Maraqlı

General Yamasitanın xəzinəsi

1 Oktyabr 2014 23:20
0 Şərh     Baxış: 1 539
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tarix boyu insanları naməlum yerlədə basdırılmış gizli xəzinələrin axtarışı maraqlandırıb və günümüzdə belə, məsələ ətrafında çoxsaylı əfsanələr dolaşmaqdadır.

Elm və texnikanın kifayət qədər yüksək inkişaf etdiyi bir dövrdə sirli xəzinələrin yerini müəyyən etmək çətin deyil. Lakin bu əfsanələrin doğru olub olmadığını yoxlamaq və xəzinə axtarışları bəzən on illərlə vaxt aparır. Bununla belə, xəzinə tarpmaq həvəsində olan çoxsaylı həvəskarlar hər il gizli xəzinə olduğu ehtimal edilən yerlərdə kortəbii şəkildə axtarışları davam etdirirlər. İş orasındadır ki, tarixdə xəzinələrin basdırıldığı gizli yerlər barədə günümüzə qədər gəlib çatan çoxsaylı rəvayətlər var. Bu rəvayətlərin biri əsasında alman arxeoloq Şliman, Troyanın xəzinəsini tapa bilmişdi. Bu isə o deməkdir ki, hər bir itirilmiş xəzinə barəsində deyilənlərdə müəyyən qədər həqiqət var. Bu baxımdan dəfinə axtarışları üçün illərlə vaxtını sərf edən həvəskarları da qınamaq olmur. 

Bakuit körfəzindəki sirli Yamasita dəfinəsi

Günümüzdə, daha doğrusu, yaxın tarixdə diqqəti cəlb edən və illərdir axtarışı davam edən dəfinələrdən birinin Filippinin Palavan əyalətindəki Bakuit adasında olduğu ehtimal edilir. 1940-cı ildə Bakuit adasında yapon ordusunun baş qərargahı yerləşmişdi. Orduya II Dünya müharibəsi ərəfəsində Cənub-Şərqi Asiyanı işğal edən və yerli əhali arasında qəddarlığına görə "Malay pələngi" və ya "Sinqapur fatehi" adı ilə tanınan general Tomoyuki Yamasita komandanlıq edirdi. Yamasitanın Cənub-Şərqi Asiyanın Yapon ordusu tərəfindən işğalında böyük xidmətləri vardı. Məhz onun hazırladığı xüsusi hərbi taktika əsasında yapon ordusu keçilməz cəngəlliklərdə uğurlu hərbi əməliyyatlar həyata keçirərək, bölgəni tamamilə işğal edə bildilər. Onun yerli əhaliyə münasibətdə olduqca qəddarcasına davranması eyni zamanda hərbi əməliyyatlar zamanı xüsusi sərkərdəlik istedadı nümayiş etdirməsi həmin dövrdə dildən-dilə gəzirdi. Amma iş yalnız Cənub-Şərqi Asiyanın işğalından getmirdi, həm də general zəbt edilən ərazilərdə talançılıqla məşğul olurdu. Yamasitanın əmri ilə əsgərlər buddist məbədlərindəki qiymətli qızıl-zinət əşyalarını, Honkonqdakı bankları, Filippindəki mağazaları talamış, o cümlədən Bruney və Malay hökmdarlarının xəzinələrini ələ keçirmişdilər. Dəyəri o vaxtın pulu ilə on milyardlarla dollar hesab edilən bu xəzinə isə məhz Bakuit adasında general Yamasitanın nəzarəti altında idi. Üstəlik, həmin dövrdə Yaponiyadan da ordunun ehtiyaclarının ödənilməsi üçün on milyonlarla dollar dəyəri olan qızıl və gümüş manatlar - maru-fukular göndərilmişdi. Necə deyərlər həmin dövrdə ordu qərargahında general Tomoyuki Yamasitanın əlinin altında indiki qiymətlərlə 250-300 milyard dollar dəyərində böyük həcmdə qızıl-zinət əşyaları vardı. II Dünya müharibəsinin sonuna yaxın general Artur Makarturun başçılıq etdiyi Amerika ordusu qəfil hücumla Filippinin bir hissəsini nəzarət altına aldı. Amerikalı general Makarturun komandanlığı altında ordunun uğurlu hücum əməliyyatlarını davam etdirməsi isə hər an Bakuit adasındakı yapon ordusunun mühasirəyə düşməsi təhlükəsini əmələ gətirmişdi. Belə bir vəziyyətdə dəyəri yüz milyon dollarla ölçülən xəzinəni saxlamaq olduqca təhlükəli idi. Belə ki, istənilən an düşmən hücumları və ya ordu daxilindən kimlərinsə tamahkarlığa əl atması nəticəsində xəzinənin qarət edilməsi təhlükəsi mövcud idi. Belə bir təhlükədən özünü sığortalamaq və qənimətin dövlət xəzinəsinə təhvil verilməsini təmin etmək məqsədi ilə general Yamasita onun adadakı 172 müxtəlf yerdə gizlədilməsi qərarına gəldi. Generalın əmri ilə adanın müxtəlif yerlərində əsgərlər və əsirlər tərəfindən çox sayda tunellər və xüsusi quyular qazıldı. Xəzinənin də məhz həmin tunellərdə və quyularda gizlədilməsi qərara alındı. Xəzinənin Bakuit adasındakı 172 gizli yerdə, o cümlədən qonşu Luson adasındakı dağlarda, Kalataqan körfəzinin dibində ( Maniladan 112 kilometr cənubda) gizlədilməsi qərara alındı. Bəzi məlumatlara görə, təkcə bir quyuda Yamasita 10-12 ton qızıl gizlədib. Xəzinənin gizlədilməsi əməliyyatına general şəxsən özü rəhbərlik edirdi. Xəzinə gizlədiləndən sonra generalın əmri ilə izi itirmək üçün bu əməliyyatda iştirak edənlərin hamısı güllələndi. 

Boşa çıxan ümidlər

II Dünya müharibəsinin sonuna kimi general xəzinəni hökumətə təhvil verəcəyinə ümid edirdi. Lakin 1945-ci ilin sentyabr ayının 2-də Yaponiyanın müttəfiq qoşunları ( SSRİ, Böyük Britaniya, ABŞ və Fransa) qarşısında təslim olmasından sonra general Filippini tərk edərək təcili şəkildə Yaponiyaya qayıtmaq barədə qərar qəbul etdi. Amma xəzinənin aparılmasının təhlükəli olmasını və onun hər an düşmən əlinə keçə biləcəyini nəzərə alan Yamasita ölkəsinə əliboş qayıtmağın daha düzgün olacağını məqsədəuyğun hesab etdi. O, ara sakitləşəndən sonra xəzinənin dalınca qayıtmağı planlaşdırmışdı. Ancaq generala bir daha geri qayıtmaq nəsib olmadı. Belə ki, Yaponiyanın təslim olmasından sonra Cənub-Şərqi Asiyada yerli əhaliyə, həmçinin əsirlərə qarşı olduqca amansız davranışına və minlərlə insanı heç nədən güllələtdirdiyinə görə təhlükəli cani kimi general ABŞ xüsusi xidmət orqanlarının "qara siyahı"sına salınmışdı Yaponiya təslim olmaq haqqında aktı imzaladığı gün, 1945-ci il sentyabr ayının 2-də Yamasita bir təsadüf nəticəsində ABŞ əsgərləri tərəfindən ələ keçirildi. O, hərbi cani kimi məhkəmə qarşısına çıxarıldı. 1946-cı il fevral ayının 23-də ABŞ Hərbi Məhkəməsi tərəfindən Laquna vilayətində keçirilən fövqəladə iclasda general Yamasita haqqında ölüm hökmü çıxarıldı və o, edam edildi. 

Yamasitanın xəzinəsinin izi ilə

Generalın ölümündən sonra Bakuit adasında gizlədilmiş yapon xəzinəsi barədə şayiələr sürətlə bütün dünyaya yayıldı. Xəzinənin dəqiq yeri generalın ətrafındakı çox az sayda adama məlum idi. Onlar isə xəzinənin yerini axtaranlar tərəfindən həbs ediləcəklərindən və ya tutularaq müxtəlif cəzalara məruz qalacaqlarından ehtiyat edərək, güzlənməyə və başqa adlar altında yaşamağa məcbur olmuşdular. Belə bir vəziyyətdə isə Yamasitanın gizlədilmiş xəzinəsi ətrafında dolanan çoxsaylı şayiələr hətta dünyanın ən uzaq ölkələrinə belə gedib çatmışdı. Bunu nəzərə alaraq, ABŞ, Böyük Britaniya, Fransa, SSRİ və Çin kəşfiyyatı da Yamasitanın xəzinəsinin axtarışına başlamışdılar. Bu məqsədlə Yaponiya təslim olarkən ələ keçirilən arxivlər diqqətlə araşdırılır, generalın yanında xidmət edən zabitlərin adları dəqiqləşdirilərək, onların izinə düşmək üçün müxtəlif cəhdlərə baş vurulurdu. Amma general asılandan sonra onunla birgə xidmət edən zabitlərin də çoxu izsiz-tozsuz yoxa çıxmışdı. Onların bir hissəsi müharibənin sonuna yaxın gedən döyüşlərdə həlak olmuşdu. Digər hissəsi isə yuxarıda qeyd etdiyimiz kimi, qorxudan ölkənin müxtəlif yerlərində gizlənərək başqa adlar altında yaşamağa üstünlük vermişdilər. Ona görə də Amerika, İngiltərə, Fransa, SSRİ və Çin kəşfiyyatları Yamasitanın xəzinəsinin yerini bilən adamların izinə düşə bilmədilər.

Mikio Matsunobe düzmü danışırdı?

Yamasitanın xəzinəsinin axtarışı ilə bağlı qızğın iş getdiyi bir vaxtda guya onun yerini bilən bəzi adamlar da peyda olmağa başladı. Onlardan biri vaxtilə Yamasitanın komandanlıq etdiyi ordunun informasiya şöbəsində xidmət edən Mikio Matsunobe idi. Bununla bağlı Matsunobe: "Müharibənin sonlarına yaxın, 1944-cü ildə vəziyyət dəyişdi və biz anladıq ki, qarət etdiyimiz yüz milyonlarla dollar dəyərində qızıl zinət əşyalarını Yaponiyaya apara bilməyəcəyik. Həmin dövrdə bizə ordunun ehtiyacları üçün Yaponiyadan da qırıcı təyyarələrlə böyük həcmdə qızıl və gümüş manatlıqlar - maru-fuku göndərmişdilər. Bizim əlimizin altında həmçinin Manilanı işğal edən zaman oradan qənimət kimi ələ keçirdiyimiz 10 yük maşını gümüş manatlıqlar vardı. Biz geri çəkilərkən milyardlarla dollar dəyərində olan xəzinəni özümüzlə apara bilmək imkanından məhrum olmuşduq. Ona görə də xəzinəni ada və ətrafında gizlətməyi qərara aldıq. Bu işlə intendant xidməti məşğul olurdu. Mənə xəzinə gizlədilən yerlərin bəziləri məlum idi".

Matsunobenin sözlərinə görə, müharibə başa çatandan bir neçə il sonra gizlicə Filippinə qayıdaraq xəzinənin yerini tapmağa cəhd edib. Ancaq ona məlum olan yerlərdə xəzinə yox idi. Matsunobe: "Çox ehtimal ki, Amerika əsgərləri mina axtaranlar vasitəsilə onları taparaq ələ keçiriblər",-deyir.

"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.