Hadisə

Azərbaycan ordusu düşməni seçim qarşısında qoydu

5 May 2016 10:32
0 Şərh     Baxış: 3 531
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah işğalçı Ermənistanın hökuməti, ardınca isə qərar müsbət olarsa, ölkənin parlamenti Dağlıq Qarabağdakı separatçı rejimin müstəqilliyinin tanınması məsələsinə baxacaq. Belə bir təşəbbüslə "İrs" fraksiyasından olan radikal deputatlar çıxış ediblər. 

Yada salaq ki, indiyədək bir neçə dəfə belə analoji cəhdlər göstərilib. Lakin həm hökumətdə, həm də parlamentdə çoxluqda olan hakim Respublikaçılar Partiyası tanınma qərarına getməyib. Hakim çoxluğun rəyi belə olub ki, o halda Qarabağa dair danışıqların anlamı qalmayacaq və Azərbaycana müharibə üçün siqnal verilmiş olacaq. Bu isə Ermənistan üçün qat-qat ağır nəticələr vəd edir. 

Azərbaycan qarşı tərəfi bu barədə artıq rəsmən xəbərdar edib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev bildirib ki, "tanınma danışıqlar prosesinin sonu, beynəlxalq birliyə və danışıqlar prosesinə hörmətsizlik" demək olacaq və bu qərarın nəticələrinə görə məsuliyyət bütünlüklə erməni tərəfinin üzərində qalacaq.

***  

Lakin bir sıra ekspertlərə görə, budəfəki təşəbbüs də iflas olacaq. Hərgah, əvvəlki təşəbbüslərdən fərqli olaraq, indi Ermənistan rəhbərliyi qat-qat mürəkkəb vəziyyətdə, siyasi, radikal müxalifətin basqısı altındadır. Başqa sözlə desək, 4 günlük müharibədən sonra Sərkisyan rejimi daxildə ictimai-siyasi kəsimin təzyiqlərinə qarşı daha həssas bir duruma gəlib.

Yeri gəlmişkən, 4 günlük müharibənin gedişində S.Sərkisyan separatçı qurumun tanına biləcəyini istisna eləməmişdi. Lakin Azərbaycana ünvanlı hədə, emosiya başqa şeydir, soyuq məntiq - başqa. Məsələ ondadır ki, Kremlin izni olmadan tanınma Rusiya tərəfindən də neqativ qarşılanacaq. Çünki o halda Moskvanın Qarabağ məsələsindən öz maraqları naminə manipulyasiya etmək imkanları daralacaq. Rusiya, çətin ki, bunu İrəvana bağışlaya. Hətta tanınmış erməni analitiklərindən olan İqor Muradyanın yazdığına hörə, Rusiya aprel savaşından çox-çox əvvəl xəbərdarlıq edib ki, Ermənistan belə bir addıma getsə, böyük fəlakətlə üzləşəcək.

Əslinə qalsa, Azərbaycan prezidenti İlham Əliyevin ötən bazar cəbhə bölgəsinə getməsi də işğalçı tərəfə ciddi xəbərdarlıqdır ki, separatçı rejimi tanımaq kimi mənasız məşğuliyyətdənsə, nizamlama prosesində konstruktiv mövqe tutsun - əgər təbii ki, müharibə arzulamırsa.

*** 
Müharibənin alternativi isə sülh danışıqlarıdır. İşğalçı tərəf bunu nə qədər tez anlayıb konstruktiv mövqe tutsa, zəbt elədiyi Azərbaycan torpaqlarının geri qaytarılması haqda düşünsə, bir o qədər onun özü üçün yaxşı olar, bir o qədər Ermənistan adlı ölkənin təhlükəsizliyi qazanar. 

"Azərbaycanın Qarabağda uğurlu hərbi əməliyyatları fonunda Serj Sərkisyanın danışıqlar prosesindən imtina barədə bəyanatına rəğmən, Ermənistan yaxın iki həftədə danışıqlar stolu arxasına əyləşməli olacaq".

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə Rusiya xarici işlər nazirinin sabiq müavini, "Siyasi Tədqiqatlar Mərkəzi" Fondunun direktoru Andrey Filatov deyib.

Onun sözlərinə görə, İrəvanda başa düşürlər ki, hazırkı situasiya gec-tez ona gətirəcək ki, Moskva təzyiq eləməyə başlayacaq. Rusiyalı ekspertin fikrincə, xarici işlər naziri Sergey Lavrov az öncə İrəvana etdiyi səfər zamanı Ermənistana ən əsas şeyi aparıb: "Lavrov erməni tərəfindən təkidlə xahiş edib ki, danışıqlara başlasın, həmçinin, yeni insan itkilərinə gətirəcək növbəti hərbi qarşıdurmalara imkan verməsin. Və mən güman edirəm ki, 10-12 gün ərzində, 9 maydan sonra əlavə məsləhətləşmələr olacaq və yalnız bundan sonra danışıqlar prosesi işə düşəcək".

Ekspert əmindir ki, Moskva İrəvanı danışıqlara məcbur edə bilər: "Belə məcburetmə mexanizmləri isə çoxdur və Rusiya diplomatiyası artıq bunun üstündə işləyir. Sadəcə, vəziyyət indi elə gətirib ki, qarşıdan böyük bayramlar gəlir. Üstəlik, Rusiya prezidenti Vladimir Putinin hazırda çox sıx qrafiki var - Soçidə Yaponiyanın baş naziri ilə çox mürəkkəb danışıqlar olacaq. Olduqca sıx gündəlik tərtib edilib və Putin məcburdur onu öz üzərinə götürsün. Odur ki, mayın 9-10-dan sonra Ermənistanın mövqeyində tərpəniş müşahidə edəcəyik. Və mən sizi əmin edirəm ki, bu, mütləq olacaq. O sadə səbəbə ki, Rusiya daha neytral müşahidəçi vəziyyətində qala bilməz".

Sabiq diplomat danışıqların Ermənistan daxilində neqativ qarşılanacağı barədə ekspertlərin dedikləri ilə tamamilə razıdır: "Çünki bir var, danışıqlara güc mövqeyindən gələsən, bir də var xarici təzyiq altında gedəsən - özü də yeri gəlmişkən, təkcə Moskvadan söhbət getmir. Məncə, İrəvan müəyyən izolyasiyaya düşə bilər, nədən ki, nə Moskvanın, nə də digərlərinin onu uzun müddət dilə tutmaq istəyi olmayacaq. Ermənistan üçün ən pis situasiya o olacaq ki, tək qalacaq. İrəvanın danışıqlardan imtinası ona gətirəcək ki, sülh prosesinin digər iştirakçıları, sadəcə, dözümlərini itirə bilərlər. Hamı başa düşür ki, danışıqların olmaması yeni qarşıdurmalar vəd edir. Ermənistanın danışıqlara hazır olmaması ümumən sülh prosesinin iştirakçısı olan dövlətlərin, o cümlədən Rusiyanın mövqeyinin dəyişməsi demək olacaq".

*** 

Öz növbəsində digər tanınmış rusiyalı politoloq Andrey Yepifantsev hesab edir ki, Ermənistan Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı qərar qəbul etməyəcək (axar.az). Onun sözlərinə görə, İrəvan nə qədər güclü, təhdidedici bəyanatlar səsləndirsə də, Qarabağla bağlı heç bir qərar verməyəcək.

"Səbəb sadədir. Ermənistanın danışıqlar masasında mövqeləri aprel ayından sonra xeyli pisləşdi. Hətta 20 il ərzində İrəvan və Stepanakertin (Xankəndi - red.) xeyrinə işləyən paradiqmanın dağıldığını da deyə bilərik. Xalq və elita açıq-aşkar həyəcanlanıb, amma buna rəğmən, hər kəs fərqli davranış tərzi nümayiş etdirir. Elitanın bir hissəsi anlayır ki, ölkənin mövqeləri qəflətən zəifləyib, amma onlar nə edəcəklərini bilmirlər. Əsas xalq kütləsi isə bunu görməyib, ona sırınan illüziyalarla - Ermənistanın Dağlıq Qarabağ problemi ilə təkbaşına bacaracağına inamla yaşayır və buna uyğun olaraq təzyiq və təhdidi gücləndirir. Onlar anlamırlar ki, hazırkı şəraitdə bu təhdidlərin arxasında real güc yoxdur və onların reallaşdırılması özüylə daha çox bəla gətirəcək", - politoloq qeyd edib.

Ekspertə görə, bu cür əhval-ruhiyyə müəyyən mənada vəziyyəti anlayan elita üçün də sərfəlidir: "Qeyri-müəyyənlik dövrü ona imkan verir ki, Bakıdan öncə Minsk Qrupunun iştirakçılarını təhdid edib, onlara Ermənistan tərəfindən Dağlıq Qarabağ məsələsində heç bir kompromisin olmayacağını göstərməyə çalışsınlar. Bu onların əllərində saxladıqları yaxşı kozırdır, amma onun reallaşmasına imkan verməyəcəklər. Ona görə də tanınmaqla bağlı qaldırılan məsələni İrəvan dəstəkləyəcək, amma onun tanınmasına imkan verməyəcək. Reallıqda isə əminəm ki, vəziyyəti başa düşən elita hədələyici görünüş sərgiləməklə, özünün daxildən və xaricdən Dağlıq Qarabağla bağlı mövqelərində yeni məhdudiyyətlərin formalaşması üçün gərgin məsləhətləşmələr aparır. İrəvan danışıqların yeni raunduna hazırlaşır. Mənim fikrimcə isə bu, bir aydan gec olmayaraq başlayacaq".

Rusiyalı ekspertin fikrincə, Ermənistan, üstəlik, özünün daha bir problemi ilə necə davranacağını anlamalıdır. "İrəvan getdikcə Ukraynaya bənzəyir və onun Kiyev kimi çətinlikləri yaranır. Xalqda Qarabağ məsələsində amansız və sərt mövqeyin formalaşmasında elitanın özünün də rolu olub, amma indi situasiya onu güzəştlərə getməyə məcbur etsə, xalq bunu qəbul etməyəcək və onun özünü devirəcək", - sonda politoloq əlavə edib. 

***

Beləcə, Azərbaycan özünün apreldəki blits-hərbi zəfəri ilə işğalçı Ermənistanı əməllicə dilemma qarşısında qoyub. Məsələ də ondadır ki, separatçı qurumun tanınması avtomatik şəkildə müharibənin fitilinin çəkilməsi demək olacaq və buna görə hətta müttəfiqi Rusiya ondan üz döndərəcək, işğalçıya qarşı Azərbaycanın daha genişmiqyaslı hərbi əməliyyatlar aparması üçün münbit zəmin yaranacaq. Sərkisyanın elan elədiyi şərt - tələblərin baş tutmaması fonunda danışıqlar prosesinə qayıtmaq isə işğalçı tərəfin öz zəifliyinin etirafı və geri verməsi anlamlına gələcək. Üçüncü yol yoxdur.     

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.