Hadisə

"Günay şou yaratmaq üçün "sünnət olacam" deyir"

28 Sentyabr 2016 15:56
12 Şərh     Baxış: 3 755
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün məşhur model Günay Musayevanın sünnət olunacağı ilə bağlı verdiyi məlumat şok effekti yaradıb. Belə ki, azərbaycanlı model axşam.az-a açıqlamasında nə səbəbə sünnət olunacağına da aydınlıq gətirib:

"Hamı elə bilir ki, təkcə kişilər sünnət olur. Amma qadınlar da sünnət etdirir. Mən də Beyruta sünnət etdirməyə gedirəm. Çox da ağır əməliyyat deyil. Bir çoxları bunu tam başa düşməyə bilər. Amma tibbdə xanımların sünnət olunması var. Məncə, bu sünnəti çox qadınlar etdirməlidir".

Milli.Az bildirir ki, qafqazinfo isə bu məqamda məsələ ilə bağlı kiçik araşdırma aparıb.

Məlum olub ki, qadın sünnəti klitorisin kəsilməsi, qadın cinsi şikəst etmələrinin ən məşhur üsuludur. Məqsəd qadında cinsi zövq orqanı olan klitorisi korlayaraq bəkarəti qorumaq, qadının cinsiliyini və cinsi duyğularına maneə törətməkdir.

Birləşmiş Millətlər Təşkilatı (BMT) hər il əksəriyyəti Afrika və Orta şərq ölkələrində olmaqla 3 milyon qadının sünnət edildiyini bildirib.

UNİCEF-in hesabatında dini deyil, ənənəvi bir tətbiq olan qadın sünnətinin gözlənildiyindən daha məşhur olduğu əks olunub. Mövzunun həssaslığı səbəbinə görə qadın sünnətindən neçə qadının öldüyünün təsbit və təxmin edilə bilmədiyi qeyd edilib.

Afrikada Səhra bölgəsi və Orta şərqdəki 28 ölkədə indiyə qədər 128 milyon qadının sünnət edildiyi görülən hesabatda, hər il sünnət edildiyi təxmin edilən 3 milyon qadının təxminən yarısının Misir və Efiopiyada yaşadığı bildirilib.

Statistikaya görə, qızlar daha çox 4 ilə 12 yaş arasında sünnət olunur. Dünya Sağlamlıq Təşkilatının məlumatına görə isə 100-140 milyon qız sünnət edilir.

Sünnətdən sonra qadınlar qanama, cərrahi zədə, ağrı və ya qanamağla bağlı şok, infeksiya HIV/AİDS və digər viruslara yoluxma və ölümlə nəticələnə bilər.

Məsələ ilə bağlı bir neçə estetik cərraha da müraciət etdik, lakin həmin həkimlər mövzu ilə bağlı danışmaq istəməkdən ehtiyat etdilər.

Daha sonra estetik cərrah Dilqəm Məhərrəmov isə qafqazinfo-ya açıqlamasında qadınlarda sünnət məhfumunun olmadığını bildirib:

"Qadınların sünnəti ilə bağlı bizə heç vaxt müraciət olunmayıb. Sünnət ancaq tibbi baxımdan kişilər oluna bilər. Elə xəstəliklər var ki, irinli iltihab və s. misal çəkə bilərəm. Bu zaman insanda ağrılar meydana gəlir. Təkcə müsəlman yox, xristian əhli də belə xəstəliklə üzləşir və sünnət olunur. Qadınlarda isə sünnət məhfumu yoxdur. Bunla bağlı başqa fikir deyə filmərəm".

İstanbul NS Klinikasının estetik cərrahı Taha Mehmetoğlu qadın sünnəti barədə qafqazinfo-ya geniş məlumat verib:

"Qadın sünnəti xüsusilə orta Afrika qəbilə cəmiyyətlərin tərəfindən və bəzi Cənub-şərq Asiya ölkələrində edilən daha çox ənənəvi bir tətbiqdir.

Dünya sağlamlıq təşkilatına görə dörd növü var:

Tip I: Prepusla birlikdə klitorisin bir qisminin və ya hamısının kəsilməsi.
Tip II: Klitoris, prepus və ətrafdakı kiçik (Labia minor) və bir qisim böyük dodaqların (Labia majör) kəsilməsi.
Tip III: Klitoris və prepus ilə birlikdə kiçik və böyük dodaqların az qala/haradasa tamamilə kəsilməsi, açıq yaranın xarici çeperlerinin bir yerə gətirilərək yaranın tamamilə tikilməsi, yalnız sidik və aybaşı qanamasının axa biləcəyi və ancaq kiçik barmaq genişliyində olan bir açıqlıq buraxılması.
Tip IV: Digər genital təxriblər: Simvolik olaraq klitorisi və ya dodaqları çəkmək; klitorisi dağlamaq; vaginayı genişlədəcək şəkildə kəsmək və ya bəzi dərmanlarla daraltmaq.

Bir çox insanlar isə qadın sünnətinin dinlə bağlı olduğunu bildirib.

İlahiyyatçı Elşad Miri bildirib ki, nəinki qadın, kişilərin sünnətinin belə İslam dini ilə əlaqəsi yoxdur:

"Sünnət İslam dininin əmri deyil. Bu məsələ İslamdan əvvəl olub. Yəhudilərin özündə belə sünnət məsələsi daha çox aktualdır. Onlarda uşaq dünyaya gələndən 7 gün sonra sünnət olunur. Amma Azərbaycan müsəlman ölkəsi ola-ola oğlanlar müəyyən yaş və aydan sonra sünnət olunur. Yəhudilər bizdən çox müsəlmandır? İddia olunur ki, peyğəmbərimizin özü sünnətsiz dünyaya gəlib. Bunun özü uydurmadı. O, normal şəkildə doğulub, daha sonra isə sünnət olunub. Sonrakı dövrdə bunu islamlaşdıraraq bizə təqdim ediblər. Qadın sünnəti məsələsi də eyni şeydir. Qadın sünnətinin İslama heç bir aidiyyəti yoxdur. Dediyiniz şəxs isə şou yaratmaq üçün belə bir məsələyə əl atıb. Kim nə etmək istəyirsə, etdirsin".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.