Maraqlı

Biri kədərindən ölüsünü yeyir, o biri külündən üzük düzəldir... - FOTO

18 Aprel 2015 16:43
0 Şərh     Baxış: 1 795
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dünyada ilginc dəfn adətləri, yas mərasimləri

Xəbər verdiyimiz kimi, Azərbaycanda ölüləri yeni qaydalarla basdıracaqlar. Özəl və bələdiyyə qəbristanlıqlarının yaradılması ilə bağlı bağlı Nazirlər Kabineti müvafiq qərar verəcək. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində isə artıq yeni sənəd hazırdır. Qəbristanlıqlar bələdiyyələrin tərkibində yaradılacaq qrumlar tərəfindən idarə olunacaq.

Yeni qaydalara görə, təzə qəbristanlıqlarda ailəvi məzarlıqlara icazə verilməyəcək. Yalnız ər və arvadın vəsiyyətnaməsinə əsasən onun yanında həyat yoldaşını basdırmaq üçün bir yer saxlanıla bilər. Digər qohumlar isə qəbristanlığın qeydiyyat kitabındakı nömrələnmə siyahısına uyğun basdırıla bilər.
Hər bir məzarın ümumi sahəsinin 5 kvardrat metr olacağı bildirilib. Məzarın içi 1 metr, uzunluğu isə 2 metr, baş daşının hündürlüyü 60 sm, eni 40 sm kimi müəyyənləşdirilir. Sinə daşının yerdən olan hündürlüyü isə 30 sm kimi nəzərdə tutulub.

Bu yenilik bizi dünya ölkələrindəki basdırılma, dəfn qaydaları barədə bir gəzişmə etməyə vadar etdi.

Onlar ölünü "ölməyə qoymur"

Müasir dünyada ölülərin yas mərasimində canlı kimi təqdim edilməsi ona olan hörmətin əlaməti kimi qəbul olunur. Bunun üçün qrim və kimyəvi müdaxilələrdən istifadə edilir. Bu halda yaxınları ona yaxınlaşaraq son sözlərini söyləyərkən daha ürəkli olur, sanki onu canlı kimi mənimsəyirlər. Ölüm insan həyatında qaçılmaz mərhələdir, amma yas mərasiminin məzmunu mərhumun mənsub olduğu dindən, coğrafi göstəricilərdən, cəmiyyətdəki ictimai statusundan asılıdır. Varlı insanlar piramidalar və məqbərələr tikirlər. Belədə isə dünyada yas, dəfn mərasimləri çox sadə olsa da, dini rituallar ön plandadır.

Hindistan sakinləri hesab edirlər ki, bədən öz ölümündən sonra ruhunu saxlayır. Ruhun azad buraxılması üçünsə yeganə yol bədənin yandırılmasıdır. Hindlinin ölümündən sonra dəfn hazırlıqları başlananda onun bədəninin yanında lampa yandırılır. Bu lampa odu simvolizə edir və digər həyata keçərkən insanın ruhunu yaxından görmək üçün nəzərdə tutulub. Ölmüş şəxsin bədəni öncə təmizlənir, sonra ona yeni geyim geyindirilir, ardınca güllərlə, ləl-cəvahiratla və otlarla bəzədilir. Daha sonra bədənin külə çevrilməsi üçün onu yanan ocağın yanına aparırlar. Mərasimdə baş ağlayan ölən şəxsin böyük oğlu sayılır. O, bütün dini ayinlərə riayət edəndən sonra atasının bədəninin yandırılacağı odu qalayır. Bədən yanan dəqiqələrdə isə əsas ağıçı "kapal kriya" ritualını həyata keçirir. Bu ritual zamanı baş ağıçı mərhumun kəlləsini bambuk budaqları ilə vurur, bu, ruhun bədəndən azad edilməsi anlamına gəlir. Keramasiyanın baş verməsindən bir neçə gün sonra baş ağıçı ocağın qalandığı yerə qayıdır, sümüklərin qalıqlarını yığışdırır. Məqsəd bu qalıqları Qanq çayının müqəddəs sularında "dəfn etməkdir".

Ölünü torpağa qıymır, dənizə yola salırlar

Nəzərə alanda ki, dənizdə dəfn mərasimlərinin minilliklər boyu tarixi var, əslində dəniz dəfn mərasimləri əsasən dənizçilərlə assosiasiya olunur. Ada və dənizkənarı sakinləri üçün torpaq bahalı resurs sayılır. Ona görə də torpağı qəbristanlıq kimi istifadə etməyə qıymırlar. Əksinə, dənizi mərhumlarının son mənzili kimi istifadə edirlər. Bu məntiqlə ölünün bədəni suda daha tez dincliyə qovuşur, tam bir həyat siklini tamamlamış olur. Vikinqlər və misirlilər ölmüş yaxınlarının bədənini dənizə qayıqla göndərirdilər.
Bizim vaxtımızda isə dəniz dəfn mərasimləri cəsədin küllərinin dənizə atılması kimi qeyd edilir. Buna səbəb də odur ki, indiki zamanda meyidin dənizə atılması həm gigiyenik, həm də müasir qaydalar baxımdan düzgün deyil. Bundan öncə isə dənizçilər öz ölmüş dostlarının meyidini bir torbaya qoyur, onu daşa bağlayır və dərinə atırdılar.

Dəfnə rəqqasələr çağıranlar...

Çinin Doughai bölgəsinin dəfn mərasimləri status simvolları olaraq görülür. Yəni bir insanın tanınmış, nüfuzlu, zəngin olması onun yasına gələn insanların sayı ilə ölçülür. Buna görə ölənin yaxınları mərasimdə çox adam olsun deyə striptizçiləri də dəvət edirlər.
Madaqaskarlılar ölünü qəbrindən çıxarıb onunla caz musiqisi altında rəqs edirlər. Bunun belə bir açıqlaması var ki, bu yolla ölən insanın ata, babaları ilə görüşdüyü üçün ruhunu şad etmək lazımdır. Hər 7 ildən bir təşkil edilən bu mərasim ölənin yaxınları üçün sevindirici bir hal kimi qəbul edilir.

Tibetdə buddistlər ölənin cəsədini tikələrə ayıraraq bir dağın təpəsinə yerləşdirib, yüzlərcə qarğalar tərəfindən yeyilməsinin tərəfdarıdırlar. Quşların yediyi cəsədin ruhunun bu quşlarla göylərə gedəcəyini düşünən ölünün qohumları sonra bunu qeyd edirlər.

Toya oxşayan yas mərasimləri

İndoneziyanın Tana Toraja bölgəsində yas mərasimi əsl toyu xatırladır. Yasda musiqi, rəqs və qonaqlar üçün yemək-içmək təşkil edilir. Beləliklə, ölünün yaxınları ölüyə öz təşəkkürünü bildirmiş olurlar. Bunun üçün ölü sarılır, mərasim təşkil edilənə kimi öz evində saxlanır. Bəzən bu hazırlıq həftələrlə, aylarla və hətta illərlə də davam edə bilir. Bu müddət ərzində ölüyə xəstəymiş kimi davranıb onunla danışırlar. Mərasim təşkili hazır olduqdan sonra ölünün çürümüş meyidi tabuta qoyulub ya basdırılır, ya da qayadan, mağarada asılır. Onlar ölünün bu şəkildə oyanacaqlarına inanırlar.

Ölüsünü barmağında gəzdirənlər

Amerikada bir firma ölüləri yandırdıqdan sonra onun külündəki karbon atomlarından üzük hazırlayırlar. Qiyməti daşın karatına görə 3,5-20 min dollar arasında dəyişir. Atasının külündən sırğa, boyunbağı, üzük hazırlatdıranlar belə var.
 
Teshi bölgəsində insanlar fərqli tabutlarda dəfn olunurlar. Kola şüşələri, meyvə şəklində tabutlar da var.
 
Cənubi-şərqi Avstraliyada yaşayan Dierilər ölən qohumlarının üz, qol, ayaq və qarınlarının yağlı yerlərini yeyirlər. Onlar yağı güc hesab edir və bu gücün onu yeməklə yeyən insana keçəcəyinə inanırlar. Cənubi Amerikada meşədə yaşayan, sayı azalan Paraquay və Yanomamilər arasında bu ənənə davam edir.

Yas mərasimində israf... olar, olmaz?

Pravoslavlarda dəfndən sonra mərhumun ailə üzvləri adətən yaxın qohumlarını, dostlarını, əzizlərini yas mərasiminə dəvət edirlər. Çağırılmayanlar isə mərasimdə iştirak etməməyə, bununla da ailəni maddi sıxıntıya salmamağa çalışırlar.

Ümumiyyətlə, dəfnə qədər evdə təmizlik işləri aparılır, yığılan zibillər yandırılır və ev buxar tüstüsü ilə ətirlənir. Mərhumun dəfninə qədər evdə xeyrat süfrəsi açılmasına tədarük görülür. Pravoslav ənənəsində "xeyrat süfrəsi" məfhumu qidanı dadmaqla icra olunan ibadət anlayışı ilə bağlıdır və müəyyən qaydalara əsaslanır. Bu mənada adətən xeyrat süfrəsi üç dəfə - mərhumun üçü, doqquzu və qırxı günü açılır - bu da müəyyən dini inancla - ruhun o biri dünyaya mərhələli köçməsi ilə bağlıdır.

Yas mərasimləri qəbirüstü ziyarətlə başlayır və evdə ehsan süfrəsi ilə davam edir. Süfrə ətrafında toplaşanlar təamdan dadmaqla dualar oxuyub, mərhumun yaxşı əməllərini xatırlayıb, şəxsi keyfiyyətlərindən bəhs edirlər. Ənənəyə görə, ilk sözü ailə başçısı deyir və daha sonra məclisi aparmaq yaxınların xahişi ilə hörmətli qonaqlardan birinə həvalə olunur. Ziyarətçilər gedəndən sonra mərhumun yaxınlarının gün batana kimi hamama gedib yuyunmaları da geniş yayılmış ənənədir.

İsrafa, dəbdəbəli həyatdan qaynaqlanan şan-şöhrətə mənfi münasibət xristianlığın əsas ehkamlarından irəli gəlir. Bu baxımdan dəbdəbədən uzaqlaşıb sadə həyat sürmək ənənəsi bu dində təsadüfi yaranmamışdır. Ona görə də yas mərasimlərinin şöhrətpərəstlik aləti kimi istifadəsi xristianlığın prinsiplərinə zidd hesab olunur. Bunu bütpərəstlikdən qalma adət hesab edənlər də var. Çünki bütpərəst inanca görə, təmtəraq və dəbdəbə ilə axirət yurduna yola salınan mərhumun aqibətinin yaxşı olacağına etiqad əski zamanlardan mövcuddur. Amma xristianlıqda bu inanc məqbul hesab edilmir.

Bir sözlə, iudaizmdə və xristianlıqda vəfat etmiş insan üçün dini ehkamlar çərçivəsində ehsan mahiyyətli xeyrat süfrələrinin açılması ənənəsi mövcud olsa da, israfa və ifrata yol verməmək əhəmiyyətli məsələ kimi hər iki dinin prinsiplərində özünü qabarıq büruzə verir.
Ümumiyyətlə, yas mərasimi ilə bağlı üç səmavi dində oxşar məqamlar kifayət qədərdir və məsələyə ümumi yanaşma, demək olar ki, eynidir. Təbii ki, bu, hər üç dinin ilahi mahiyyət daşımasından və ayrı-ayrı xalqların, toplumların bir-birilərinin mədəniyyətindən, adət-ənənələrindən bəhrələnməsi zərurətindən irəli gəlir.

Müsavat.com

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.