Maraqlı

Bu Quran ərəb şeyxinin dərisindən hazırlanıb - FOTO

29 Sentyabr 2014 19:16
0 Şərh     Baxış: 3 402
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu yaxınlarda Harvard universitetinin kitabxanasında dəhşətli tapıntı aşkar edilib. Kitabxana anbarlarında siyahıyaalma zamanı insan dərisi ilə cildlənmiş qədim əlyazmalar müəyyən olub! Yeri gəlmişkən qeyd edək ki, hələ yüz il əvvəl bu xəbər sensasiya olmazdı.

Milli.Az kulis.az-a istinadən insan dərisindən hazırlanmış kitablar haqqında yazını təqdim edir.

Fransız inqilabı üçün dəri

Kitabların cildlənməsində belə "eksklüziv" xammal hələ lap qədim dövrlərdən istifadə olunurdu. Belə ki, Parisin Milli kitabxanasının anbarında XIII əsrə aid insanın dərisi ilə cildlənmiş Bibliya var. İngiltərənin Klivlend bölgəsində Quranın qeyri-adi nüsxəsi saxlanılır, onun üz qabığı ərəb şeyxlərindən birinin dərisindən hazırlanıb. Boston kitabxanasında isə ABŞ-ın banilərindən biri olan Con Uoltonun dərisiylə cildlənmiş unikal kitab var.

İnsan dərisinin emalı üçün də başqa dərilərin emalında istifadə olunan metodlar tətbiq edilirdi. İçəri üz hamar və kifayət qədər işıqlı, xarici qabıq isə tünd olurdu. Bu halda dəri zamşa şəklində emal olunurdu.

Bu dəhşətli ənənənin çiçəklənmə dövrü XVII əsrdə oldu. Buna çoxsaylı edamlar imkan yaradırdı. Edam zamanı tez-tez məhkumların dərisini diri-diri soyurdular. Bundan başqa anatomiyanın öyrənilməsində, inkişafında həkimlərin elədikləri cəhdlər də az rol oynamadı. Belə kitabların istehsalı "antropodermik cildləmə" (antropodermic bibliopegy) adlanırdı.

Adətən anatomiya dərsliklərini bu formada cildləyirdilər. O vaxtın həkimləri öz təcrübələri üçün hissələrə ayrılmış cəsədlərdən tez-tez istifadə etdilər. Bəziləri güman edirlər ki, bu qiymətli materiala qənaət etmək üsulu idi. Amma bu da ola bilər ki, o dövrdə tibb çoxları üçün magiya kimi qəbul edilirmiş və bu kitabların insan dərisi ilə cildlənməsini münasib atributika tələb edirmiş... Belə kitablardan biri Con Heyin kitabxanasındadır. "De Humanis Corporis Fabrica" adlı anatomiya dərsliyinin cildlini hazırlayan ustanın adı Vezaliya olub.

Bu dəhşətli ənənə kifayət qədər uzun müddət yaşadı. Məlumdur ki, Böyük Fransız İnqilabının rəhbərlərindən biri Filipp Eqalite insan dərisindən hazırlanmış şalvar geyir və üstündə həmin materialla cildlənmiş Fransanın birinci konstitusiyasının nüsxəsini gəzdirirmiş. Maraqlıdır ki, Fransız inqilabının ilk dekretlərindən biri insan dərisinin sənaye üsulu ilə aşılanmasının təşkilinə kredit vasitələrinin ayrılması haqqında fərman idi! Belə geniş şəkildə istifadə üçün nə qədər insanın edam edildiyini təsəvvür etmək belə qorxuludur.

Qəddar yaddaş

Hesab edilir ki, ABŞ-ın müstəqilliyi üçün müharibəyə təkan edam edilmiş zənci qulun dərisindən cildlənmiş kitabın Amerika kitabxanalarından birində aşkar edilməsi olmuşdu. Bu kitab qeydlər üçün nəzərdə tutulurdu və səhifələri tamamilə boş idi. Həmçinin kitabın üstündə kimin dərisindən hazırlanması haqqında yarlıq da var. Maraqlıdır ki, indi o kitab kuryoz hadisələr muzeyində nümayiş olunur...

Romantik XIX əsrdə nazlı bir xanım rahat şəkildə "insan xammalı"ndan cildlənmiş kitabçadan şeir oxuya və ya ona şeir yaza bilərdi. Hətta yüksək təbəqə arasında bu cür kitab ən münasib hədiyyə hesab edilirdi. Adətən belə kitablar sifarişlə hazırlanırdı, cildlənmə üçün material isə ya ölmüş avaraların, ya da ruhi xəstələrin dərilərindən götürürdü. Belə ki, müasir həkimlər müəyyən ediblər ki, cildlərdən biri fransız psixiatrik klinikasının apopleksiya zərbəsindən qəflətən ölmüş pasiyentinin bədəninin arxa hissəsindən hazırlanıb.

Bu cür eksklüzivlərin hazırlanması üçün varlılar yataqxana və xəstəxana işçilərini, həmçinin polisləri pulla ələ alırdılar. Belə ki, Semyuel Consun məşhur lüğəti 1818-ci ildə Noricdə asılmış cinayətkar Ceyms Consonun dərisindən hazırlanıb. Bir kitaba bəzən bir neçə insanın dərisi sərf olunurdu. Məsələn, cildçisi Yozef Zaensdofun etirafına görə 1892-ci ildə Bostonda dərc edilmiş "Ölümün rəqsləri" adlı qravyura toplusu üçün iki insanın dərisi lazım olub. Cildçi həyasızcasına bunu avaraların dərisinin aşağı keyfiyyətdə olmasıyla izah edirmiş...

Bəzən insanlar cildlərin istehsalı üçün öz dərilərini vəsiyyət dirdilər, necə ki, sonralar bədənlərinin təcrübədə istifadəsini vəsiyyət edirdilər. Bundan tez-tez öz pisliklərini əbədiləşdirməyə çalışan cinayətkarlar istifadə edirdilər. 1837-ci ildə quldur və oğru Ceyms Allen öz coşqun həyatına həsr edilmiş kitabın üz qabığı üçün dərisini vəsiyyət etdi. Hazırda Allenin tərcümeyi-halının nüsxəsi Bostonda saxlanılır. 1827-ci ildə edam edilmiş ingilis qatil Uilyam Korderə həsr edilmiş "Qırmızı işıqda qətl" kitabı onun öz dərisindən hazırlanıb.

Artıq XX əsrdə də belə kitablar mövcud idi. İngiltərədə arvadını qətl etdiyi üçün asılmış Corc Kadmorun dərisindən XVII əsrinin məşhur şairi Con Miltonun şeirlər toplusu üçün cild hazırlanıb.

Məlumdur ki, Buhenvald həbs düşərgəsində nasistlər bədənində gözəl döymələr olan məhbusları xüsusi olaraq seçir, onları qaz kamerasına göndərir, sonra dərilərini soyurdular. Bu dərilərdən kitab üzlərinin, abajurların və başqa "eksklüziv" məmulatların istehsalında istifadə olunurdu.

Kitabxana "sürprizləri"

Harvarddakı qorxunc tapıntı tamamilə təsadüf nəticəsində ortaya çıxıb. Kitabxanaçılar üç şübhəli kitaba diqqət ediblər. Mütəxəssislərlə konsultasiyalardan sonra aydınlaşıb ki, olduqca gözəl şəkildə hazırlanmış üz qabığı insan dərisindəndir. Kitabların mətnində dərisi istifadə olunmuş insanların xatırlanması da bunu təsdiq edirdi.

Üz qabığı insan dərisindən hazırlanmış kitablardan biri Roma poeziyası, o biri fransız fəlsəfəsi haqqında, digəri isə orta əsr ispan qanunları haqqında traktat olub. "Practicarum guaestionum" ("Praktik problemlər") adlı son kitabda belə bir qeyd var: "Bu kitab 1632-ci ilin dörd avqustunda diri-diri soyulmuş əziz dostum Yonas Raytdan qalan yeganə yadigardır".

Kitabın üz qabığı çox yaxşı qalıb. Dərinin rəngi sarıya çalır, üzərində qəhvəyi və qara ləkələr var. Daha çox yetişib ötmüş bananın qabığını xatırladır. Dərinin bu nümunəsində nə saç, nə də döymə aşkar edilməyib.

Kitabxanaçılar belə biblioqrafik "delikates"lərin mövcudluğunu elan etmək istəmədikləri kimi onlardan qurtulmağı da planlaşdırmırlar.

Kitabxananın direktoru Sidni Verbin fikrincə fondda bu cür başqa nadir kitabların olması istisna deyil. Amma hansı kitabların üz qabığının insan dərisindən hazırlandığını dəqiq müəyyən etmək üçün materialların genetik analizini aparmaq lazımdır. Harvard universitetinin isə təkcə kitabxanasında 15 milyon nüsxə kitab var.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.