Maraqlı

ABŞ seçkiləri barədə hər şey - FOTO

6 Fevral 2016 20:20
0 Şərh     Baxış: 685
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalılar kimin prezident olması barədə qərar verməzdən əvvəl, prezidentliyə kimin namizəd olmasına qərar verməlidirlər. Bu proses partiya yığıncaqları və praymeri seçkiləri ilə başlanır və bu prosesdə adamlar Respublikaçı və Demokrat partiyalarından kimin yarışlara qoşulmalı olduğu barədə sözlərini deyirlər. Biz nominasiya prosesinə nəzər yetirmişik.

Nominasiya prosesi necə olur?

Respublikaçıların qapalı partiya yığıncaqlarından əvvəl Iowada prezidentliyə namizədlərin debatları keçirilib
Praymerilər və ya partiya yığıncaqları hər bir ştatda və xarici ərazilərdə aparılan erkən seçkilərdir. Bu seçkilərin nəticəsində hər bir partiyadan kimin namizəd olacağı aydınlaşır.
Bu yarışların qalibləri nümayəndə toplayırlar.
Nümayəndələr öz növbəsində həmin namizədə partiya konventlərində səs vermək hüququna malikdirlər.
Partiyadan vahid namizəd konventdə müəyyən edilir.

Qapalı partiya yığıncağı ilə praymeri arasında fərq nədir?

Namizədləri müzakirə etmək məqsədilə qapalı yığıncağı partiya üzvləri məktəblərdə, ictimai binalarda və ya şəxsi evlərdə keçirirlər. Burada səsvermə əli qaldırmaqla və açıq keçirlir. Lakin praymeridə seçicilər seçki qutusundan istifadə edirlər.
Praymeriləri ştatın hökuməti təşkil edir, halbuki qapalı partiya iclaslarını partiya üzvlərinin özləri çağırırlar.
Praymerilərin müxtəlif qaydaları olan növləri var:
"Açıq" praymerilərdə bir ştatda səsvermə hüququ olan bütün vətəndaşlar iştirak edə bilərlər. Başqa sözlərlə bu seçkilərdə respublikaçılar demokratların və ya əksinə, demokratlar respublikaçıların praymerilərində səs verə bilərlər.
"Yarıqapalı" praymerilərdə - səsvermə rəqib partiyanın seçiciləri üçün qadağandır. Lakin müstəqil seçicilər burada səs vermək hüququna malikdirlər. New Hampshire-də məhz belə praymeri keçirilir.
"Qapalı" praymerilərdə yalnız hər bir partiyanın həmin ştatdakı üzvləri səs verə bilərlər.
Qapalı iclas prosedurları ayrı-ayrı ştatlarım qanunlarına uyğun aparılır. Demokratların qapalı yığıncaqlarında adətən seçicilər manqalara bölünür və ştatın müxtəlif yerlərində öz namizədləri üçün dəstək toplayırlar.

Respublikaçıların qapalı yığıncaqlarında isə namizəd nümayəndələrinin seçkisi adətən gizli səsvermə ilə həyata keçirilir.

Nümayəndələr kimdir?

Praymerilər və qapalı iclaslarda prezidentliyə namizədlər birbaşa seçilmirlər. Bu rəsmən elçilərin və ya nümayəndələrin vəzifəsidir və səsvermə partiya konventində keçirilir.
Nümayəndələr partiya üzvlərindən olur və onlara praymerinin nəticələrinə uyğun şəkildə təhkim edildikləri namizədə səs vermək tapşırılır.
Bəzən elə ola bilər ki, namizəd partiya nominasiyasını qazanmaq üçün kifayət qədər nümayəndəyə malik olmasın. Belə konventlərə "brokerlənmiş" konvent deyilir. Bu o deməkdir ki, son qərar nümayəndələr arasında keçirilən silsilə danışıqlarda və ya səsvermələrdə qəbul olunacaq.
Lakin əksər hallarda namizəd praymeri mövsümündə kifayət qədər nümayəndə toplaya bilir və ya başqa namizədlər yarışdan çıxırlar ki, partiya diqqətini bir namizədin ətrafında birləşdirməyə imkan tapsın.

Nə üçün səsvermə ilk olaraq Iowa və New Hampshire-də keçirilir?

Iowada builki qapalı yığıncaqların fevralın 1-də, New Hampshire-də isə praymerinin fevralın 9-da başlanması təəccüb doğurmur.
Tənqidçilər iddia edirlər ki, bu iki ştat ABŞ əhalisini tam təmsil etmədiyinə görə təsir gücünə malik deyildir.
Iowa və New Hampshire nisbətən kiçik və ucqar ştatlardır və onlarda əhalinin 94 faizi ağdərilidir, halbuki ölkə üzrə orta rəqəm 77 faizdir.

Lakin bu ştatlar iddia edirlər ki, seçicilər ciddi və siyasi baxımdan təhsillidirlər, deməli namizədlərini irəli sürməyə qabildirlər.

Əgər Iowa və New Hampshire-də qalib gəlsəniz, bu o deməkdirmi ki, partiya namizədi olmaq şansınız var?

Yox, belə deyil. İowa qapalı partiya yığıncaqları heç də həmişə son qalibi müəyyən etmir, lakin bu toplantı kampaniyaları ya "yaşada", ya da "öldürə" bilər.

New Hampshire ikinci yarışdır və ilk praymeri seçkisidir və odur ki, mətbuat tərəfindən geniş işıqlandırılır.
BBC müxbiri Katty Kay deyir: "Iowa və New Hampshire-də yaxşı çıxış güclü təkan hissi yaradır və bununla da diqqət mərkəzinə gəlir".
"Iowada qalib gəlsən, səni elə hey televizorda göstərəcəklər. Bir də pul məsələsi var. Erkən ştatlarda qalib gəlmək donorları əllərini ciblərinə atmağa həvəsləndirir və uğur aursası verir. Çünki adamlar qalibləri sevirlər" - deyir müxbir.

Böyük Çərşənbə axşamı nə deməkdir?

Böyük çərşənbə axşamı və ya amerikalıların dediyi kimi "Super çərşənbə" günündə ştatların çoxunda eyni vaxtda praymerilər və yığıncaqlar keçirilir.
Məsələn 2008-ci ilin fevralında "Super-Duper çərşənbəsində", yəni lap böyük çərşənbədə 24 ştat iştirak etmişdi. Halbuki 2010-cu ildə bu rəqəm cəmi 10 idi.

Bu il Böyük çərşənbə martın 1-ə təsadüf edir və həmin gün 13 ABŞ ştatında 16 seçki keçiriləcək. Bundan başqa ABŞ-ın xaricdəki ərazilərində də seçkilər keçirilməlidir.

Sonra nə olacaq?

İclaslar və praymerilər yayadək davam edir və bundan sonra partiyaların prezidentliyə namizədləri iyulda keçirilən ümumölkə konventində rəsmən seçilirlər.
Ştatlar öz ölçülərinə və seçici siyahılarına uyğun müxtəlif sayda nümayəndə göndərirlər.
Hər bir namizəd partiya nominasiyasını əldə etmək üçün ümumi çoxluqla, yəni ən azı nümayəndələrin yarısı üstəgəl bir nisbəti ilə qalib gəlməldir.
Respublikaçı namizədin çoxluğu qazanmaq üçün 1236 səsə ehtiyacı var, demokrat namizəd isə 2383 səs toplamaldır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.