Maraqlı

Ehtiyatlı olun: viruslar artıb

6 Oktyabr 2015 20:22
3 Şərh     Baxış: 4 778
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Dövlət İqtisad Universitetinin "Sabah" qruplarının Maliyyə ixtisasının 3-cü kurs tələbəsi Xavər Ağayeva bir neçə gün əvvəl ölüb. İlkin məlumata görə, gənc qızın ölümünə səbəb bir müddət əvvəl qripə yoluxmasıdır. Xəstəlik kəskinləşəndən sonra o, dünyasını dəyişib.

Bu il ərzində ölkəmizdə qripdən ilk ölüm halı olsa da, son günlər istər böyüklər, istərsə də  uşaqlar arasında qripin əlamətləri ilə üst-üstə düşən xəstəliklər yayılıb.
 
Hər il dünyada yüzlərlə insan qrip infeksiyasından dünyasını dəyişir. Çox sadə görünən xəstəlik müalicə olunmadığı halda kəskinləşib ölümə səbəb ola bilir. Xüsusən də fəsil dəyişkənliyi baş verəndə viruslar inkişaf edir.
 
Payız fəslinin ilkin əlamətlərinin müşahidə olunduğu günlərdə yuxarı tənəffüs yolları xəstəliklərinin də əhatə dairəsi genişlənir. Bəs viruslar hansı halda təhlükəli hesab olunur?
 
Milli.Az publika.az-a istinadən bildirir ki, Tibb Universitetinin Terapiya Xəstəxanasının pulmunologiya şöbəsinin müdiri Əlizamin Sadıqov açıqlamasında qripdən ölüm halının mümkünlüyünü, lakin qeyd etdiyimiz faktdan məlumatsız olduğunu dedi: "Qrip zamanı ölüm hallarının olmasını inkar etmirik. Epidemiyalardan əlavə, mövsümi qrip zamanı 100 nəfərdən 1-də (1.5%-ə qədər) ölüm halı ola bilər. Son günlər kəskin respirator virus xəstəlikləri ilə bağlı müraciətlər çoxalıb. Lakin bunu virus hesab etmək olmaz. Soyuq fəsillərdə bu xəstəliklərə yoluxma halları artır. Yuxarı tənəffüs yollarında vəziyyət ağırlaşanda aşağı tənəffüs yollarına keçir. Son illər bu xəstəliyin Azərbaycanda epidemiya halında olmasını müşahidə etməmişəm. Bu il hələ ki qripdən ölüm halı qeydə alınmayıb. Lakin əvvəlki illərdə qripdən ağırlaşmalar, ölüm halları baş verib. Bu, pnevmoniya, qripin ən ağır mərhələsində baş verir. Bu proses gözləniləndir, sadəcə müəyyən tədbirlər görərək onların qarşısını almaq lazımdır. Bundan başqa, risk qrupunda olanlar - 5 yaşa qədər uşaqlar, hamilə qadınlar, tibb işçiləri, xroniki xəstəlikləri olanlar qripə qarşı vaksinasiya olmalıdır. Bu zaman ölüm halları 70%-ə qədər azalır. Oktyabrın 1-dən noyabrın 15-dək qripə qarşı vaksinasiya aparılmalıdır".
 
Ə.Sadıqovun sözlərinə görə, hazırda yayılmış kəskin respirator virus xəstəliklərinin ağırlaşmaması üçün  ona qarşı tədbirlər  görülməlidir. Gigiyenik qaydalara əməl etmək, immuniteti gücləndirmək lazımdır.
 
Xəstəlik yalnız böyüklər deyil, uşaqlar arasında da geniş yayılıb. Böyüklərin özünü müdafiəsi mümkün olsa da, uşaqlar xəstəliyi daha ağır keçirir.
 
Azərbaycan Tibb Universitetinin Uşaq Yoluxucu xəstəliklər kafedrasının dosenti, pediatr  Sulduz Əhmədova son 10 gün ərzində kəskin respirator virus xəstəlikləri ilə bağlı müraciətlərin artdığını bildirib: "Uşaqlar arasında yüksək temperatur, halsızlıq, burun axma, boğaz ağrısı əlamətləri müşahidə edilir. Müraciətlərin artması ilk növbədə fəsil dəyişkənliyi ilə əlaqədardır. Hər il mövsüm dəyişikliyi zamanı virus infeksiyaları aktivləşir, uşaqların immuniteti zəifləyir. Ona görə də payız fəslində infeksiyaların aktivləşməsi, xəstəliklərin artması müşahidə edilir. Bir müddət sonra vəziyyət stabilləşsə də, qış fəslində yenidən aktivlik müşahidə olunur. Bu əlamətləri hansısa virusun yayılması ilə əlaqələndirmək üçün respublikada monitorinq aparılmalıdır.
Uşaqlar şikayətlərini biruzə verə bilmirlər, temperaturun qalxması artıq valideyn üçün siqnal olur.  Xəstəliklər ən çox 5 yaşa qədər olan uşaqlar arasındadır. Kollektivdə olanlarda da xəstəlik daha çoxdur".
 
Pediatrın sözlərinə görə, uşaqları xəstəliklərdən qorumaq üçün onların  virusa yoluxmuş şəxslərlə ünsiyyətinə icazə verilməməlidir: "Uşaqların özünümüdafiə faktorlarını artırmaq, immuniteti yüksəltmək lazımdır. İmmuniteti gücləndirməyə yaydan başlamaq lazım idi. Hazırkı durumda burun, boğaz spreylərindən istifadə edilməlidir. Hələ ki qrip virusu təsdiq olunmadığına görə, peyvənd olunmasını təklif etmirik.  Bədənin ümumi immunitetini yüksəltmək üçün polivitamin pereparatları, vitamin C qəbul etmək olar. İnfeksiya  dövründə hər gün səhər-axşam uşağın burnuna "Oksolin" mazı çəkmək lazımdır. Bu da virusun aşağı  tənəffüs yollarına keçməsinin qarşısını almış olur. Xəstəliyin ağırlaşması pnevmaniya, burunun əlavə diblərinin iltihabı, haymorit, bronxit, loringit ağırlaşmaları olur. Ötən il ağırlaşmalar qeydə alınsa da, bu il vəziyyət nisbətən normaldır. Zəif uşaqlarda ikinci dərəcəli xəstəliklər də baş qaldırır və ağırlaşmalar ola bilər. Bu uşaqların valideynləri diqqətli olmalıdır".
 Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.