla bağlı həyəcan təbili çalmağa ehtiyac yoxdur", - deyə o zaman AŞPA-nın səhiyyə komitəsinin rəhbəri Volfhanq Vodarq bildirmişdi. Yəni, söhbət qripin təhlükəli olmamasından, onun ölümə yol açmamasından getmir - qrip təhlükəli xəstəlikdir və o, həqiqətən insan ölümünə səbəb olur. Lakin onun səbəb olduğu ölüm hallarının sayı xəstəlik ətrafında yaradılan təşvişlə müqayisəyə gəlmir. ÜST-nin bundan əvvəlki "donuz qripi" pandemiyasının mövcudluğunu rəsmən elan etdiyi 2009-cu il iyunun 11-nə olan məlumata görə, bütün dünyada bu virusa 27 mindən artıq insan yoluxmuşdusa, onlardan cəmi 144 nəfəri dünyasını dəyişmişdi.
Bununla yanaşı, bu epidemiyadan xilas olmaq üçün 2009-cu ildə ÜST-nin tövsiyəsilə "Tamiflyu" preparatının satışı bir neçə milyard dollar qazanc gətirib. Üstəlik, bir çox ölkələrdə bu preparatlar istifadə olunmadan qalıb.
2014-cü ilin aprelində Cochrane Collaboration beynəlxalq qeyri-kommersiya təşkilatı tərəfindən açıqlanmış məruzdə bildirilirdi ki, Britaniya hökuməti bu dərmana yüz milyonlarla funt xərcləyib. Halbuki, onun effekti adi parasetamolun effektindən o qədər də fərqlənmir.
"Tamiflyu"nun istehsalçısı olan İsveçrənin Roche əczaçılıq şirkətisə bu ekspert məruzəsinə qəti etirazını bildirib. Ondan əvvəl isə ÜST-nin qrip üzrə baş mütəxəssisi Keydzi Fukuda AŞPA komitəsinin ittihamlarını rədd edib, təşkilatın daxilində qərəzsiz qərarların qəbulunu təmin edən xüsus mexanizmlərin olduğunu xüsusi vurğulayıb.
Yeri gəlmişkən, təhlükəli xəstəliklərin arasında çarəsiz olanları da var. Zikanın təxminən 70 il, Ebolanın isə 40 il əvvəl aşkarlandığına baxmayaraq, onlara qarşı peyvənd hələ də tapılmayıb. Bəlkə də bu, Ebola və Zikanın aşkarlandığı Afrika və Latın Amerikası hökumətlərinin çox sayda peyvənd ala bilməməsi, xəstəliyin Avropa və Şimali Amerika ölkələrində kütləvi şəkildə yayılması ehtimalının isə az olması ilə əlaqədardır. Amma alimlərin Ebola və Zikaya qarşı peyvəndi həqiqətən tapa bilmədikləri də istisna deyil. Hər halda, indiyədək xərçəng xəstəliyinin və ya QİÇS-in dərmanını tapmaq mümkün olmayıb. Bununla yanaşı, etibarlı profilaktika və ya tam sağalma vasitəsinin olmaması hələ xəstəliyin müalicə olunmayacağı anlamına gəlmir. Bunun üçün də müxtəlif dərmanlara ehtiyac var - onkoloji xəstələr üçün kimyaterapiya, İİV-li xəstələr üçün immunitetə dəstək, qrip simptomlarına və digər viruslara qarşı müxtəlif preparatlar.
Belə dərmanların adı da onların effektivliyi haqda məlumatlar kimi, fərqlidir. Lakin sosial şəbəkələrdəki söhbətlərdən belə məlum olur ki, hətta sağlam insanlar belə, epidemiya qorxusu ilə bağlı yaşanan isteriyanın pikində "ehtiyat" və "profilaktika üçün" dərman almağa başlayırlar.
Əczaçılığın dünya iqtisadiyyatının ən gəlirli sahələrindən biri olduğu sirr deyil. Əksəriyyəti ABŞ, Yaponiya, İsrail, Böyük Britaniya, Fransa, İsveçrə və Aİ-nin digər ölkələrində yerləşən nəhəng əczaçılıq şirkətlərinin gəlirləri milyardlarla dollarla ölçülür. Özü də birbaşa gəlirlərlə yanaşı, əczaçılıq inkişaf etmiş ölkələrin sənayesinin digər sahələrinə də dəstək verir, həmçinin ən böyük reklamverici sayılır. Bu isə dünyanın mediabazarını da nəzarətdə saxlamaq imkanı deməkdir. Bir sözlə, "biqfarma" müasir insanın gördüyü mənzərəni istədiyi kimi formalaşdıra bilir - insan hansı informasiyaları alır, onda hansı qorxular yaranır, bu qorxuların öhdəsindən hansı formada gəlməyə çalışır və s. Amma bu da son deyil. Reklam verəndən asılı olan KİV öz auditoriyası üçün ideoloji və siyasi "məqsədəuyğunluqlar" formalaşdırır. Bütün bunları nəzərə alsaq, böyük əczaçılıqla nəhəng iqtisadiyyat və siyasət arasında əlaqə, artıq gülməli konspirologiya təsiri bağışlamamalıdır.
Yeri gəlmişkən, virus qarşısındakı qorxunun digər gizlin imkanları da var. Məktəblərdə və ali təhsil ocaqlarında aparılan müxtəlif profilaktik tədbirlərin ayrı-ayrı ölkələrin təhsil sisteminə hansı zərbəni vurduğunu kimsə hesablayıbmı? "Donuz qripi"nin hazırda yaşanmaqda olan qızğın çağında Rusiyanın bir çox vilayətində məktəblərin, demək olar ki, hamısı bağlanıb. Gürcüstan KİV yazır ki, yanvarın 26-na olan məlumata görə, xəstəlik 180 məktəbdə tədrisin dayandırılmasına səbəb olub. Digər "zərərçəkmiş" ölkələrdə də anoloji mənzərədir. Bu, hələ harasıdır? Zika virusunun yaratdığı panikanın təsiri altında Salvador, Kolumbiya, Braziliya kimi, Latın Amerikası ölkələrində - yerli hökumətlər qadınları 2 il ərzində dünyaya uşaq gətirməməyə çağırıb. Qorxu içərisində olan qadınlar bu çağırışa əməl edərlərsə, gələcəkdə belə tədbirlər zəmin ölkələrin demoqrafiyasına, iqtisadiyyatına, milli təhlükəsizliyinə heç də müsbət təsir göstərməyəcək. Virusun xarici təzyiq vasitəsinə çevriləcəyini istisna etmək olmaz; məsələn, epidemiyanın mərkəzinə çevrilmiş Braziliya bu il Yay Olimpiya Oyunlarına ev sahibliyi etməlidir. Hökumət bu məqsədlə artıq kifayət qədər vəsait xərcləyib. "Publico" yazır ki, Braziliya hökuməti bu yaxınlaradək emidemiyanın miqyasını gizlətməyə çalışıb. Lakin yanvarın sonlarında ölkənin səhiyyə naziri Marselu Kaştru Braziliyanın "ağcaqanadlarla mübarizəni uduzduğunu" etiraf etməli olub. 
Nəhayət, xəstəliklə bağlı qorxu insanların diqqətini digər problemlərdən uğurla yayındıra bilər. Qlobal iqtisadi böhran məhz indi tüğyan etməkdədir. Bu, təbii ki, insanların həyat səviyyəsinə mənfi təsir göstərir. Lakin insan seçim qarşısında qalarsa, təbii ki, bütün maraqları arasında sağlamlıq ilk yerdə olacaq.
Yeri gəlmişkən, "donuz qripi" "epidemiya"sı da iqtisadi böhranın yaşandığı 2009-cu ilə təsadüf etmişdi...
"Region Plyus"

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.