Hadisə

Bakıda məscidə partlayıcı vasitə atmaqda təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib

6 İyul 2015 18:58
0 Şərh     Baxış: 422
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qaraçuxur qəsəbəsindəki məscidə parlayıcı vasitə atmaqda təqsirləndirilən Namiq Nəsibov və Elnur Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az bildirir ki, APA-nın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə Qafqaz Müsəlmanlar İdarəsinin hüquq şöbəsinin əməkdaşı Əlişa Əliyev ifadə verib.

O, ifadəsində  hadisə zamanı namaz otağının yandırıldığı, ümumi olaraq məscidə 9187 manat ziyan vurulduğunu qeyd edib.

Ə. Əliyev hadisə zamanı məscidin gözətçisinin döyüldüyünü də bildirib.

Sonda təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlə çıxış ediblər. Onlar müdafiə etdikləri şəxslərin Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülməsi barədə vəsatət veriblər. Hakim vəsatəti təmin edib.

Məhkəmə prosesi iyulun 13-də davam edəcək. 

Qeyd edək ki, ötən il noyabrın 26-da Qaraçuxur qəsəbəsində yerləşən "Cümə" məscidinə yandırıcı maye ilə doldurulmuş şüşə butulkalar atılaraq yanğın törədilib. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Nəsibov Namiq və Ələkbərov Elnur saxlanılıblar. Onlar barəsində Cinayət Məcəlləsinin 214.2.1-ci (terrorçuluq), 228.2.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Müəyyən edilib ki, Namiq Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında "PKK" terrorçu təşkilatının nəzarətində olan Suriya Ərəb Respublikasının ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak edib. Namiq Nəsibov Suriyanın Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərov ilə birgə "PKK" terrorçu təşkilatının respublikamızda qanadı olaraq qeyri-rəsmi "Yekbun" təşkilatını yaradıb və ətraflarına tərəfdarlar toplamaq işinə başlayıblar. Namiq Nəsibov və Elnur Ələkbərov İnternetdə sosial şəbəkələr vasitəsi ilə yaratdıqları təşkilatın adından Bakı şəhərində aksiyaların keçirilməsi üçün çağırışlar da edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.