Hadisə

Təkbaşına 4 erməni zabiti güllələyən azərbaycanlının hekayəti - VİDEO - FOTO

22 İyun 2017 20:12
3 Şərh     Baxış: 3 193
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çingiz Qəhrəmanov məşhur Horadiz əməliyyatı zamanı qeyri-adi igidlik göstərərək, təkbaşına 4 erməni zabitini məhv edib.

Milli.Az xəbər verir ki, ehtiyatda olan zabit Qəhrəmanov azvision.az-a müsahibəsində bunun necə baş verdiyini danışıb:

- 1994-cü ilin yanvarın 1-də gecə bizi Gəncədəki Nizami poliqonundan Füzuli istiqamətində cəbhəyə apardılar. Qubadlı, Laçın istiqamətində hücuma keçəcəkdik. Yaxşı əhvala köklənmişdik. Xeyli kənd, o cümlədən, Horadiz qəsəbəsi həmin vaxt azad edildi.

Mart ayı gəldi. Həmin vaxtlar tabur komandiri işləyirdim. Yaralandığıma görə, briqada komandiri məni kadrlar şöbəsinə müavin təyin etdi. Ermənilərin Füzuli istiqamətində axırıncı hücumları martın 3, 4 və 5-də oldu. Onların şəxsi heyətinin önündə həmişə bir "NİVA" və bir "UAZ" gedirdi. Ermənilər nə vaxt Qubadlı-Laçın istiqamətində hücuma keçirdilərsə, bu maşınlar öndə görünürdi. Yenə də həmin maşınlar göründü.

Briqada komandiri mənə tapşırıq verdi ki, "Qəhrəmanov, döyüşdən sonra get, yoxla gör, zabitlərdən kim var yerində, vəziyyət necədir, gəlib məruzə edərsən". Mən də gedib taburları, zabitləri bir-bir yoxladım, qeydiyyat apardım. Horadizin baş hissəsinə yönəldim. Asfalt yolla briqadaya getmək istəyirdim. Elə həmin vaxt gördüm ki, döngədən bir ağ "NİVA", arxası ilə də "UAZ" gəlir.

Mənim əlimdə avtomat vardı. O vaxt döyüş bölgəsində bizə çiyinlərimizə ulduz taxmağa icazə vermirdilər. Ermənilərdə də, bizdə də sovet hərbi formaları idi. Avtomatı sadəcə olaraq, yerə endirdim ki, "NİVA" saxlasın, mən də minim.

"UAZ" gəlib düz qarşımda dayandı. Qapısını açdım, gördüm ki, sürücünün yanında bir zabit var, salonda da zabitlər oturublar. Heç birini tanımadım. "UAZ"-ın qapısını örtdüm və işarə elədim ki, sür. NİVA-ya yaxınlaşıb, qapısını açdım və "salam əleykum" deyib, içəridə əyləşdim. Avtomatı da ayaqlarımın arasına qoydum.

Sürücü sual verdi ki, "kuda yedeş?". Dedim, Yağlıvənə. Sual verdi ki, "kto po nasionlanosti?" Cavab verdim ki, azərbaycanlıyam. Gördüm, rəngi qaçdı, kəkələməyə başladı. Onun ləhcəsi də mənə tanış gəlmədi, ruslara oxşada bilmədim. Başa düşdüm ki, ermənidir.

Mənə dedi ki, sənədlərini göstər. Gördüm, onun qurşağında "pistolet"i var. Avtomatını isə qapının yanına söykəyib. Hiss etdim ki, mən əlimi atıb, sənədlərimi çıxarana kimi, silahı ilə məni vuracaq. Bu vaxt diqqət etdim ki, bizdən qabaqda gedən "UAZ"da "1469 AR", yəni erməni nömərisidir. Bilirdim ki, orada 7 nəfər erməni var. Məndə isə bir avtomat vardı. Maşından çıxıb qaçmağa qayalıq da yox idi...

Ani olaraq, sanki beynim tutuldu. Bəlkə də həmin vaxt o, əlini silahına atsa, məni vurardı, çünki keyləşmişdim. Elə bil, məni Allah silkələdi ki, oyanım. Özümü toparlayan kimi, tez avtomatı qaldırıb, "predoxranitel"i endirdim. Ona tərəf tuşlayıb, dedim ki, saxla maşını! Mənə dedi ki, "Ara, spakoyna, ara spakoyna".

Onu vursam, "UAZ"dakı ermənilər məni yüz faiz güllələyəcəkdilər. Fikirləşdim ki, bu ermənini girov götürüm. Gündüz olduğuna görə mən hiss etməmişəm ki, "NİVA" işığı yandırıb-söndürüb. Ona görə, qarşıdakı "UAZ" da yolun kənarına tərəf çəkilib.

Yanımdakı sürücünü məcbur etdim ki, "NİVA"nı "UAZ"a çatdırmasın. Arada məsəfə qalmasını istəyirdim. 30 metr aralıda dayandıq. Qapını açıb düşdüm. Onun qapısına yaxınlaşan kimi, ikimiz də avtomatları bir-birimizə tuşladıq. Gördüm ki, onun avtomatının "predoxranitel"i bağlıdır. Bu vaxt "UAZ"dakı ermənilər düşdülər və nələrəsə deməyə başladılar. Mən yalnız erməni mayorun onlara dediyi "Turkes" sözünü başa düşdüm.

"UAZ"dan düşənlər avtomatlarını hazır vəziyyətə gətirdilər. Məni nişan alanda qabaqlayıb, "UAZ"-dan düşən ermənini güllələdim. Yanıdakılar tez onu sürüyüb, maşının içinə saldılar. Böyrümdəki "NİVA"nın sürücüsünün "predoxranitel"də olan avtomatını əlindən alıb, belindən tapançasını götürdüm. O, artıq tərksilah idi. Ondan müdafiə kimi istifadə edirdim.

Avtomatımı qaldırıb, ikinci güllə ilə "UAZ"da sürücünün yanında oturan ermənini güllələdim. Maşının qabaq şüşəsi partladı və o, qan içində yerə düşdü. Bu vaxt içəridəkilər mənə güllə atmağa başladılar. Mən də tez "NİVA"nın sağ təkərinin yanına sıçradım. Güllələr yağış kimi başımın üstündən keçdi, şüşələri deşik-deşik elədi.

Tez qalxıb, "UAZ"dakı bir emənini də vurdum. Gördüm ki, "UAZ"dakı ermənilər artıq qaçıb getməyə çalışırlar, sürücünü nişan aldım. Bu vaxt gördüm ki, "NİVA"dakı erməni mayor artıq yerdən silahı götürüb, məni vurmaq istəyir. Sürücüyə atmaq istədiyim güllə ilə erməni mayoru düz alınından vurdum. "UAZ"ın arxasınca daha 7 güllə atdım. Birtəhər döngəni aşıb, getdilər. Mən təkbaşına 4 ermənini güllələmişdim.

Baxdım ki, əlim yaralanıb, qan axır. Qalan heç bir yerimə güllə dəyməyib. Amma indinin özündə də mənə atılan o güllələrin səsi qulağımdadır. Güllə yağış kimi üstümə yağıdı, amma biri də mənə dəymədi. "NİVA"nı da götürüb, hərbi hissəyə gəldim. Qərara gəldilər ki, həmin maşın göstərdiyim qəhrəmanlığa görə mənə hədiyyə olunsun. İndi də həmin "NİVA"dan istifadə edirəm. Həmin erməni mayorun meyiti ilə ermənilərdə qalan bizim mayorun meyitini dəyişdilər. İki əsgərimizin meyitini də ermənilərdən geri aldıq. Həmin gecəni səhərə qədər yatmadım.

O vaxt döyüş bölgəsində olan hərbi operator - adı ya Füzuli idi, ya da Yusif, dəqiq yadımda deyil,- hadisə ilə bağlı məni çəkib, müsahibə götürdü.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.