Hadisə

Bu adam 20 Yanvara görə Qorbaçova güllə atıb! - Kölgədə qalan fakt - FOTO

20 Yanvar 2017 13:35
4 Şərh     Baxış: 6 873
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Onun  1990-cı il noyabrın 7-də Qızıl Meydanda  parad zamanı atdığı güllələr təsadüfən Qorbaçovun başı üzərindən keçməsəydi, dünyadakı proseslərin axarı dəyişə bilərdi...

Yadınızdadırsa, 20 Yanvar faciəsindən bir neçə gün sonra o zaman İsmayıllı rayonunun xalq hakimi olan, sonradan respublika Ali Məhkəməsinin sədri və istiqlalçı deputat kimi tanınmış  hazırkı MM üzvü Tahir Kərimli SSRİ prezidenti barəsində qiyabi ölüm hökmü çıxarmışdı. Ancaq bildiyimizə görə, Azərbaycandan heç kəs Qorbaçova birbaşa qəsd etmək, ona güllə atmaq cəhdində bulunmayıb. Ancaq Moderator.az-ın araşdırmalarından bəlli oldu ki, 20 Yanvar qətliamından cəmi 10 ay 18 gün sonra Moskvada ruslar arasından belə bir adam tapılıb...

SSRİ-nin sonuncu prezidentinə güllə atmış çilingər bu gün də yaşayır

Qeyd edək ki, artıq 1990-cı ilin oktyabrında cəllad Qorbaçova Nobel mükafatı verilmişdi...

1990-cı il noyabrın 7-də Qızıl meydanda Böyük Oktyabr İnqilabının ildönümü ilə bağlı ənənəvi parad zamanı düz Lenin mavzoleyinin yanında leninqradlı çilingər Aleksandr Şmonovu Qorbaçovun qatili olmaqdan bir neçə saniyə ayırdı... 

Milli.Az moderator-a istinadən xəbər verir ki, dünyaya meydan oxuyan nəhəng bir dövlətin başçısına atəş açmağa cəsarət etmiş bu şəxs hələ də sağdır və 2015-ci ilin noyabrın 7-də Rusiya liveinternet.ru saytına müsahibə verib. Həmin materialda bir sıra  maraqlı məqamlara rast gəldik. O da aydın oldu ki, sui-qəsdin siyasi motivlərlə bağlı olduğunu vurğulayan Aleksandr Şmonovun bu addımı atmasında Bakıdakı 20 Yanvar soyqırımının da öz rolu olub: "Mənim hərəkətim sırf siyasi motivlərlə bağlıdır. Qorbaçov 9 aprel 1989-cu ildə Tiflisdə, 20 yanvar 1990-cı ildə isə Bakıda dinc insanların qətlində günahkardır. İnsanlar demokratiya uğrunda ayağa qalxaraq plakatlarla küçələrə çıxmışdılar. Ancaq onların üzərinə tankları, qoşunları göndərdilər. Qorbaçovu yerli hakimiyyətlər güdaza verdi? Xeyr! O, birinci şəxs kimi ölkədə baş verən hər şeyə görə cavabdeh idi... Qorbaçov hakimiyyəti xalqın razılığı olmadan ələ keçirmişdi. 1985-ci ildə onu Siyasi Büro baş katib seçmişdi. 1990-cı ildə də heç bir xalq seçkisi olmadan prezident təyin edildi. Yadımdadır ki, 1990-cı ilin martında mən hökumətə bir neçə teleqram göndərdim. Təklif edirdim ki, gəlin Amerikadakı kimi referendum keçirək..."

O, yalnız Qorbaçovu deyil, SSRİ Ali Soveti sədrini də öldürməyi qət edibmiş

Sui-qəsd cəhdindən sonra Moskvanın diktəsi ilə KİV-lərin "başdanxarab", "şizofrenik" kimi təbliğ etdiyi Aleksandr Anatolyeviç Şmonov sovet dövründə Leninqradda Elmi-Tədqiqat Kibernetika İnstitutunun elmi əməkdaşı kimi çalışıb. 1980-ci illərdən Rusiya Sosial-Demokrat Partiyasının üzvü olan Şmonov jurnalistlərə əmək kitabçasını və ixtiralarına verilmiş patentləri də göstərərək məhz Qorbaçovun dövründə öz elmi ideyalarını həyata keçirmək imkanından məhrum edildiyini söyləyir. Ona alim kimi dəyər verilmədiyini görən A.Şmonov özünü ifadə etmək imkanı tapmaq ümidi ilə Özbəkistana yollanır. Ancaq orada da işləri alınmır və Leninqrada dönür. Lakin onu artıq əvvəllər çalışdığı elmi instituta işə qaytarmırlar. Odur ki, İjorsk zavodunda çilingər kimi işə düzəlir. Bundan sonra öz başına gələn olaylar fonunda SSRİ-nin müxtəlif guşələrində baş verən haqsızlıq, faciə və cinayətləri izləyən Şmonov qəti şəkildə ölkə prezidenti Qorbaçova və Ali Sovetin sədri Anatoli Lukyanova sui-qəsd etməyi qərara alır. Bu məqsədlə guya ovçuluqla məşğul olmaq adı altında rəsmi icazə ilə ov silahı əldə edərək onu kəsdirib qısaldır. Və 7 noyabr 1990-cı ildə həmin tüfəngi paltosunun altında gizlədərək Qızıl Meydandakı parada yollanır...

Şmonovun tapança ilə silahlanmış bir ortağı da olub

Şmonov 25 ildən sonra ilk dəfə sui-qəsd üçün Qızıl Meydana təkcə gəlmədiyini, tapança ilə silahlanmış daha bir ortağının da olduğunu açıqlayıb: "Danışmışdıq ki, dostum məni milislərdən qoruyur, mən isə atəş açıram. Ancaq mən artıq Qorbaçovu nişan alanda ortağım sakitcə aradan çıxıb. Sonradan boynuna aldı ki, qorxub. Bir anlıq  tutulandan sonra güllələnəcəyini gözünün önünə gətirib..."

20 Yanvar qatilini güllələnməkdən bir milisin ani cəldliyi xilas edir

A.Şmonov  "Mən totalitar dövlətin başçısı Qorbaçova niyə və necə atəş açdım" kitabında hər şeyi ətraflı nəql edir. 7 noyabr saat 11.08-də Şmonov tribunada duran Qorbaçovdan cəmi 47 metr  məsafədə dayanır və onun başını nişan alır. O, prezidentin zirehli gödəkçə geyinəcəyini də nəzərə alıbmış. Qoşalüləli kəsik tüfəngdən əvvəlcə Qorbaçovu, sonra da onun düz yanında duran parlament sədri Lukyanovu güllələmək fikrindəymiş. Lakin son anda yaxınlıqda olan bir milis Şmonov nişan aldığı andaca lüləyindən yapışmaqla tüfəngi yuxarı qaldırır. Güllələr Qorbaçovun başının üzərindən keçir. Beləliklə, bir milisin cəmi bir neçə saniyəlik hərəkəti dünyadakı proseslərin gedişini dəyişə biləcək qətlin qarşısını alır...

Qorbaçovun uğursuz  "qatili"  "dəlixanadan" çıxdıqdan sonra hüquq müdafiəçisi kimi fəaliyyətə başlayır

Dərhal həbs edilən A.Şmonov bir ilə yaxın türmədə olduqdan sonra psixiatriya xəstəxanasına yerləşdirilir. 4 il "müalicə" olunur və yalnız 1995-ci ildə II qrup əlil kimi xəstəxanadan buraxılır. Bir müddət santexnik işləyir. Tikinti-təmir firması yaradır. 1999-cu ildə Dumaya namizədliyini irəli sürür. Lakin seçki dairəsi onun namizədliyini qeydə almır. Bundan sonra Qorbaçovun uğursuz "qatili" hüquq müdafiəçisi kimi fəaliyyətə başlayır. 6 ictimai hərəkat yaradır. Hazırda A.Şmonov psixiatrların əlindən zərər çəkmiş şəxslərin, eləcə də zorla müalicə edilən insanların hüquqlarının fəal müdafiəsi ilə məşğul olur...

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.