Hadisə

Bakıda sensasiya: müstəntiq günahı qəzada ölən sərnişinin üstünə atdı

6 İyul 2015 18:13
0 Şərh     Baxış: 2 415
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Müstəntiq cinayət işi üzrə icraata xitam verib, günahı isə ağır yol qəzası zamanı dünyasını dəyişmiş həkimin üzərinə qoyublar".

Bu barədə virtualaz.org saytına vəkil Rəşad Mirmehdizadə məlumat verib.

Vəkilin sözlərinə görə, hadisə bu il martın 11-də saat 00:46 radələrində Yasamal rayonu, M.Müşfiq küçəsində baş verib.

Bakı şəhər sakini Muxtar Mehdiyev idarə etdiyi "Nissan" markalı avtomobili yolun ortasındakı səkinin üzərində olan elektrik dirəyinə vurub. Nəticədə ağır bədən xəsarətləri almış sərnişini - N.Tusi adına klinikanın baş həkiminin müavini Xalid Umudov xəstəxanaya aparılarkən yolda vəfat edib. M.Mehdiyevin özü və avtomaşında olan İmtiyaz Babayev isə xəsarət alıblar.

"Hadisədən sonra mərhumun həyat yoldaşı zərərçəkmişin hüquqi varisi kimi tanınmayıb. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 5 may, 2015-ci il tarixli rəyi alınıb. Yasamal Rayon Polis İdarəsi istintaq şöbəsinin müstəntiqi Simran Əsədullayev hadisənin əsl günahkarı olan sürücü Muxtar Mehdiyevin təqsirli olmamasını əsas tutaraq cinayət işi üzrə icraata xitam verib.

Hadisə yerindən çəkilişə və fotoşəkillərə baxanda da görünür ki, hadisəyə səbəb yüksək sürət olub. Avtomobildəki zədələr elədir ki, bu əziklər onun saatda 50-60 km sürətlə hərəkət etməsi nəticəsində baş verə bilməz. Bu, mümkün deyil", - deyə vəkil Rəşad Mirmehdizadə bildirib.

Vəkilin dediklərindən belə məlum olub ki, ekspertlər iş üzrə təqsirli bilinən Muxtar Mehdiyev və İmtiyaz Babayevin ifadələrini əsas götürərək günahı mərhumun üstünə yıxıblar: "Müstəntiq hər iki şəxsin ifadələrini əsas götürərək, yəni "Xalid "avtomobillə toqquşacaqsan" deyib arxadan qəflətən əli ilə onun sağ çiynindən itələyib və bunun nəticəsində sükan çarxı fırlanıb, avtomobil sola istiqamətlənərək işıq dirəyinə dəyib" ifadəsi əsasında rəy verib. Belə çıxır ki, qəzanın baş verməsinin səbəbkarı sürücü yox, sərnişin olub. Çünki Muxtar Mehdiyevin məsuliyyətdən kənarda qalması başqa cür mümkün ola bilməzdi. Bu sahədə təcrübəsi olmayan şəxs də bilir ki, saatda 50-60 km sürətlə hərəkət zamanı avtomobildə o cür zədələr mümkün deyil. Bundan başqa şəxsin arxa oturacaqdan maşınının qarşısına başqa maşınla toqquşacağı ehtimalını görməsi və ani vaxt kəsiyində bunu müşahidə edib sürücüyə irad bildirərək itələməsi absurddur".

Vəkil işin yenidən araşdırılması və əsl günahkarların cəzalandırılması ilə bağlı müvafiq qurumlara şikayət etdiklərini deyib.

Qeyd edək ki, qəza zamanı arxa oturacaqda olan Xalid Umudov deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə olub. Onun xilas edilməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb ediliblər. Onlar xüsusi alət və avadanlıqların köməkliyi ilə yaralını avtomobildən çıxarıb. Xalid Umudov xəstəxanaya aparılarkən təcili yardım maşınında keçinib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.