Maraqlı

Uşağınızın burnu tutulursa...

10 Oktyabr 2015 21:55
1 Şərh     Baxış: 75 262
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az lent.az-a istinadən burun tutulmasının səbəbləri və müalicəsi haqqında bəzi məsləhətləri təqdim edir.
 
Uşaqlarda burun tutulması tez-tez rast gəlinən haldır. Burun tutulması nəticəsində nəfəs almaq çətinləşir, xüsusən də gecə yatan zaman bir çox narahatlıqlara səbəb olur. İlk növbədə yuxusuzluq yaradır. Yuxuda narahat olan, xoruldayan, içini çəkən uşağın çox zaman nəfəs alan zaman ara verdiyi də gözdən yayınmır. Nəfəs almada aravermələr 20 saniyədən 40-60 saniyəyə qədər davam edir. Bu müddətdə bədən oksigensiz qalır. Beyin yüngülcə oyanıqlıq halına keçərək bədənə nəfəs alması üçün həyəcan siqnalı verir və uşaq dərin nəfəs alır. Bu proseslər gecə boyunca yüzlərlə dəfə təkrarlanır. 
 
Burun tutulmasının fəsadları
 
Uşağın yuxu keyfiyyəti pozulur. Səhərləri baş ağrısı ilə oyanır. Gün ərzində dərslərinə diqqətini cəlb edə bilmir. Ətrafına qarşı davranışlarında neqativ hallara yol verir. Bu vəziyyət hiperaktiv hallar, diqqət çatışmazlığı diaqnozu ilə müalicə edilir. Valideynlər övladlarının gecə həddən çox tərləməsindən şikayət edirlər. Tərləmə bədənin oksigensiz qalma səbəbindən irəli gəlir. Udma problemi yaşayan uşaqlarda iştahasızlıq özünü büruzə verir. Yuxusuzluq gecə sidik qaçırmasını artırır və uşaq gecələr altını islatmağa başlayır. Əvvəllər sidiyini saxlaya bilən uşaq gecə altını islatmağa başladıqdan sonra onda davranış pozğunluğu və psixoloji dəyişikliklər olduğuna dair şübhələr yaranır. Əslində isə əsas problem burun tutulmasıdır. Uşaqlarda burun tutulmasının əsas səbəbi allergik soyuqdəymədir. Allergik soyuqdəymə və təkrarlanan infeksiyalar çox zaman adenoid (burunla boğaz arasındakı artıq ət) və badamcıq böyüməsi ilə nəticələnir. 
 
Burun tutulmasının müalicəsi
 
Uşaqlarda burun tutulması və yuxusuzluq adenoid və badamcıqlar əməliyyat edildikdən sonra 80-90 faiz düzəlir. Ancaq allergiya müalicəsi edilmədən badamcıq və adenoidi götürülən 4 uşaqdan birində adenoidin yenidən böyüməsi və şikayətlərin yenidən baş qaldırması da ola bilər. Bu uşaqlar yenidən əməliyyat olmaq məcburiyyətində qalırlar. Xoruldayan və tez-tez xəstələnən uşaqlarda adenoid və badamcıqlar götürülməzdən əvvəl mütləq allergiya olub-olmaması araşdırılmalıdır. Allergiyanın müalicəsi ilə əməliyyata lüzum qalmadan adenoid və badamcıqların kiçilməsi və burun tutulmasının keçməsi mümkündür. Əgər allergiya müalicə edildikdən sonra xoruldama və yuxusuzluğun qarşısı alınmırsa, artıq bu zaman adenoid və badamcıq əməliyyatı haqqında düşünmək olar. Müalicə ilə burnu açılan uşağın yuxu keyfiyyəti də qaydasına düşəcək. Yuxu keyfiyyəti normal olan uşağın məktəb uğurları da yüksələcək, gecə yuxuda böyümə hormonu ifrazatı artacağından böyüməsi sürətlənəcək, iştahası artacaq. Burun tutulması nəticəsində orta qulaq infeksiyası, sinusit və ən əhəmiyyətlisi, astma inkişafının qarşısı alınacaq.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.