Hadisə

Akif Çovdarovun məhkəməsində vəkilin vəsatətinə baxılmadı

23 Yanvar 2017 18:55
Baxış: 930
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və digər 3 sabiq MTN əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az bildirir ki, Trend-in məlumatına görə, prosesdə şahid qismində MTN əməkdaşı olmuş Elçin Çıraqov zərərçəkmiş Neman Kərimovun epizodu üzrə ifadə verib.

Sonra iclasda Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı Vüqar Muxtarov ifadə verib. O, əməliyyat keçirdiklərini və N.Kərimovu nazirliyə gətirdiklərini bildirib. Onun sözlərinə görə, həmin əməliyyatda E.Çıraqov da iştirak edib.

Bundan sonra təqsirləndirilən şəxslərdən Səlim Məmmədovun vəkili Cavid Rzazadə vəsatətlə çıxış edib. O, E.Çıraqovla V.Muxtarovun çarpaz dindirilmələrini istəyib. Lakin məhkəmə vəsatəti baxılmamış saxlayıb.

İclasda zərərçəkmiş şəxs qismində Hafiz Abekarov da ifadə verib. Hazırda Nəsimi Rayon İcra Hakimiyyətində Hüquq şöbəsinin müdiri işləyən H.Abekarov 2014-cü ildə MTN-ə çağırıldığını deyib. Bildirib ki, hər hansı təzyiqlə üzləşməyib və nəyə görə zərərçəkmiş qismində tanındığını bilmir. Onun sözlərinə görə, Mübariz Məmmədovla Rafiq Tağıyev adlı şəxslərin arasında torpaq alqı-satqısı olub. M.Məmmədov MTN-ə şikayət edərək pulun H.Abekarova çatdığını deyib. H.Abekarov da bu məsələnin araşdırılması ilə bağlı nazirliyə dəvət edilib. O, həmin məsələdən xəbərsiz olduğunu deyib.

Vəkil S.Rəsulov jurnalistlərə açıqlamasıda bildirib ki, A.Çovdarovun səhhətində problemlər var, məhkəmə iclasında tez-tez dərman qəbul edir.

Məhkəmə prosesi yanvarın 25-də davam edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.