Maraqlı

KQB zabitinin 500 min dollardan imtinasının sirri 30 ildən sonra açıldı

23 Noyabr 2014 15:34
0 Şərh     Baxış: 4 585
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

30 il əvvəl Vyanada baş verən casus dramının detalları Britaniya kəşfiyyatı tərəfindən açıqlanıb.

KQB-nin zabiti Moskvaya işləyən casusla görüşə gəlir. Lakin xəbəri yoxdur ki, casus artıq həbs olunub, görüşə isə onun oxşarı göndərilib. "Casus" gizli məlumatları KQB emissarına vermək əvəzinə ona ABŞ-da sığınacaq və yarım milyon dollar təklif edir.

Milli.Az Azadlıq radiosuna istinadən xəbər verir ki, 1984-cü il yanvarın 20-də KQB zabiti Gennadiy Titov Vyanada vacib bir görüşə hazırlaşırdı. 10 ilə yaxındır sovet kəşfiyyatına işləyən Norveç xarici işlər nazirlyinin yüksək vəzifə sahibi Arne Treholtla görüşüb məxfi sənədlərlə dolu növbəti çantanı ondan qəbul etməli idi. Lakin bilmirdi ki, onunla görüşə gələn Arne Treholt cəmi bir neçə saat əvvəl Oslo aerportunda həbs olunub və xüsusi xidmət orqanlarına ifadə verərək hər şeyi bonuna alıb. Osloda qərara gəlirlər ki, Treholtun oxşarını tapıb Vyanaya göndərsinlər və Moskvanın emissarını ələ alsınlar.

Sergey Titov Vyanada oxşarı görəndə canlanır, lakin "Arne Treholt" onu tanımayanda şübhələnir. Hər 2 tərəf kəşfiyyatçılara məxsus yoxlama keçirir və hər ikisi eyni vaxtda nəticə əldə edirlər. Norveçlilər izdiham arasında Titovu tanıyır, Titov isə əmin olur ki, "Arne Treholt" saxtadır - oxşayır, amma o deyil. Bu zaman oxşarla birlikdə daha 2 nəfər KGB emissarına yaxınlaşıb birbaşa mətləbə keçirlər:

- Cənab Titov, Sizin kim olduğunuzu çox yaxşı bilirik, Sizə 500 min dollar, ABŞ, Avstraliya, və ya Kanadada yaşamağa rahat və təhlükəsiz yer təklif edirik.

Titov əmindir ki, onu həbs edəcəklər, 3 nəfərlə bacarmaq çətin olacaq. Ona görə də KGB zabiti vaxt udmağa çalışır, deyir ki, ancaq 1 nəfərlə söhbət edə bilər. Razılaşırlar. 2 nəfər onları tərk edəndən sonra Titov bildirir ki, təklifə dərhal cavab verə bilməyəcək, fikirləşmək üçün 1 gün vaxt istəyir. Qarşı tərəf bir neçə saat təklif edir və həmin gün axşam hind restoranında onu gözləyəcəyini bildirir. Bununla da aralaşırlar.

Möhkəm qorxuya düşən Titov yenə də kəşfiyyatçı əlifbasına əsasən 3 taksini buraxıb 4-cüyə minərək birbaşa SSRİ səfirliyinə gəlir. Onu Moskvada qəhrəman kimi qarşılayırlar.

Titovu nahaqdan hind restoranında gözləyən norveçlilər isə başa düşürlər ki, cəhdləri boşa çıxıb.

Norveç siyasətçilərinin ələ alınmasında böyük uğurları olan Gennadiy Titov KQB-nin generalı rütbəsinə qədər yüksəlir. Arne Treholt isə 20 illik məhkəmə hökmünün 8 ilini məhbəsdə keçirəndən sonra əfv olunur, həbsxanadan çıxan kimi Moskvaya köçür.

Əslində, nə Treholt, nə də Titov Qərbdə və Norveçdə yeni adlar deyil. Treholtun məhkəmə işi 80-ci illərdə ictimaiyyətin ən çox diqqətini çəkən mövzulardan biri idi. Sonradan onun həbsxanadan qanunsuz yolla əlyazma çıxarıb kitab çap etməsi, əfv olunması və nəhayət, məxfilik müddəti bitəndən sonra açıqlanan məlumatlar onu adı mediada ən çox hallanan şəxslərdən birinə çevirib.

Titov isə Norveçdə 70-ci illərdə başqa casus qalmaqalından - Gunvor Galtung Haavik işindən məlum idi və hətta persona non-granta elan edilmişdi.

Vyana görüşünün detalları isə bu günlərdə Britaniya kəşfiyatının arxivindən açıqlanan məlumatların bir hissəsidir.

Bildirilir ki, Titovu Moskvada təntənə ilə qarşılayan sovet kəşfiyyatı onun ələ alınması cəhdini Qərbə qarşı istifadə etmək imkanını da nəzərdən keçirirmiş.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.