Maraqlı

Cənub meşələrinin incisi - dəmirağac - VİDEO

24 Aprel 2014 14:51
0 Şərh     Baxış: 9 041
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Lerik ərazisində 1000-1500 hektar dəmirağacı var.

Milli.Az CTV-yə istinadən bildirir ki, Azərbaycan təkcə gözəlliyi və qədimliyi ilə deyil, bəzi sərvətləri ilə də dünyanın bənzərsiz ölkələrindən biridir. Elə ölkəmizin cənub bölgəsində bitən dəmirağacını buna misal çəkə bilərik. Bu ağac Azərbaycan torpağının yetirdiyi nadir incilərdəndir.

Meşə massivi ilə zəngin olan Lerikdə 3-cü dövr relikt bitkilərindən hesab edilən dəmirağacı, şümşad, nil və ya azad ağacı, qaraçöhrə kimi nadir rast gəlinən ağaclara da rast gəlmək mümkündür. Adı qırmızı kitaba düşən dəmirağacı burada əsasən çay hövzəsi ərazilərində daha çox yayılıb. Xüsusi vurğulamaq yerinə düşər ki, bu ağac dəniz səviyyəsindən 250 metr yüksəkliyə qədər bitir.

Lerik rayonunun 40 min hektardan çox meşə massivinin əksər hissəsini palıd, fıstıq, ağcaqayın və vələs ağacları təşkil edir. Yalnız az bir hissəsi dəmirağacından ibarətdir. Qrup və zolaq şəklində olmaqla ümumilikdə rayon ərazisində 1000-1500 hektar dəmirağacı var. Bu ərazilərdə bitən yeganə ağacdır ki, yanvar ayından başlayaraq çiçəkləyir və yetişmiş toxumları 6-8 metr kənara atır.

Təxminən 200 il ömrü olan dəmirağacın hündürlüyü 25 metrə qədər olur. Lerik meşələrində o əsasən palıd və vələslə qarışıq halda bitir.

Dəmirağac möhkəm oduncağa malik olduğundan əsasən telefon və elektrik dirəkləri üçün, maşın və alətlərin bəzi hissələrinin hazırlanmasında istifadə olunur. Elə materialının möhkəmliyi səbəbindən bir vaxtlar ondan gəmi və maşınqayırmada, toxuculuqda geniş istifadə ediblər. Tikintidə isə demək olar, istifadə edilməyib. Çünki gövdəsi nadir hallarda düz olur. Oduncaq kimi çox qiymətli hesab olunsa da, ciddi mühafizə olunduğundan onun kəsilməsi qəti qadağandır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.