Maraqlı

Şir bürcündə doğulanlar necə insanlardır?

22 İyul 2015 22:31
1 Şərh     Baxış: 107 668
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yola saldığımız Xərçəng bürcündən kəskin surətdə fərqlənən Şir öz hərarəti və canfəşanlığı ilə həmişə fərqlənir. Ən azı ona görə ki, haqqında danışdığımız bu bürcləri iki planet - Ay və Günəş idarə edir. Mənfi enerjili, Yerin təbii peyki (Ay) bir aydan bəri Göy qübbəsində tutduğu yerini hərarətli Günəşə verir. Bu isə yarımçıq qalmış prosesləri inkişaf etdirir, müəmmalı məsələlərə aydınlıq gətirir. 

Bəri başdan deyək ki, respublikamızın paytaxtı da yaşadığımız Şir bürcünün himayəsi altındadır. Elə bu səbəbdən də Bakıda inşa olunan qədim binaların zirvəsində şir başı həkk olunub. Bu zodiaka daxil olan ərazilər həmişə təlatümlər mərkəzi olur. Yəqin paytaxtımızın "İnqilablar şəhəri" adlandırılması da bu səbəbdən doğur.
 
Milli.Az publika.az-a istinadən bildirir ki, Şir bürcünün "hökmranlığı" dövründə haqsızlığa qarşı mübarizə, yüksək məcraya yönələn narazılıqlar, ixtişaş və qarşıdurmalar həmişə labüd olur. Digər tərəfdən də unutmamalıyıq ki, bu ərəfədə yalnız xeyirxah və pak adamlar zəfər çalırlar.
 
Ulduzlar sistemində 5-ci yeri tutan Şir bürcü təqribən iyulun 23-dən avqustun 23-nə qədər (32 gün) olan dövrü əhatə edir. Ünsürü od, planeti Günəş, düşərli günü bazar, düşərsiz günü şənbə, uğurlu rəngi qızılı, narıncı, al, qara, uğursuz rəngi ağ, uğurlu daşı yantar, topaz, rubin, oniks, brilyant, metalı qızıl, enerji verən çiçəyi xrizantema, pion, uğurlu rəqəmi 1, 5, 9, 11, müxalif bürcü Sutökəndir.
Bu zodiak Göy qübbəsinin 947 kvadrat dərəcəlik sahəsini tutur. Onun tərkibində adi gözlə görünən 70-ə yaxın ulduz var. Bürclər arasında ən çox parlaq ulduza malik olan da məhz Şirdir. Hətta onun baş hissəsində yerləşən Requl ulduzunun parlaqlığı və hərarəti Günəşinkindən 150 dəfə çoxdur.
 
Bu bürcü himayə edən Günəş astronomiyaya görə sıravi planet hesab olunur. Onun adını qədim dünya dövlətləri həmişə yaxşılığa çəkiblər. Hətta müqəddəs dinimiz olan zərdüştilikdə də Ulu Hörmüzü bəzən Günəş Allahı da adlandırırdılar. Bu parlaq obyektin radiusu 696 min km, elementi od, tərkibi quraqlıq, xarakteri isə hakimlikdir.
Bir-birini tamamlayan iki ünsürü (Günəş planeti və od elementi) özündə birləşdirən yeganə Zodiak kimi tanınan Şirlər digər bürclərə nisbətən daha enerjili olurlar. Onların potensial imkanları geniş olduğundan hara düşsələr, asanlıqla hörmət qazanır, gözlənilmədən məşhurlaşırlar. Tarixi mənbələrdən bəlli olur ki, bu işarə altında doğulanlar qədər magiyaya meyl edənlər yoxdur. Cadugər, maq, ekstrasens, hipnozçu və digər mistik peşələrə həvəs göstərən "heyvanlar şahı" əsasən Tanrıya xidmət yolunu tuturlar.
 
Bu adamların cəmiyyətdəki "zadəgan" ədaları çoxlarında ikrah, qəzəb və qısqanclıq hissi yaradır. Ən çox paxıllığa məruz qalan, böhtan və iftiralara mübtəla olanlar da məhz belələridir. Lakin Şirlərdə ilk növbədə nəzərə çarpan qürurlu görkəm özünüçəkmək kimi deyil, xarakterik xüsusiyyət kimi qəbul olunmalıdır.
 
Şir ideal rəhbərdir. O, ruhlandırmaq lazım gələni, öz enerjisi ilə ruhlandırır, digərlərini isə təkararolunmaz avtoriteti ilə tabe edir. Onun əsas problemi aşağı səviyyədə qavramadadır. Ona elə gəlir ki, uğur qazanan və güclü olan haqlıdır. Bundan başqa Şir reallığın ancaq onun enerjisinin işıqlandırdığı tərəfi ilə maraqlanır, qalan şeyləri isə inkar edir.
 
Ali Şir öz enerjisi ilə kor olmuş vəziyyətdə deyil. O, impulsiv deyil və həyatı diqqətlə müşahidə edir. Ali Şir enerji axınının da qulu deyil. Bu adam enerjini idarə etməyi bacarır. Bu, bir növ incəsənətdir. Odur ki, Şir həmişə nəzərə almalıdır ki, enerji özlüyündə heç nə yaratmır, bu enerjini yalnız lazımi istiqamətə yönəldib idarə ediləndə hansısa səmərəni verir. Həmçinin Şir onun idarəçiliyi altında olmayan real həyata hörmət etməyi öyrənməlidir. O, özünü daha çox həyatın gözəlliyinə sevinmək mümkün olduğu və başqalarına sevinc bəxş edən yaradıcı və aktyor kimi çıxış etməyin mümkün olduğu yerdə ifadə edə bilər.
 
Bu adamlar boş yerə vaxt itirməyi sevmir, bütün işlərdə dəqiqliyi xoşlayırlar. Amma bəzən qaba və səliqəsiz də olurlar. Şirlər, adətən sosial vəziyyəti nisbətən aşağı səviyyədə olan adamlarla ailə qururlar. Bu, əlbəttə ki, yuxarıda qeyd etdiyimiz qürurluluqdan irəli gəlir. Çünki bu Zodiakın nümayəndələri heç vaxt başqalarından minnət götürmür, kiminsə yanında başıaşağı olmaq, zəif adam təsiri bağışlamaq istəmirlər. Onlar öz müsahiblərinə ötəri şəkildə qulaq asmırlar. Hətta özünüz də fikir versəniz, görərsiniz ki, Şirlər söhbət etməmişdən əvvəl qarşısında duran şəxsi bir müddət süzür və ya diqqətlə gözlərinin içinə baxır. Onlar bununla həmsöbətlərinin nə dərəcədə səmimi olmasını, belələri ilə uzun müddət ilişgilərdə olub-olmamaq barədə ciddi şəkildə götür-qoy edirlər. Bu şəxslərə kələk gəlinərsə, hamıdan əvvəl hiss edir, lakin zamanı çatana qədər susurlar. Bu səbəbdən də barəsində danışdığımız adamlarla səmimi və ehtiyatla davranmaq lazımdır. 
 
Bu bürcdən olanlar arasında çoxlu aktyorlar, rejissorlar, prodüsserlər və teatr administratorları var. Şirlər xüsusilə "malı yaxşı nümayiş etdirmək" gərək olduğu yerdə daha uğurulu fəaliyyət göstərirlər. Buna görə də dizayn, aşbazlıq, vitrinlərin quruluşu və s. kimi işlər onların ürəyincədir. Qeyd etmək lazımdır ki, Şirlər yeni və təcrübələri az olan işlərə başlamağa meyllidirlər. Buna görə də çox çalışmalarına və istedadlarına baxmayaraq, bəzən öz məqsədlərinə çata bilmirlər.
 
Şirlər pulun özünü yox, onun yaşamağa imkan verdiyi şahanə həyatı sevirlər. Biznes onlar üçün elit bir oyundur. Belələrinin sərmayə qoya biləcəyi ən uğurlu mühit daşınmaz əmlak və əmanət sahəsidir.
 
Bu bürc altında doğulanların sevgi həyatında xəyanət amili mütləq baş verir. Bəzən bunun səbəbkarı özləri olsa da, əksər hallarda bu xəyanəti sevdikləri adamdan görürlər.
 
Belələri hər yerdə hadisələrin gedişatını öz istəklərinə uyğun məcraya yönəltməyə çalışırlar. Onlar istənilən oyuna girməyi və nəticədə qələbə qazanmağı yaxşı bacarırlar. Hətta bəzən iştirakçısı olduğu situasiyaların ssenari müəllifi də özləri olur, lakin bir və ya iki nəfərdən başqa bunu heç kimə bildirmirlər. Bu isə onların kəşfiyyati işlərə marağının böyüklüyünü sübut edir.
 
Şirlər 30 yaşına qədər ən müxtəlif sahələrdə fəaliyyət göstərsələr də, sonrakı illərdə yalnız bir amal uğrunda mübarizə aparırlar. Şir - Buğa və Oxatandan sonra ən varlı Zodiak işarəsi hesab olunur. Lakin bəzi hiyləgər nüanslarına görə çox vaxt əvvəlki iki bürcü də kölgədə qoyurlar. Astroloqlar hesab edir ki, Şir bürcündə dünyaya gələnlər, ələlxüsus da kişilər nadir hallarda öz əcəlləri ilə ölürlər. Əgər onlar siyasətə baş qoşurlarsa, bu amilin reallaşma ehtimalı yüz faizə yaxın olur.
 
Kənardan baxanlara elə gəlir ki, bu bürcdən olanların heç bir dərdi-səri yoxdur. Lakin zavallı Şirlərin iztirab və üzüntüləri hamınınkından çoxdur. Sadəcə olaraq, onlar hər şeyi ürəklərində saxlamağı bacarırlar. Elə bu səbəbdən də ürək ağrılarına tez-tez mübtəla olurlar. Yəqin çoxlarınıza bəlli deyil ki, insanlar arasında ən çox infarkta məruz qalanlar da məhz Şirlərdir.
 
Hazırda himayəsində yaşadığımız bu zodiakın nümayəndələri ilk baxışdan qürurlu görkəmləri və təkəbbürlü rəftarları ilə nəzəri cəlb edirlər. İstənilən siyasi və mənəvi mübarizədə onları ilk cərgədə görmək olar. Bu adamlar müsahibləri ilə dil tapmağı bacarır (əlbəttə ki, buna həvəsləri varsa), ətrafında olanların zəif cəhətlərini başqalarından daha yaxşı duyurlar. Şir bürcündə doğulanlarda müəmmalı xüsusiyyətlər də az deyil. Hətta qədimlərdə onları "anadangəlmə sehirbaz" da adlandırırdılar. Çünki belələri tez-tez qəribə addımlar atır, gözlənilməz hərəkətləri ilə çoxlarının heyrətinə səbəb olurlar. Bəzən davranışlarındakı soyuqqanlılığa və kobudluğa görə onlardan inciyirlər. Lakin dar məqamda adama elə kömək edirlər ki, bütün baş vermiş xoşagəlməzliklər yaddan çıxır. Şirlərin şəxsi həyatı, peşə fəaliyyətləri, insanlara münasibəti daimi deyil. Onların hansı məqamda necə addım atacaqları yalnız özlərinə məxsusdur. Gündüz doğulan Şirlər gecə doğulanlara nisbətən tez qızışan və özündənrazı olurlar.
 
Şirlərin əksəriyyəti üçün peşə fəaliyyəti və hakimiyyət istəyi ailədən daha vacibdir. Bu adamlar yalnız toya qədər əsl məhəbbət hissləri yaşayırlar. Toydan sonra isə buna, necə deyərlər "vaxtları olmur".
 
Günəşin himayəsində bərqərar olan bu Zodiak işarəsi yüksək enerjiyə malik olduğundan ən ali vəzifələrdə çalışmağa yararlı olurlar. Onlar həkim, sərkərdə, maarifçi, idmançı, təşkilat və hərəkat rəhbəri, eləcə də siyasətçi kimi məşhurlaşırlar. Şirlərdə gözəl rəssamlıq bacarığı da olur. Bundan başqa bu bürcün əksər nümayəndələri idmana, xüsusən də yüngül atletikaya meyl göstərirlər. Onlarda hipnoz qabiliyyəti güclü olduğundan astrologiya, spiritizm və magiya nəzəriyyələrini hamıdan tez qavrayırlar. Kino ulduzları arasında indiyə qədər ən çox "Oskar" alanlar da bu zodiakın bəxtinə düşür. Şirlər şairdir, yazıçıdır, pedaqoqdur, incəsənət xadimidir. Şir bürcü altında dünyaya gələnlərin yüksək postlara yiyələnmək perspektivi daha çoxdur.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.