Maraqlı

Qafqazda velosiped sürmək "qəhrəmanlığı"

5 Sentyabr 2015 18:43
0 Şərh     Baxış: 2 133
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan, Ermənistan və Gürcüstandan olan çoxsaylı velosiped həvəskarları velosiped sürərkən aldıqları enerjini "başqa heç yerdə tapa bilmir".
BBC Azərbaycancaya danışan velosevənlərdən bəziləri velosiped sürərkən özünü "qəhrəman" kimi hiss edir, bəziləri isə daha çox insanın velosiped sürməsinə nail olmağa çalışır.

Azərbaycan

Bakı yaxınlığında yerləşən Masazır qəsəbəsində yaşayan Elvin Rzayev həftədə ən azı 3-4 velosiped sürür. O velosipedlə yaxın şəhərlərə, Bakıya və Sumqayıta gedib-gəlir.
"Mənim üçün velosiped həm nəqliyyatdır, həm də stressdən azad olacağım bir vasitə. Velosipedə oturanda fikrim, dərd-sər unudulur", son iki ildə mütəmadi velosiped sürən 28 yaşlı gənc deyir.
Əvvəllər daha yaxın ərazidə yaşadığından Elvin işə də velosipedlə gedib-gəlirmiş. Amma indi, iyun ayında Bakıda keçirilmiş Bakı 2015- Birinci Avropa Oyunlarından sonra Elvin Masazır- Bakı istiqamətində olan magistral yolla gələ bilmir.
"Əvvəl heç bir məhdudiyyət yox idi, indi Masazırdan Bakıya gəlmək istəyəndə Ekologiya polisi postdan geri qaytarır və Xocəsən yoluna yönəldir. O magistral isə daha təhlükəlidir", deyən müsahibimiz əlavə edir ki, beləcə polis çoxları üçün "həvəssizlik" yaradır.
Sürüşlər zamanı dəbilqə geyindiyini vurğulayan Elvin Rzayev deyir ki, mövcudluğu "pis olmasa" da, şəxsən ona velosiped yollarının salınması lazım deyil.
"Ehtiyatlı olan adam üçün təhlükə görmürəm. Mən heç vaxt yolun əks istiqamətinə getmirəm. Sürücülərdən də razıyam. Velosiped görəndə ehtiyat edirlər, hörmət çoxdur".
Hərçənd Elvin Rzayev məsələyə "daha dərin" baxır və deyir ki, velosiped yolundan əvvəl "sağlam düşüncə lazımdır".
"Xanımlarımızın halına acıyıram. Neçə xanım tanıyıram, həvəsindədirlər, amma onlara, ümumiyyətlə, tərpənməyə belə şərait yoxdur. Acgöz baxışlar, siqnallar, sözatmalar. Ona görə mənə elə gəlir ilk olaraq düşüncəmizi dəyişsək velosiped yolu məsələsi həll olunacaq".
Çətinliklərə baxmayaraq Elvin özündən əlavə 3 nəfəri velosiped almağa həvəsləndirdiyini deyir. Amma özü isə mütəmadi velosiped sürmək həvəsinə bir neçə il öncə, Bakı bulvarında velosiped kirayəsi məkanının açılmasından sonra gəlib.
Elvin deyir ki, əvvələ nisbətən indi insanların da velosipedə qarşı münasibəti dəyişib, hərçənd ki, bəzən o, fərqli şərhlər də aldığını deyir.
"Bəzən ağsaqqal hesab etdiklərimiz deyir ki, sənin yaşıdların maşın sürür, sənsə velosiped".


28 yaşlı Gülər Mehdizadə 10 ildir ki, velosipedi gündəlik nəqliyyat vasitəsi kimi istifadə edir.
"Alış-verişlərə, rəfiqələrimgilə gedirəm, həm rahatdır, həm də ağır qaldırmıram" deyən Gülər tez-tez yaşadığı Masazırdan Bakıya, bulvara qədər velosiped sürür.
Amma onun təkcə şikayəti şəhərdə velosiped dayanacaqlarının olmamasıdır.
"Əvvəl ticarət mərkəzlərinin biri icazə verirdi, indi yox. Biz bilmirik indi binalara girmək üçün velosipedimizi hara qoyaq".
Bakıda təkcə Yeni Bulvarda ərazisində velosiped yollarının salındığını deyən Gülərə görə, o yollarda "heçbir standart qorunmayıb".
"Biz bilirik ki ora velosiped üçün salınıb, amma insanlar bilmir. Heç bir nişanə yox, üstəlik sürüşkən kafel metlaxla döşəyiblər. And içsən inanmazlar ki bura velosiped yoludur. Piyadalar da yola çıxır".
Gülər sürüşlər üçün əsasən avtomobil yollarından istifadə edir və deyir ki, 3-4 il əvvələ kimi bu da çətin idi.
"Maşınlarda velosipedçilərə yol vermək mədəniyyəti yox idi, sanki səni ötməyə çalışırdılar".
Lakin indi sürücülərin "daha mədəni" davrandığını deyir Gülər. Həmçinin insanların, "xüsusən qızların" velosipedə həvəsi artıb, müsahibimiz əlavə edir.

Ermənistan

"Velosiped sürərkən aldığın real enerjini avtobus və taksidə hiss etmirsən", deyən Serine Qasparyan 4 ildir velosiped sürür. 2012-ci ildə tələbə ikən dostu ona velosipedini alıb-almaq istəmədiyini soruşub.


"O velosipedi başqalarından daha ucuz satırdı və dedi ki, pulu sonra, istədiyim vaxt ödəyə bilərəm", hələ də eyni velosipedi sürən Serine deyir.
Gündəlik həyatında velosipeddən istifadə edən Serine deyir ki, istədiyin yerə sürətli çatdığından zamanla avtobusları velosipedlə əvəz edirsən.
"Səhərlər Yerevanda 1-2 saatlıq tıxaclar olur, ona görə də mən işə velosipedlə gedirəm və qayıdıram".
Serinenin ən uzun səyahəti Vanadzordan Tbilisiyə 180 km yolu 16 saata velosipedlə getməsi olub.
"Mənim üçün çox əla təcrübə və sınaq idi. Tbilisiyə çatanda özümü qəhrəman kimi hiss edirdim".
Yerevanda yalnız bəzi yerlərdə xüsusi velosiped yollarının mövcudluğundan danışan Serine onların nə vaxt salınması barədə məlumatsızdır, lakin onun sözlərinə görə, həmin xətlər yenidir.
"Yerevanda xüsusi velosiped yolları salına bilər, amma hər yerdə yox, çünki sürücülər çılğıncasına sürür və yollar da kifayət qədər geniş deyil".
Yeni nəslin velosipedi həm nəqliyyat, həm də idman vasitəsi kimi gördüyünü deyir Serine.
"İki il əvvəl biz hər ay "velosipedlə gecə" tədbirdləri həyata keçirirdik, səhər 4-də oyanıb toplaşırdıq, səhər yeməyi yeyirdik".
Amma kiçik şəhərlərdə yaşlı kişilər velosipedi dükana getmək və meşədən odun gətirmək kimi məişət işlərində istifadə edir.
Yerevanda yaşayan Samvel Hovhannisyan 3 yaşından bəri, 31 ildir ki velosiped sürür. Elə velosiped sevgisi onu velo-emalatxanasında çalışmağa, həm də velosiped ticarəti ilə məşğul olmağa sövq edib.
Hazırda istifadə etdiyi velosipedini isə 20 il öncə alıb. Onun sözlərinə görə, ilin 10 ayı demək olar ki hər gün velosiped sürür.
"Əminəm ki, velosipedlə istədiyim yerə müəyyən vaxtdan sonra çatacağam. Avtobus dayanacağında çox gözləməyi tələb edən və ya tıxaca görə gecikə biləcəyim nəqliyyatdan asılı deyiləm", 34 yaşlı Samvel qeyd edir.
Onun sözlərinə görə, Yerevanda ilk xüsusi velosiped yolları bir neçə il öncə yaradılıb.


"İlk olduğundan çox problemləri var idi, maneələrlə üzləşirdi və deyə bilərəm ki, sürüşlər üçün o qədər də yararlı deyildi".
Samvel deyir ki, hökümət 2014-cü ildə də 6 km uzunluğunda yol salınmasına başlayıb, amma bu yollar da istifadəsiz qalıb.
"Heç kim o yolları istifadə etmir, hələ ki hökümət uyğun yanaşma tapa bilmir, yaxud da biz velosipedçilər hələlik höküməti bizimlə əməkdaşlıq etməyə, bizə qulaq asmağa məcbur edə bilməmişik".
Yerevanda daha çox gənclər velosiped sürür.
Samvel 2009-cu ildən bəri dostları ilə birgə ölkədə velo-cəmiyyətini artırmaq və velosipedi gündəlik nəqliyyat vasitəsinə çevirmək üçün qeyri-hökümət təşkilatı kimi də fəaliyyətə başlayıb.
"İndiyə qədər çalışırıq ki, bizdə infrastruktur yaransın, velosipedçilərin sayı artsın, çünki çox insan yollarda sürməkdən qorxur".
Onun sözlərinə görə, həmin dövrdə velo-həvəskarların sayı onlarla idisə, indi minlərlədir və çoxlu velosiped dükanları, velo-dayanacaqlar açılıb, təxminən hər parkda velo-kirayələr, velo-taksilər fəaliyyət göstərir.
Samvel deyir ki indi, insanların velosipedə münasibəti də yaxşıya dəyişib.
Maşınını park edib, velosiped sürən varlıların sayı artıb.

Gürcüstan

67 yaşlı təqaüdçü Leri Maqlaperidze Tbilisidən 25 km kənarda Rustavi şəhərində yaşayır. Velosipedin onun həyat tərzi olduğunu deyən Leri hər gün 15 km yol qət edir.


"Sağlam həyat tərzi keçirməyə çalışıram", deyən Lerinin avtomobili də var, amma onu yalnız 10 kmdən çox məsafələrə sürür.
Onun sözlərinə görə, Rustavidə xüsusi velo-yolların salınması yeni başlayıb, bir qədim parkda isə uzunluğu 8 km olan beton yollar salınıb. Hazırda o park velosipedçilərin sevimli məkanıdır.
Sağlam həyat tərzi keçirməyə çalışıram.
Leri Maqlaperidze, 67 yaşlı təqaüdçü
"Sevinirəm ki, velosipedçilərin sayı artır, əgər 15 il öncə sayımız az idisə, indi velosipedçiləri istənilən nöqtədə görmək olar".
Leri bunu "sağlamlığa və ekologiyaya qayğı" kimi qiymətləndirir. Hərçənd ki, o, Gürcüstanda velosipedçilərin Almaniyada və ya Çindəki kimi qəbul edilmədiyini vurğulayır.
"Əvvəllər velosipedi əyləncə kimi qəbul edirdilər, indi isə insanların fikri dəyişib, velosipedin xeyrini başa düşürlər", deyən Leri 2 yaşdan 80 yaşa qədər velosiped həvəskarlarının olduğunu bildirir.
Onun sözlərinə görə, Batumi və Kobuletidə velosipedçilərin sayını artıran, velokirayə kart sistemi də mövcuddur.
"Lakin Gürcüstan mühafizəkar olduğundan insanların çoxu maşın sevir və maşın əldə etmək istəyir", Vaxtanq Berikaşvili deyir
Tbilisidə yaşayan 26 yaşlı Vaxtanq Berikaşvili velosipedini 4 il öncə alsa da, hər gün ondan istifadə edə bilmir.


"Tbilisi dərəli-təpəli olduğundan sürüşlər üçün əlverişli deyil, ikinci səbəbsə, sürüşlər üçün nə xüsusi yollar və ya infrastruktur var".
Vaxtanq deyir ki, Tbilisi tıxaclardan əziyyət çəkdiyindən velosipedlə bu problemdən "can qurtarmaq" olar.
"Bəzən avtobusdan daha sürətlidir, çünki avtobus gözləməli olmursan. Həmçinin bu, pulsuzdur və ictimai nəqliyyatdan daha ucuz başa gəlir".
Onun sözlərinə görə, velosevərlər Kutaisi və Batumidə olduğu kimi xüsusi yolların salınmasını istəyir, hərçənd oraların təbiəti ilə Tbilisidəkindən fərqlidir.
"Yerli hökümət deyir ki, Tbilisi velosipedlər üçün uyğun deyil", əlbəttə, problemləri həll etmək çətindir, amma "uyğun deyil" deməklə sovuşmaq asan yoldur".
Buna görə də, müsahibimizin fikrincə, Tbilisidə hökümət "Sağlam Həyat" stilini təbliğ edərsə, velosiped yolları salına bilər.
"Hətta məşhurlar da sadəcə göstəriş üçün olsa da, velosiped sürə bilər", Vaxtang əlavə edir.
"Lakin Gürcüstan mühafizəkar olduğundan insanların çoxu maşın sevir və maşın əldə etmək istəyir".
Amma Gürcüstanda "bizim kimi gün-gündən artan velosevənlər də var", Vaxtanq əlavə edir.
Hətta bu velosevərlər hər ay "Tənqidçi Kütlə" adlı simvolik tədbir keçirərək höküməti velosipedçilər üçün infrastruktur yaratmağa dəvət edirlər.
Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.