Maraqlı

Yunan əfsanələrində həqiqət varmı? - ARAŞDIRMA

28 İyul 2014 19:16
0 Şərh     Baxış: 1 941
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qədim yunanların mədəniyyəti və əsatirləri təhsilin, siyasətin, fəlsəfə, incəsənət və elmin dilində nəzarəçarpacaq iz buraxıb.
 

Milli.Az BBC-yə istinadən bildirir ki, adamlar hələ də min illər bundan əvvəl deyilmiş kəlamlara əsaslanırlar. Lakin bunlardan heç olmasa bəzilərinin mənşəyi bəllidirmi?
 

1. Troya atı, həqiqətən də, olubmu?

Troya atı barədə əsatir ilk dəfə Homerin Odissey əsərində xatırlanır. Bu epos eramızdan əvvəl 750-ci ildə yazılıb və əsərdə söhbət onun yazıldığı vaxtdan 500 il əvvəl baş verdiyi təxmin edilən Troya müharibəsinin nəticələrini əks etdirir.

Yunan ordusu Troyanı (Türkiyənin indiki Hisarlık şəhəri) uğursuz olaraq 10 il mühasirədə saxladıqdan sonra guya vətənə qayıdırmış kimi şəhər divarları yaxınlığındakı düşərgəni yığışdırıb çəkilir, lakin yunanlar özlərindən sonra guya ilahə Afinaya qurban kimi hazırlanmış nəhəng taxta at fiqurunu qoyub gedirlər.

Troyalılar böyük təntənə ilə atı şəhərə gətirirlər. Lakin gecə düşdükdən sonra at fiqurunun içərisində gizlənmiş əsgərlər oradan çıxır və Troyanı ram edirlər. Arxeoloji qazıntılar Troyanın doğrudan da yandırıldığını göstərib.

Lakin taxta at uydurulmuş rəvayətdən başqa bir şey deyildir və yəqin ki, onun yaranmasına səbəb qədim mühasirə dəzgahlarının nəm at dəriləri ilə örtülməsi üsulundan qaynaqlanıb. Qədim hərbçilər belə edirdilər ki, odlu oxlar həmin alətləri yandıra bilməsin.
 

2. Homer qədim yunan əfsanələrinin ən böyük şairidir. Lakin o, həqiqətdə, olubmu?

Nəinki Troya atını gözəl əfsanə hesab edirlər, bəzən Homerin öz varlığı da şübhə altına alınır.

Belə düşünülür ki, Homerin adına çıxılan İlliada və Odissey poemaları, yazısız-filansız hələ eramızdan əvvəl 8-ci əsrdə şifahi xalq ədəbiyyatı nümunəsi kimi mövcud olub və ağızdan-ağıza, nəsildən-nəslə ötürülüb.

Qədim insanlar bu monumental dastanları yazan şəxsin Homer olduğuna şübhə etmirdilər, lakin onun özü haqqında heç bir aydın məlumat yoxdur.

Biz yalnız bunu bilirik ki, bu poemalar ağızdan-ağıza ötürülsə də, tarixin müəyyən mərhələsində yunan dilində kağıza köçürülüb və bizə də bu əsərlər beləcə gəlib çatıb.
 

3. Əlifbanı yaradan tək bir fərdi ixtiraçımı olub?

Homerin dastanlarının qələmə alınaraq köçürülməsi eramızdan əvvəl artıq 8-ci əsrdə yunan yazısının mövcud olduğunu göstərən ən erkən nümunədir.

Yunanlar bilirdilər ki, onların əlifbası (sonralar romalılar tərəfindən qəbul edilmiş bu əlifba Qərb əlifbası kimi tanınıb) Yaxın Şərqdə sakin olan finikiyalılardan götürülüb. Həmin əlifbada ilk iki hərf "alef" və "bet"-dir.

Lakin bu əlifbanın nizamlı şəkildə yunan dilinə adaptə edilməsi göstərir ki, bunu kimsə bir nəfər edib. Yunan ənənəsi bu şəxsin Palomedes olduğunu bildirir, lakin ola bilsin ki, ad sadəcə olaraq "müdrik qoca" ifadəsinin tərcüməsidir.

Belə güman edilir ki, Palomedes guya həm də sayları, pulu və stolüstü oyunları icad edib.

Yunan əlifbasının hərfləri formaca finikiya hərflərindən hazırkı həndəsi quruluşları ilə 6-cı əsrdən fərqlənməyə başlayıb. Əlifbanı yeni həndəsi formaya salan şəxsin riyaziyyatçı Pifaqor olduğu söylənir.
 

4. Pifaqor teoremini Pifaqormu icad edib? Yoxsa o, ev tapşırığını kimdənsə köçürübmüş?

Pifaqorun (e.ə. 570-495) bizim anladığımız mənada riyaziyyatçı olduğu şübhə doğurur. Məktəblilər hələ də onun hipotenuzun kvadratına aid teoremini (a2+b2 = c2) öyrənirlər.

Lakin Babilistanlılar bu tənliyi əsrlərcə əvvəl artıq bilirdilər və Pifaqor olsa-olsa onu ya aşkar, ya da isbat edib.

Əslində sonrakı pifaqorçular həqiqi riyazi araşdırmalar aparsalar da, dəlillər göstərir ki, Pifaqorun özü hər şeyin əsasında rəqəmlərin dayandığına inanan sadə bir mistik olub.

Məsələn o hesablayıb ki, mükəmməl musiqi intervalları sadə mütənasibliklə izah oluna bilər.
 

5. Yunanlar puldan istifadə etməyə necə başlayıblar? Pul ticarətdən, yoxsa onların təfəkküründən doğulub?

Biz az qala əminik ki, pulun icad olunması ticarətin ehtiyacından doğulub. Lakin insanlar minilliklər ərzində pul işlətmədən ticarət ediblər, amma bu məqsədlər üçün ilk pullu iqtisadiyyat qədim Yunanıstanda təşəkkül tapıb.

Antik dövr araşdırmaçılarından Richard Seaford hesab edir ki, pulun icad olunması yunan düşüncəsinin dərinliklərindən gəlir. Bu, onların cəmiyyətindəki mübadilə və öhdəlik kimi anlayışlara xidmət edirdi.

Pul verilən dəyərlə əsl dəyər arasındakı fəlsəfi fərqi əks etdirirdi və siyasi alət rolunu oynayırdı. Çünki məzənnə qarantı kimi çıxış edəcək dövlətin olmasına ehtiyac vardı.

Pul kəsilməsi, tədavül, kontraktlar, banklar, kredit və borc kimi maliyyə alətləri və təsisatları artıq 5-ci əsrədək Afina başda olmaqla bir çox yunan şəhərlərində vardı.

Lakin bircə qədim dövlət pula dərin şübhə bəsləyir və onu yaxına buraxmırdı. Bu, Sparta idi.
 

6. Spartalıları spartalı edən nə idi?

Əfsanəvi Sparta hakimi Likurq spartalılara valyuta kimi yalnız dəmirdən istifadə etmələri üçün fərman vermişdi. Bu valyutanın "məzənnəsi" o qədər ağır idi ki, onu yalnız öküz cütünə qoşulmuş araba ilə gəzdirmək mümkün olurdu.

Ola bilsin ki, bu rəvayəti spartalıları hərbi hegemonluğa malik cəmiyyət kimi ideallaşdırmaq üçün uydurublar. Klassik Sparta özü pul kəsməsə də, xaricdən alınan gümüşdən istifadə edirdi və yeri gəlmişkən, Sparta liderləri rüşvətxorluqda ad çıxarmışdılar.

Bununla belə, ola bilsin ki, Sparta qanunları spartalıların iradəsini zəiflədə biləcək dəbdəbə əşyalarının idxalını qadağan edirmiş.

Məsələn, Afina kübarlarından olan general Alkiviad 5-ci əsrdə baş vermiş müharibədə Afinaya xəyanət edərək Spartaya gələndə onların sadə yemək, ağır məşq təlimlərinə çıxmaq, nimdaş paltar geyinmək və Lakonik ifadələrdən istifadə etmək adətlərini qəbul etməli olub.

Lakin generalın Spartaya vurğunluğu kralın xanımı Timeaya məhəbbətlə və qadının hamiləliyi ilə başa çatıb. Alkiviad 8 il sonra Afinaya qayıdanda ona qarşı ağır küfr ittihamları irəli sürülüb. Bu küfrlərin arasında onun Afina möçüzələrini lağa qoyması da var idi.
 

7. Qədim yunan möcüzə kultlarının sirri nədə idi?

Əgər sizə sirr açıramsa, deməli, sizi öldürməliyəm. Bu sirlər çox böyük cidd-cəhdlə qorunurdu və onların kiməsə açılması və ya Alkiviad sayağı məsxərəyə qoyulmasına görə ağır cəzalar nəzərdə tutulmuşdu. Bu kultlara qoşulmaq üçün xüsusi mərasimlərdən, hətta tranvestitlikdən keçmək lazım gəlirdi.

Mərasimlər sirli simvolların, məsələn, fallosun ətrafında baş verə bilərdi. Bundan sonra kulta qoşulanlara açar sözlər və ya "parol" verilirdi.

Bu mərasimlər inananlara "o biri dünyanın" üzünü göstərməli idi ki, onlar bir gün, doğrudan da, bu dünyanı tərk edəndə qaranlıq aləmdə ruhlarını xilas etmək elminə vaqif olsunlar.

Qazıntı işləri nəticəsində ölənlərlə birlikdə basdırılmaq üçün hazırlanmış və üzərində parollar yazılmış nazik qızıl lövhələrdən ibarət "yaddaşlar" aşkar edilib. Əsas yunan kultları əkinçilik ilahəsi Demetraya və şərab, həzz və teatr allahı Dionisə həsr edilmişdi.
 

8. İlk dəfə böhranlı vəziyyətdən dram düzəldən kim olub? Yəni teatr necə yaranıb?

5-ci əsrin Afinasında teatr Dionisə etiqadla sıx bağlı idi. Akropolisin yamaclarında ona həsr edilmiş teatrda faciələr və komediyalar oynanır, illik festivallar keçirilirdi.

Lakin teatrın mənşəyi daha mübahisəli məsələdir. Bir ənənəyə görə ilk dramatik rolu aktyor Fespis eramızdan əvvəl 532-ci ildə karetanın damında oynayıb. Başqa ənənələrə görə dram teatrı mərasim xorlarından yaranıb və sonradan bu xorlara aktyor partiyaları əlavə olunub.

Aristotel ( e.ə. 384-322) hesab edirdi ki, faciə xorları əvvəlcə Dionisə həsr olunmuş mərasim mahnılarını (difirambları) oxuyarmışlar, komediya isə fallos fiqurları göstərilən ədəbsiz tamaşalardan yaranıb.

Rol və görkəm dəyişmə ilə əlaqələndirilən Dionis teatrın banisi olmağa layiq obrazdır. Lakin Exillin e.ə. 472-ci ilə aid edilən "Farslar"və günümüzədək gəlib çıxmış başqa azsaylı və daha erkən faciələrin Dionislə heç bir əlaqəsi yoxdur.

Komediya teatrı çağdaş fiqurları, o cümlədən filosof Sokratı məsxərəyə qoyarmış.
 

9. Sokrat filosof olmaq fikrinə necə düşüb?

Sokrat (e.ə. 469-399) Aristofanın "Buludlar" komediyasında başı havalı birisi kimi təsvir edilir.

Məsələn, guya Sokrat "birənin tullanış məsafəsini ölçmək" kimi absurd elmi işlərlə məşğul olur, ictimai baxımdan zərərli ideayaları yayırmış. Guya o deyirmiş ki, "mən hətta səhv edən adama da mübahisəni udmağı öyrədə bilərəm".

Bu təsvir Sokratın öz tələbələri Platon və Ksenofon tərəfindən yazılmış bioqrafiyasına dair məlumatlarla ziddiyyət təşkil edir. Onların hər ikisi ona mənəvi hakim və yolgöstərən kimi baxırlar, lakin müəllimlərinin erkən fəaliyyəti barədə heç bir məlumat vermirlər.

Əslində isə Sokratın otuz yaşlarına aid ilk təsviri onu hərəkət adamı kimi təqdim edir. O, e.ə. 432-ci ildə şimali Yunanıstanda hərbi qulluqda olub və qəddar döyüşdə sevimli dostu Alkiviadın həyatını xilas edib.

Deyirlər ki, o, Afinanı heç vaxt tərk etməyib və ömrünü həmşəhərlilərinə öz həyat və düşüncələrini sınamağı öyrətməyə həsr edib.

Biz belə də güman edə bilərik ki, Sokrat həyatının ölüm-dirim anı onu müdrikləşdirənədək elmlə və siyasətlə elə belə əyləncə üçün məşğul olub və yalnız bundan sonra müdriklik və həqiqət axtarışına başlayıb.

Sokrat özü heç nə yazmadığından biz onun ən güclü təsvirini sevimli tələbəsi Platonun ona həsr etdiyi dialoqlardan alırıq. Platonun şagirdi olmuş Aristotel isə Makedoniya şahzadəsi İskəndərin müəllimi idi.
 

10. Böyük İskəndər, doğrudan da, böyük imişmi?

Makedoniyalı İskəndər və ya Böyük Aleksandr (e.ə. 356-323) dünyanın ən dahi sərkərdələrindən biri sayılır.

Lakin qədim mənbələrə görə o, fiziki baxımdan o qədər də cazibədar olmayıb. Bəstəboy və cüssəsiz bu adam dəhşətli dərəcədə içki içən, qırmızısifət, cır səslə danışan cırt-qoz birisi olub. Onun bu cırtqozluğu hətta dostu Kliti zorakı bir qarşıdurmada öldürməsi ilə nəticələnib.

Yaşa dolduqca İskəndər səksəkəli və divanə bir adama çevrilib. Bununla belə, qısa ömrünün 20-ci ilindən başlanan onillikdə İskəndər Misirdən Hindistanadək böyük bir imperiya qura bilib.

O heç bir döyüşdə məğlub olmayıb, əfsanəvi Troya atına bənzəyən mühasirə fəndlərini təkmilləşdirib və Misirdəki İskəndəriyyə də daxil olmaqla onun adını daşıyan 20 şəhər salıb.

İskəndərin hərbi uğurları möcüzələrdən geri qalmırdı. Müharibələr və fəthlərlə dolu qədim dünyanın gözüylə baxsaq, ona "böyük" deməyəsən də, nə deyəsən?

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.