Maraqlı

Payım gedər, pay gətirər, yaxud hədiyyəni necə seçməli?

11 Avqust 2013 12:42
27 Şərh     Baxış: 16 166
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bahalı hədiyyə heç də həmişə yaxşı hədiyyə demək deyil

Hədiyyə alarkən insan istər-istəməz sevinir və onda hədiyyə verənə qarşı müsbət emosiyalar yaranır. Eləcə də sevdiyimiz insanlara hədiyyə verərkən də onların sevindiyini görərək özümüzü xoşbəxt hiss edirik. Hədiyyə almaq və bağışlamaq həm də əhvalı yüksəldir. Bu səbəbdən də psixoloqlar bayram günləri hədiyyə bağışlamaqla bir-birini sevindirməyə çalışmağı məsləhət görürlər.

Psixoloq Vüsalə Həsənovanın sözlərinə görə, ən uğurlu hədiyyə insanı sevindirən, onun zövqünü oxşayan hədiyyədir: "İnsan xüsusilə də çoxdan arzuladığı, amma əldə edə bilmədiyi nəyəsə sahib olduqda çox sevinir. Ona görə də ən yaxşı hədiyyə hədiyyə verəcəyiniz insanın gizli fikirlərini nəzərə alaraq verilən hədiyyədir".

V.Həsənova qeyd edib ki, hədiyyəni düzgün seçmək üçün onu verəcəyiniz insanın psixoloji portretini xəyalınızda canlandırmağa çalışın. Hədiyyə seçərkən onunla hansı münasibətdə olduğunuzu da nəzərə alın. Belə ki, iş yoldaşına, sevgiliyə və ya sadəcə tanışa uyğun hədiyyələr fərqli olur. "Hədiyyə seçimində yaş, məşğuliyyət, peşəsi, maraqları, geyimin və ya ayaqqabının ölçüsü, hansı münasibətlə hədiyyəni verəcəyiniz də nəzərə alınmalıdır. Əlbəttə ki, hədiyyə üçün ayırdığınız pulun miqdarı da vacibdir. Belə ki, hədiyyə həmin məbləğə uyğun seçilməlidir. Hədiyyə alacağınız adamın hansı rəngləri sevməsi və ya xoşlamaması da önəmlidir".

Hədiyyə seçimini son vaxta qədər saxlamağı məsləhət görməyən psixoloq bildirib ki, nəyi alacağınızı əvvəlcədən planlaşdırsanız, həm hədiyyəniz yaxşı olacaq, həm də gedəcəyiniz yerə gecikməyəcəksiniz:

"Hədiyyə alarkən xoşunuza gəlməyən, lazımsız hesab etdiyiniz şeyləri almayın. Düzdür, bəzi hallar - hədiyyənin dəqiq bəyəniləcəyinə əmin olduğunuz hallar istisnadır. Hədiyyə alarkən insanın maddi durumu da nəzərə alınmalıdır. Belə ki, özündən varlı adama hədiyyə alırsansa, hədiyyənin bahalı olmasına fikir verməlisən. Əgər xanımdırsa, gül dəstəsi, zinət əşyası və ya rəsm əsərləri hədiyyə etmək olar. Kişidirsə, hədiyyə kimi qeyd dəftəri, bloknot, alışqan və ya qələm hədiyyə verə bilərsiniz. Kişiyə zinət əşyası, geyim, şəxsi gigiyena vasitələrini hədiyyə vermək məsləhət deyil. Hədiyyənizin uzun müddət saxlanılmasını istəyirsinizsə, suvenirlərdən də uzaq durun. Belə ki, suvenirləri evin və ya ofisin interyerinə uyğunlaşdırmaq çətindir. Yaxşı işlənilməyən əl işləri də yersiz hədiyyədir. Düzdür, hədiyyə verəcəyiniz insan sizə çox yaxındırsa, bunu dəyərləndirə bilər".

Hədiyyəni öz zövqünüzə görə deyil, hədiyyə edəcəyiniz insanın zövqünə, maraqlarına və məşğuliyyətinə uyğun seçməyiniz məsləhətdir. "Məsələn, çay içməyi sevənlər üçün çay servisi əla hədiyyədir. Əgər kinoya baxmağı sevirsə, film diskləri də hədiyyə verə bilərsiniz. Geyim və ayaqqabı isə hədiyyə vermək düzgün deyil. Ona görə ki, ölçünü düzgün seçməyə bilərsiniz".

Ən çətini isə sevdiyin və rəğbətini qazanmaq istədiyin insanlara hədiyyə almaqdır. İnsan sevdiyinə hədiyyə verərkən onu sevindirmək üçün çox çalışır, hədiyyə seçimi zamanı məsuliyyət hiss edir və həyəcanlanır. Hədiyyəsi bəyənilmədikdə və ya arzuladığı təsiri bağışlamadıqda isə məyus olur. Amma yaxın insanlara hədiyyə almağın müsbət tərəfi odur ki, siz həmin adamı tanıyır və zövqünə bələdsiniz. "Məsələn, hədiyyə verəcəyiniz adam əylənməyi sevirsə, ona konsertə bilet ala və ya istirahət üçün harasa göndərə bilərsiniz. Əgər ətir çox sevirsə, bəyəndiyi ətri də hədiyyə etmək olar. Hədiyyə seçməkdə çətinlik çəkirsinizsə, hədiyyə verəcəyiniz insanın özündən də soruşa bilərsiniz".

Yalnız bayram və əlamətdar günlərdə deyil, kömək əlini uzadan insanlara da hədiyyə vermək adətdir. Bu zaman isə hədiyyə verərkən fikir vermək lazımdır ki, verdiyiniz hədiyyə hörmətsizlik kimi qiymətləndirilməsin. Yəni yataq dəsti, süfrə, dəsmal, konfet və ya spirtli içki hədiyyə vermək düzgün olmazdı. "Yaxşı olar ki, minnətdarlığınızı bildirmək üçün üzüyü çıxmaq şərti ilə zinət əşyaları, ofis üçün nəzərdə tutulan qələm, bloknot və s. ləvazimatları qoymaq üçün dəst hədiyyə verəsiniz".

Həmsöhbətimizin sözlərinə görə, ən məsuliyyətlisi müdirə hədiyyə seçmək hesab olunur: "Belə ki, müdir işçi heyətdən daha varlı olur. Həm də arada rəsmi münasibət qorunduğu üçün hədiyyə verərkən də bu prinsipə riayət etmək lazımdır. Servis, zarafat xarakterli hədiyyələr, ev heyvanı, balıq və ya quş, geyim hədiyyə vermək olmaz. Bunun əvəzinə bahalı qələm və ya qeyd kitabı hədiyyə vermək lazımdır. Hər şeyi olan insana da hədiyyə seçmək çətindir. Bəzən adamlar belə olan halda çox bahalı hədiyyə almaqla məsuliyyəti üzərindən atırlar. Bahalı hədiyyə isə heç də həmişə yaxşı hədiyyə demək deyil. Əsas odur ki, siz diqqətli davranıb və mənalı, xoş təsir bağışlayan hədiyyə alasınız".

Çox vaxt da insanlar xarici ölkələrə səfər edəndə və ya oradan qayıdanda tanışlarına hədiyyə gətirmək istəyirlər. Müsahibimizin dediyinə görə, bu zaman yaxşı olar ki, hədiyyə aid olduğu ölkənin mədəniyyətindən və həyat tərzindən xəbər versin: "Bu, ölkənin milli ruhunda hazırlanan suvenir, açıqca, gəlincik, geyim, akssesuarlar və ya ölkə haqqında məlumatın verildiyi kitab ola bilər. Hədiyyə kimi həmin ölkədə çox məşhur olan və sevilən nəyisə də gətirmək olar".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.