Maraqlı

İlanla rastlaşarkən nə etmək lazımdır?

5 Avqust 2015 16:13
11 Şərh     Baxış: 16 569
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yay fəsli ilə əlaqədar ilanlar aktivləşib. Bu səbəbdən də ölkədə ilansancma hadisələrinə çox rast gəlinir. Son bir ayda Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə ilan sancma ilə bağlı 15-ə yaxın müraciət daxil olub.

Maraqlıdır, bəs qarşısına ilan çıxan insan nə etməlidir?

Zoologiya İnstitutunun böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyatova "Report"a deyib ki, sancma ilanlarda müdafiə xüsusiyyətidir: "Ehtiyatlı davransaq, ilan bizi sancmaz. İlan dayandığı yerdə insanı sancmır. Təsadüfən ona 1,5 metrdən artıq məsafədən yaxınlaşdıqda, ayaq altında qaldıqda, əllə toxunduqda özünü müdafiə etmək məqsədi ilə sancır. İlan adətən insandan qaçır, qaçmağa yeri olmadığı təqdirdə hücuma keçir".

Mütəxəssis bildirib ki, ilan olması ehtimal edilən ərazidə gəzərkən və ya işləyərkən ehtiyatlı və diqqətli olmaq lazımdır: "İlan sancmadan qoruyan geyim geyinmək lazımdır, məsələn, uzunboğaz çəkmələrdən istifadə etmək olar. Belə ərazilərə gedərkən mütləq əldə çubuq, yaxud hər hansı əşya olmalıdır; onlarla və ya ayaqla yeri, daşı, kolluğu döyəcləmək, sonra isə sakit dayanıb hər hansı bir səsin, fısıltının olub-olmadığına diqqət etmək lazımdır. Çünki ilanlar səsi deyil, titrəyişi hiss edirlər".

S.Bünyatova ilanların zəhərli və ya zəhərsiz olmasının müəyyənləşdirilməsinin zəruriliyindən də danışıb: "Zəhərli və zəhərsiz ilanları fərqləndirən ilk əlamət onların bədən quruluşudur. Zəhərli ilanların bədənləri yoğun və gödək, quyruqları isə qısa və nazik olur. Baş hissəsində zəhər vəzləri yerləşdiyi üçün başları üçbucaq formasındadır. Zəhərsiz ilanların isə bədənləri adətən nazik, quyruqları uzun olur. Bədənlə quyruğun və başın sərhədi bilinmir. Zəhərli ilanlarda baş üçbucaq olduğu üçün bədəndən rahatlıqla seçilir".

O deyib ki, ilan sancdıqdan sonra onun zəhərli və zəhərsiz olmağını seçmək üçün sancılan yerdəki diş izlərinə diqqət etmək lazımdır: "Zəhərli ilanın üst çənəsinin önündə iki ədəd zəhər dişləri var. Diş batan hissədə iki və ya bir iri qırmızı, qanlı nöqtə görünürsə, bu zəhər dişlərin yeridir. Zəhərsiz ilanda bu dişlər olmur, onların dişləri çənənin arxa hissəsindədir. Zəhərli ilan sancanda iki cərgə çoxsaylı kiçik qırmızı nöqtələr görünür ki, bu da yem dişləridir".

Mütəxəssisin sözlərinə görə, zəhərli ilanı baş hissəsindən tutmaq lazımdır: "Bəzi insanlar bilmirlər, quyruğundan tuturlar və ilan başını çevirib sancır".

S.Bünyatova qeyd edib ki, qızıl və kələz ilanları aqressivdir və insana hücum edir: "Onlara iki metrdən artıq yaxınlaşanda o, hücuma keçir. Amma bu ilanlar zəhərsizdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.