Hadisə

Ermənilərlə 3 gün tək döyüşən Qəhrəman(ov) – İnanılmaz tarixçə - VİDEO - FOTO

23 İyun 2017 13:17
8 Şərh     Baxış: 3 560
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Laçın ermənilərin əlinə keçəndə Çingiz Qəhrəmanov 3 gün orada tək qalaraq, düşmənlə mübarizə aparıb. Sonra isə ona yardım gəlib. Və onlar bir ildən çox düşmən əhatəsində qalaraq, vuruşublar. Bəs sonra nə baş verib? Laçın necə boşaldılıb?

Milli.Az xəbər verir ki, çoxlarının bilmədiyi məqamları qəhrəman Qəhrəmanovun azvision.az-a müsahibəsinin ikinci hissəsində oxuyun:

(Müsahibənin birinci hissəsi ilə BURADAN tanış ola bilərsiniz)

- 1994-cü ilin mart ayı idi. Müdafiə Nazirinin əmri ilə bölük komandiri təyin olunmuşdum. Hələ Laçın uğurunda gedən döyüşlər zamanı iki dəfə ağır yaralanmışdım. Biz 6 qardaş idik, hamımız da dəstədə döyüşürdük. 36 ilin tibb bacısı olan anamız da bizim döyüşdüyümüz dəstədə xidmət edirdi.

1992-ci ilin mayın 17-18-də Laçın işğal olundu. Amma mən öz sovetliyimizdən çıxmadım. Üç gün orada tək qaldıqdan sonra könüllü döyüşçülər də yanıma gəldilər, qardaşlarım da, anam da qayıtdılar. 

Sonra Qubadlıdan Adil Həşimovun, Güləbirtdən Vaqif Cavadovun batalyonları da köməyə gəldilər. Onlar bilirdilər ki, həqiqətən də mən o kənddə 3 gün tək qalmışdım. Ata minib Fərəcən kəndinə gedirdim, orada da güllə atırdım ki, ermənilər elə bilsinlər, burada ordu var. Bizim kənd Səfyan kəndi idi. 3 dəfə ağır yaralanmışam. Anam yaralarımı sarıyırdı. Biz 1993-cü ilin avqust ayının 27-nə qədər öz kəndimizi qoruduq.

Avqustun 27-də məlum məsələlərə görə, artıq Cəbrayıl tərəf boşladılmışdı, ermənilər Qubadlının kəndlərini ələ keçirib, arxa hissəmizə keçdiklərinə görə biz !mühasirəyə düşməyək deyə, Ulaştı istiqamətində geri çəkildik. 

- O vaxt da ermənilərə məlumat ötürən satqınlar vardımı?

- Təxribatlar vardı. Laçının işğalını planlı şəkildə təşkil olunmuş hadisə kimi qəbul edirəm. Laçının Müdafiəsi Laçın bölüyünün könüllüləri tərəfindən təşkil olunmuşdu. Hamı da canla-başla öz el-obasını, kəndini qoruyurdu. Amma müəyyən səhv addımlar atıldı ki, bunlar da Laçının işğalına səbəb oldu. Məsələn 30 apreldə Müdafiə Nazirinin əmri ilə Laçın bölüyünün buraxılması tamamilə yalnış addım idi. Şuşanı, Laçını qorumaq üçün bütün hərbçilərimizi, dəstələrimizi orada cəmləşdirməli idik. Rus avtobazalarından planlı şəkildə Laçına maşınlar göndərirdilər ki, gedib əhalini köçürsünlər. Kimlərsə bunu təşkil edirdilər. İnsanlarda istər-istəməz xof yaranırdı.

Məni çox ağrıdan bir məsələni də deyim. Həmin vaxtlar Laçının işağlında böyük rol oynayan bir bölük vardı. Bizim bölüyü ləğv etdilər, bir ayrı bölüyü isə gətirib Şuşa-Qaladərə istiqamətində, yəni Laçının ən təhlükəli ərazisində yerləşdirdilər. Biz Fərəzən istiqamətində getdik. Həmin dəstə də o ərazini tərk elədi və ermənilər rahatca Şuşa istiqamətində gəlib, Qaladərəsini keçib, Laçının yolunu kəsdilər. Beləcə Laçının işğalı təşkil olundu. Çingiz Mustafayev Qayıl qəsəbəsində bütün bölüyün necə texnikalarını yığaraq, mülkü əhaliyə qoşulub qaçmalarını çəkmişdi. Deyirdilər, bizə göstəriş verilib ki, bölük Bakıya qayıdıb, "Azadlıq" meydanındakı tədbirdə iştirak etməlidir. Bizim xalq elə qəbul edir ki, guya o qaçan bölük Laçın camaatındandır. Əslində isə qaçanlar ora yerləşdirələn gəlmə bölüyün adamları idilər. Özləri də pərakəndə şəkildə təşkil olunmuşdu. Halbuki, nə qədər şəhid versək də, gərək oranı tərk etməyəydik. Biz birləşib orada möhkəm dayansaydıq, indi bəlkə də Laçınımızda yaşayırdıq.

- Bəs sizə kim dedi ki, Laçından çıxın?

- Bizə "çıxın" deyən olmadı. Kim çıxdısa, qorxusundan çıxdı. Döyüş belədir ki, bir tərəf udur, digər tərəf uduzur. Laçın dəhlizi alınmalıdır deyə ermənilər bütün qüvvələrini ora yönəltdilər. Nəticədə Şuşanı və Laçını işğal etdilər.

Geri çəkilməyimiz Laçın Dəhlizinin alınmasına səbəb oldu. Amma biz 1993-cü ilin oktyabr ayında hücuma keçdik. Bir gündə 27 kəndi azad etdik. Hətta Laçın Dəhlizini kəsdik. Mən şəxsən o döyüşdə iştirak etmişəm. Çox şəhidlər verdik, Milli Qəhrəmanımız Əliyar Əliyevi o döyüşdə itirdik. Gorus itiqamətindən Laçın Dəhlizinə gedən texnikanın qarşısını aldıq. Onları geri qayıtmağa məcbur etdik. Fətəlipayası kəndinə qədər irəlilədik. Bizim digər dəstələrimiz Laçının yuxarı hissəsində yerləşən Qarıqaya kəndinə qədər girmişdilər. Amma yenə də əməliyyat pozuldu, hadisələr tamam başqa səmtə istiqamətləndi. Bir gecə orada qaldıq. Səhər yenidən ermənilər hücuma keçidilər. Biz yenidən Laçın dəhlizindən və 27 kəndimizdən çıxası olduq. Amma mən inanıram ki, yaxın vaxtlarda o torpaqlara geri qayıdacağıq. Bilirəm ki, Ali Baş Komandamız torpaqlarımızın işğal atında qalmasına imkan verməyəcək.

- Saxta "Milli Qəhrəmanlar" varmı?

- O dövrdə hər şey mənim gözüm qarşısında olub. Bütün döyüşləri görümüşəm. Hər kəsin qəhrəmanlığını da, qorxaqlığını da yaxşı bilirəm, görmüşəm. Bircə bunu demək istəyirəm ki, o torpaqlar uğrunda şəhid olan hər bir əsgər və zabitimiz mənim üçün Milli Qəhrəmandır. Bəli, bu gün Milli Qəhrəman adına layiq olmayan "milli qəhrəmanlar"ımız da var. Mili Qəhrəaman adına layiq olub kənarda qalan, bir taxta medalı olmayan Qəhrəmanlarımız da var. Amma mən inanıram ki, dövlətimiz zaman gəldikcə həmin adamların bir-bir qiymətini verəcək. Hər kəs öz layiqli qiymətin alacaq. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.