Maraqlı

Mədəniyyət nədir: şizofreniya, paranoya?

18 Dekabr 2014 20:26
0 Şərh     Baxış: 2 133
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Fransız filosof Jil Dölöz bütün mədəniyyət anlayışlarını paranoya və şizofreniya olmaqla iki cəbhəyə ayırır. İctimai terminologiyada bu qütblər avtoritar və liberal təşkilatlanmalar (başqa cür - faşist və inqilabçı) kimi qəbul edilə bilər. İlki mahiyyət etibarilə neqativdirsə, ikinci isə mənəviyyatın bütün pozitiv tərəflərini ehtiva edir. "Dövlət fəlsəfəsi paranoya, bənzərlik, eynilik, həqiqət, ədalət, inkar kimi anlayışların üstündə qurulub, belə təfəkkürün məqsədi subyekt, anlayış, obyekt arasında simmetriya qurmaq, onları fərqlilik və başqacürlük gətirən hər şeydən ayırmaqdır" ("Umberto Eko və postmodernizm fəlsəfəsi" kitabından).

70-ci illərin fransız Solundan təsirlənərək Dölöz və Qattari tərəfindən ortaya atılan "şəxsi olan siyasidir; şəxsi ilə ictimai, fərdi ilə kollektiv arasında heç bir fərq yoxdur" deyimi müasir dünyanın qarışıq və ya postmodern vəziyyətinə işarədir. Məsuliyyət dərkinə fokuslanan ekzistensializmi hiss etdiyimiz bu tərz yanaşma, həm Nitsşenin dəyərləri rekonstruksiya cəhdini, həm də Marksın "buxarlanan burjua istinadgahları"nı xatırladır.

Çərçivə funksiyası yerinə yetirən sistemin parçalanması üçün onu içindən oymaq gərəkdir. Necə ki bunu öz səhnə performanslarında Ramştayn nasizmə qarşı edir...

***

"DC Komiks"in xəyali super qəhrəmanı "Betmen"dən ilhamlanaraq rejissor Kristofor Nolan tərəfindən ərsəyə gətirilən "Qara cəngavər" filmi, çəkildiyi 2008-ci ildən etibarən öz dəsti-xəttilə janrındakı bütün filmlər üçün etalon rolu oynamağa başladı. Dünya kinoteatrlarında qırdığı rekordlardan əlavə, ölümündən sonra Ən yaxşı köməkçi rol"a görə Oskara layiq görülmüş Hit Ledcerin "Coker" performansı isə uzun müddət dillərdən düşmədi. Kino tarixinin ən maraqlı qarşıdurmalarından olan Betmen - Coker ikiliyi və onlar arasında baş verən hadisələr, tamaşaçıların ənənəvi tərəfseçmə cəhdlərini mümkün qədər təzyiqə məruz qoyur. Bu həvəskar yazı da həmin seçimi asanlaşdırmaq üçün edilən bir cəhddir...

***

"Bir az anarxiya ilə qurulmuş nizamı pozmaq olur və hər şey xaosa çevrilir. Mən xaosun vasitəçisiyəm. Və xaos haqqında bir şeyi bilməlisən - bu olduqca ədalətlidir".

Əvvəla, filmin əsas posterinin sloqanı olan "qanunsuz dünyaya xoş gəlmisiniz" cümləsinin Betmen personajının üzərində yazılmasının absurd olduğunu düşünənlərə, bunu ironiya olaraq da qəbul edə biləcəklərini deməklə başlayaq. Normalda bu tipli bir çıxış yalnız pisniyyətli, ziyanverici düşmən obrazından gözlənilir, məsələn, Cokerdən. Bizim "sevimli" klonun keçmişi barədə hər hansı dəqiq informasiyanın olmaması - ən azından hər kəsə fərqli bir hekayə danışması - Nolanın ssenarilə bağlı şüurlu hərəkətindən qaynaqlanır. Müəmmalı bir keçmişlə peyda olan bu təhlükəli şəxsin analizini aparmaq imkanı izləyici üçün qismən limitlənir. Yuxarıda yazılan və əslində, digər obrazlara deyil, birbaşa izləyicilərə ünvanlanan bu və bu kimi digər provokativ mesajların - məsələn, "Bəzi insanlar dünyanı yanarkən görmək istəyir" - Cokerin ideologiyasını əks etdirdiyini desək, məsələni ağ-qara təsvir etmiş olarıq. Geyim və danışıq tərzi, romantiklikdən uzaq dəlisov qərarları və sıfır empatiya ilə həyata keçirdiyi cinayətləri (!) filmdəki anti-qəhrəmana tamaşaçıda nifrət əvəzinə rəğbət yaradırsa, burada ciddi şəkildə düşünməli, Vilhelm Rayxın "beynimizdəki faşizm ilə mübarizə aparmalıyıq" qənaətilə şüuraltının gizli siyasi bir güc olduğunu unutmamalıyıq. Bu son cümlədən Cokerin tənqidi nəticəsini çıxaranlar girişdə verilmiş "paranoya - şizofreniya" dixotomiyasını xatırlayaraq Betmen - Coker arası paralellər aparmaqda sərbəstdirlər...

***

"İnandığım bir şey var ki, o da insanı öldürməyən şey... onu qəribə hala salır".

Cokerin elə ilk səhnədə dediyi bu cümlə Fridrix Nitsşenin məşhur "nə ki bizi öldürmür, bizi gücləndirir" sözlərinin özünə və cəmiyyətə yaraşan formasıdır. Özünə - çünki filmdə başqaları tərəfindən görünüşü etibarilə "freak" (ing. "əcaib", "qəribə") adlandırılır, cəmiyyətə - ona görə ki, informasiya bombardmanına məruz qalan insanların yaşadığı stress onları öldürməsə də, sosium üçün ciddi təhlükə mənbəyi yaradır. Deməli, bu əcaiblik yalnız fiziki mənada deyil, həm də mental olaraq nəzərdə tutulur. Cokerin iki gəmi manerasında, əsir vəziyyətdə qalan qruplarda - biri sadə vətəndaşlar, digəri həbs məhkumları - daxili çaxnaşmanın yarandığı səhnəni xatırlayın. Göz qırpmadan kiminsə axırına çıxmaq çox asandır, özü də bu cür bir dilemma varsa. Tomas Hobsun "bir-birinə qənim kəsilmiş insanlar"ı burda da özünü göstərir...

Cokeri nihilist də saymaq olar. Onunçün dünən ya sabah yoxdur, bu gün var. İstədiyini edir. Ətrafa olan şiddətini isə şizofrenik hal adı altında maskalamaq görülən işi heçə saymaq olardı. O, dəyərləri və hissləri - əgər qalıbsa - geri plana atıb, medalın görünməyən tərəfini göstərməyə çalışır. Səlahiyyətli şəxs Harvi Dentin mass-yalanla çıxış etməsi və etibarlı polis rəisi kimi ad çıxarmış Cim Qordonun feyk ölüm xəbəri, "anti-qəhrəman"ın vurğulamağa çalışdığı, dövlət tərəfindən yeridilən daxili və qapalı yalan prinsipinin bariz nümunələridir. Film, Slavoy Jijekin cəmiyyətin stabilizator faktoru kimi ön plana çıxardığı "rəsmi yalan"lardan olan bu cür addımın birbaşa ifşasına fokuslanmasa da, ənənəvi və romantik Betmen - Coker mübarizəsindən qıraqda bu siyasi motivləri müşahidə etmək olar.

Coker güc strukturlarının sosial asayişin nizamlanmasında istifadə etdiyi əsas silahı sistemin özünə çevirir: qorxu. "Xaos yaratmaq üçün yeganə qüvvə qorxudur" deyən Cokerin dövlətin cəmiyyəti qeyri-müəyyənliklərlə tətikdə saxlamasına göndərmə edir. Televiziyadan yayımlanan kadrlarla insanlara psixoloji təsir göstərir ki, bu da müasir medianın əsas məşğuliyyətidir. Maddiyyat onu qətiyyən maraqlandırmır. Pullarının geri qaytarılması işində yeraltı dünyası ilə "əməkdaşlığ"ı isə yalnız səhnəyə çıxmaq üçün bir yol idi.

"Hər şey plana uyğun gedəndə heç kəs panika keçirmir".

Baş vermiş hadisələr nəticəsində üzünün bir hissəsini itirən Harvi Dentin yeni görünüşünü, əslində, simvolik mesaj kimi başa düşmək olar. Cokerin Dentlə görüşdüyü hospital səhnəsində keçən dialoq, "anti-qəhrəman"ın düşüncələrini olduqca yaxşı təsvir edir. Dentə fikrincə bu cür ədalətsiz dünyada yeganə ədalətli olan şey şansdır, Cokerə görə isə anarxiya. Kütlələr və polislər üçün olan "planlama" xarakterini bəyənmədiyini, məqsədinin, sadəcə, bu konformizmi dağıdarkən onların aciz vəziyyətlərini izləmək olduğunu deyən Cokerin yuxarıdakı "plan - panika" ilə bağlı fikirləri ciddi müzakirə mövzusu olmalıdır.

Qotham şəhərinin ədalət simvolu olan Betmenin sonda bütün baş verənlərin məsuliyyətini öz üzərinə götürməsi ənənəvi üsul olaraq "yaxşıların fədakarlığı" kimi qiymətləndirilə bilər. Lakin Cokerin qanun keşikçilərinin tərəf-müqabili olan bu maskalı idealın timsalında qanunlarla bəzədilmiş sistemi və bu sistemin sakinlərini qorxuya salması, kütləvi dəyişikliyin kütlələrdən çox fərdlərə bağlı olduğunun göstəricisidir.

Rumın yazar Emil Sioran xaosu "öyrənilən hər şeyin rəddi və öz olmaq" kimi izah edirdi. Tərifin siyasi-sosial müstəvidə Cokerə aid olmasını görməmək üçün "3 meymun"u oynamaq lazımdır.

kult.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.