Maraqlı

Qadına görə dinini dəyişdi

28 İyul 2015 21:15
0 Şərh     Baxış: 1 349
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az lent.az-a istinadən Günay Məryəmin yazısını təqdim edir.
 
Bu yaxınlarda Hollivud filmlərinin dünya şöhrətli aktyoru Ömər Şərif 83 yaşında infarkt nəticəsində həyatla vidalaşdı. Məşhur aktyor son illər alstqeymer xəstəliyindən əziyyət çəkirdi. 
 
Ömər Şərif kimdir?
 
Livan əsilli məşhur aktyor Ömər Şərif 10 aprel 1932-ci ildə Misirin İsgəndəriyyə şəhərində dünyaya gəlib. Ailəsi XX əsrin əvvəllərində Livanın Zahl şəhərindən Misirə köçüb. Aktyorun əsil adı Mişel Demitri Şalhubdur. O, film həyatına 1954-cü ildə "Sira Fi al-Wadi" ("Cəhənnəmin səması") adlı Misir filmi ilə başlayıb.
 
Daha sonra aktyor "Ərəbistanlı Lourens" və "Doktor Jivaqo" kimi məşhur Hollivud filmlərində rol alıb. Bu filmlərlə aktyor adını kino tarixinə yazdırmış oldu. 1962-ci ildə çəkilən "Ərəbistanlı Lourens" filmindəki Şərif Əli roluna görə "Qızıl Qlobus" mükafatına layiq görülən aktyor həm də "Oskar" mükafatına namizəd göstərilmişdi. Devid Linin rejissoru olduğu və Tomas Edvard Lourensin həyatından bəhs edən "Ərəbistanlı Lourens" kino tarixində ən yaxşı və ən təsirli filmlərdən biri kimi qəbul edilir. Üç il sonra, 1965-ci ildə o, "Doktor Jivaqo" filmindəki baş roluna görə ikinci dəfə "Qızıl Qlobus"a sahib olub.
 
Ömər Şərifin rol aldığı "Roma imperiyasının süqutu" (1964), "Çingiz xan"(1965), "Məzəli qız" (1968) və "Makkennanın qızılı" (1969) filmlərindəki rolları da yaddaqalan olub. Azərbaycan tamaşaçısı bu aktyoru daha çox "Makkenanın qızılı" filmindəki Kolorado rolu ilə tanıyıb. Ömər Şərif 1994-cü ildə çəkildiyi "Şirlərlə döyüş" filmində Azərbaycan lideri Səfər Xanın rolunu canlandırıb. Film Dağlıq Qarabağ hadisələrindən bəhs edir.
 
Aktyor 2003-cü ildə dünya kinematoqrafiyasına verdiyi töhfəyə görə, Venesiya kinofestivalının "Qızıl şir" mükafatına da sahib olub. Ömər Şərifin 2009-cu ildə çəkildiyi "Sizə deməyi unutdum"  filmində aktyor məhz alstqeymer xəstəliyindən əziyyət çəkən qəhrəman obrazını oynayıb. Aktyorun xəstəliyi haqqında bu ilin may ayında onun oğlu Tarik Al-Şərif jurnalistlərə məlumat verib. Bu xəstəlik səbəbindən aktyor 2012-ci ildən etibarən rollarda çəkilməkdən, ictimaiyyət içərisində olmaqdan imtina edib.
 
Bir müddət Parisdə yaşayan aktyor daha sonra Misirə qayıdıb və son günlərinə qədər orada yaşayıb. Ömər Şərif Dublin Ərəb Filmləri Festivalının fəxri qonağı olan zaman "İrish Times"a müsahibə verib. O zamanlar Şərif Parisdə yaşayırdı. O, 1930-cu illərdəki məşhurluğunu xatırlayır və şikayətlənirdi: "Heç dostum qalmayıb. Hətta yeməyə getməyə biri belə yoxdur". Müsahibə verən zaman Avropada lüks otellərdən birində yaşayan Şərif karyerası və şəxsi həyatı ilə bağlı maraqlı məlumat verib. 

Misirin İsgəndəriyyə şəhərində Mişel Şalhoub adıyla dünyaya gələn Şərif deyib: "Kiçik olanda anam məni ayaqqabı ilə döyürdü. O, məni Misirdə olan ingilis internat məktəbinə göndərdi, çünki orada yemək çox pis idi və o, arıqlamağımı istəyirdi. Qahirə Universitetində riyaziyyat və fizika fakültəsində oxuyan Ömər, daha sonra Londonda olan "Royal Academy of Dramatic Art"da təhsilinə davam edib. 1950-ci illərdə rejissor Youssef Şahayn Şərifin aktyorluq bacarığını kəşf edib. Bundan sonra o, aktrisa Fate Hamama ilə birlikdə rol alıb. Hamamaya olan sevgisinə görə İslamı qəbul edən Şərif adını da elə bu dövrdə dəyişdirib. 1954-cü ildə evlənən və təxminən 20 il sonra boşanan Hamama və Şərif cütlüyünün Tarik adlı oğulları var.
 
Məşhur aktyor həyatının dönüş nöqtəsini "Ərəbistanlı Lourens" filminin çəkilişləri üçün bir il müddətində İordaniyada çöllükdə aparılan çəkilişlər olduğunu bildirib. Filmdəki rolu ilə "Qızıl Qlobus"a layiq görülən Şərif Lourens rolunda çıxış edən Peter O Toole ilə qısa müddətdə yaxın dost olub. Aktoyr O Toole ilə dostluğu haqqında bunları deyir: "Ərəbistanlı Lourens"dən sonra bərbad filmlərdə rol aldıq. O, mənə "Gəl ən pis rollarda oynayaq və çox əylənək" demişdi. Onu çox sevirdim, dostum idi. Vəfat edəndə dəli olmuşdum". 
 
Hamının qarşı çıxdığı sevgi
 
1965-ci ildə kino tarixinin əfsanəvi filmlərindən olan "Doktor Jivaqo"da baş rolda oynayan Şərif bu müddətdə Barbra Streisanda qarşı maraq duymağa başlayıb. Hamamayı aldatmaq istəmədiyi üçün ona boşanmağı təklif edib. Şərif o günlərdə Streisand üçün Yəhudiliyi qəbul etməyə hazır olduğunu da bildirib.
 
Nyu-Yorkda yaşamaq istəməyən Şərif bu mövzuda şəhəri çox sevən Streisand ilə razılaşa bilmədiyini deyib. Bu əlaqənin Misir hökumətini də əsəbiləşdirdiyini bildirən Şərif xəbəri Streisanda çatdıranda aldığı cavab belə olub: "Qahirənin əsəbiləşdiyini düşünürsən? Sən xalam Aunt Rosenin mənə göndərdiyi məktubu görməmisən hələ". Hamamadan ayrıldıqdan sonra bir daha evlənməyən Şərif ömrünün son günlərinə qədər Qahirədə oğlu və iki nəvəsi ilə birgə yaşayıb. 
 
"Bir zamanlar əfsanəydim"
 
Müsahibə gedən zamanlarda günlərinin eyni keçdiyini deyən Şərif Parisdə qaldığı lüks oteldə günortaya qədər yatdıqdan sonra, duş alıb 45 dəqiqə yürüş etdiyini deyib: "Otelə tək geri dönürəm. Heç kimi tanımıram. Parisdə dostum yoxdur. Axşam olanda mənimlə yeməyə gedəcək, ya da çölə çıxa biləcəyim birinin olmağını istəyirəm".
 
Ömər Şərif əfsanəvi film ulduzunun necə bu qədər yalnız ola biləcəyi sualına isə belə cavab verib: "Əfsanəydim, ancaq indi deyiləm. Yaxşı, ya da pis heç nə etmirəm. Yalnız otururam, oxumuram belə".
 
Ömər Şərif aktyorluqdan əlavə bric (kart oyunu) ustası kimi də çox məşhur olub. Aktyorluq karyerasına 21 yaşında başlayan aktyor briclə də film çəkilişləri zamanı tanı olub. 1964-cü ildə Dünya Bric Olimpiadaları zamanı Birləşmiş Ərəb Əmirlikləri komandasının kapitanı olub. O, 1967-ci ildə "Omar Sharif Bridge Circus"u ("Ömər Şərifin Bric sirki") qurub. Qrup üzvləri Leon Yallouz, Klaudi Delmoli, Benito Qarozo, Pietro Forqut, Corcio Belladona olub. Şərif komanda yoldaşları ilə birgə bir çox matçlarda qələbə qazanıb. Son illərdə bu oyundan uzaqlaşmasına baxmayaraq, bric ilə silinməz iz buraxıb. Bu haqda danışan aktyor deyirdi: "Aktyorluq mənim işimdir, amma bric hobbimdir".
 
Qumar vərdişindən uzaqlaşan Şərif: "Səkkiz, ya da doqquz ədəd yarış atım var. Artıq, yarışları hippodroma getmək əvəzinə televiziyadan izləyirəm. Əvvəllər davamlı gedirdim. 25 və ya 30-cu yaşlarımı xatırlamıram. O günlər keçdi getdi. Xatırlamağı istəyərdim, xatirələrim də getdi" deyib.
 
Aktyor 2011-ci il 13 mayda Leyla Umarla reportajında bunları deyib: "Bu əsrin tək dahisi Atatürkdür. Ən böyük arzum Atatürk rolunu oynamaqdı. Çe Gevera və Fidel həyatıma çox təsir edən iki qəhrəmandır. Bir sosialist olaraq Çenin həyatını canlandırmaq idealımdır. Həyatımda tək sevgim oğlumun anası, Misirin məşhur sənətkarı Fate Hamamaya olub. Daha sonra evlənmək istəyəcəyəm heç bir qadına rast gəlmədim. Hər Ramazan keçmiş həyat yoldaşım indi evli olduğu şəxslə məni iftara dəvət edir. Oğlumla, iki nəvəmlə birgə ildə bir dəfə ailəvi yemək yeyirik".
 
83 yaşında miokard infarktından vəfat edən əfsanəvi aktyorun vida mərasimi marşal Hüseyn Tantavi adına məsciddə keçirilib. Matəm mərasimində mərhumun ailə üzvləri, dostları və Misirin bir sıra tanınmış kinoaktyorları iştirak edib. Ömər Şərif Qahirədə dəfn olunub.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.