Hadisə

Bakıda toydan çıxan ailə dəhşət yaşadı: beş ölü - YENİLƏNİB

1 Avqust 2015 12:04
19 Şərh     Baxış: 11 214
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:04

İlkin ehtimala görə, toydan çıxıb Qubaya istirahətə gedən sürücü sükan arxasında yatıb.

Azərbaycanda toydan qayıdan ailə yasa düşdü. Bakı - Quba maqistral yonunun 46-cı kilometrliyində, Hacı Zeynalabidin Tağıyev qəsəbəsi ərazisində 5 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, Azərbaycan Respublikası Baş Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyevin anspress-ə verdiyi məlumata görə, hadisə bu gecə saat 04 radələrində qeydə alınıb. 

Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Əliyev Əli Xanlar oğlu idarə etdiyi "Opel Astra" markalı, 90- XJ- 976 dövlət nömrə nişanlı avtomobillə Quba istiqamətinə hərəkət edərkən texniki nasazlıq səbəbindən yolun kənarında dayanan "Mercedes" markalı, 90-TE-701 dövlət nömrə nişanlı yük avtomobilinin qoşqu hissəsinə çırpılıb.

"Opel"də 6 nəfər olub. Onlardan 5-i hadisə yerində dünyasını dəyişib. Ölən şəxslər aşağıdakılardır. 

Əli Xanlar oğlu Əliyev - 1994-cü il təvəllüdlü
Məhəmməd Xanlar oğlu Əliyev - 1996-cı il təvəllüdlü
Tural Məhəbbət oğlu Rzayev - 1993- cü il təvəllüdlü
Xanlar Əziz oğlu Əliyev - 1970- ci il
Sabir Aslan oğlu Əliyev - 1977- ci il

Maşında olan sərnişinlərdən biri, 2004-cü il təvəllüdlü Rəvan Sabir oğlu Əliyev isə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin ehtimala görə, hadisəyə səbəb sürücünün sükan arxasında yatması olub. 

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.
Sumqayıt Rayon Polis İdarəsindən verilən məlumata görə, minik maşınında olanlar Bakıda toydan çıxaraq Quba rayonuna istirahətə gedirlərmiş. 

-----------

09:30

Bakı-Quba yolunda ağır yol qəzası baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Quba yolunun 45-ci killometrində "Opel" markalı minik avtomobili yolun kənarında hərəkətsiz dayanan "Mercedes" markalı yük avtomobilinə çırpılıb.

Nəticədə deformasiyaya uğramış "Opel" markalı minik avtomobilinin 5 nəfər sərnişini aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində vəfat edib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və 5 nəfərin cəsədi avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.