Hadisə

Şirvanda zavodda partlayış: 1 ölü, 19 yaralı - YENİLƏNİB - FOTO

6 İyul 2015 15:57
32 Şərh     Baxış: 13 527
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:57

Şirvanda zavodda baş verən qəzanın ilkin səbəbi məlum olub.

Şirvan şəhər İcra Hakimiyyətinin birinci müavini Samit Abıyev APA-ya açıqlamasında bildirib ki, Müdafiə Sənayesi Nazirliyinə məxsus Telemexanika Zavodunda hadisə qısaqapanma nəticəsində baş verib.
 
S. Abıyev yanğın nəticəsində dünyasını dəyişən şəxsin ailəsinə maddi yardım ediləcəyini bildirib.
 
MSN Telemexanika Zavodunun direktoru Usubağa Məmmədov APA-ya açıqlamasında bildirib ki, saat 11:55-də zavodda 30 kv.m sahədə yanğın baş verib. Nəticədə 1 nəfər ölüb, bir neçə nəfər yüngül xəsarət alıb.
 
Yanğının səbəbi ilə bağlı müvafiq qurumların araşdırma apardığını, ilkin olaraq yanğının elektrik xəttində qısaqapanmadan baş verdiyinin ehtimal olunduğunu bildirən U. Məmmmədov deyib ki, yanğın zamanı 2 nəfərin ölməsi, 30 nəfərin xəsarət alması barədə xəbərlər həqiqəti əks etdirmir, bunlar şayiədir.
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya deyib ki, hadisə nəticəsində xəsarət alan 19 nəfərdən 13-ü evə buraxılıb, 6 nəfərin müalicəsi stasionar qaydada davam etdirilir.
 

X X X

Azərbaycan Səhiyyə Nazirliyi Şirvan şəhərində yerləşən Telemexanika zavodunda baş vermiş partlayışla bağlı məlumat yayıb.

Nazirlikdən Trend-ə bildirilib ki, bu gün Şirvan şəhərində yerləşən Telemexanika zavodunda baş vermiş partlayış nəticəsində ümumilikdə Səhiyyə Nazirliyinin Bakı və Şirvan şəhərinin 8 Təcili Tibbi yardım briqadası cəlb olunub.

Qeyd olunur ki, 19 nəfər zəhərlənmə və yanıq diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanada bütün tibbi şərait yüksək səviyyədə təşkil olunub və zərərçəkmiş vətəndaşlara lazımi tibbi yardım göstərilir. Daxil olmuş 19 nəfərdən 13-nə ambulator yardım göstərilərək evlərinə buraxılıb.

Hadisə ilə əlaqədar olaraq Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Xidmətindən Şirvan şəhərinə toksikoloq, yanıq cərrahı və reanimotoloq briqadası ezam olunub. Hazırda xəstəxanada olan 6 nəfərin müalicəsi aparılır.

---------

14:29

Telemexanika Zavodunda baş verən qəza nəticəsində ölən şəxsin kimliyi məlum olub.
 
APA-nın xəbərinə görə, ölən şəxs Şirvan şəhər sakini, 1967-ci il təvəllüdlü Süleymanova Raziyə Cəfərxan qızıdır.
 
İlkin məlumata görə, qadın ağır yanıq xəsarətləri nəticəsində dünyasını dəyişib.
 
Hadisə nəticəsində xəsarət alan 11 nəfər ambulator yardım göstəriləndən sonra evə buraxılıb.

---------

14:16

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə zamanı 19 nəfər yaralanıb. Onlar təcili tibbi yardım maşınları ilə Şirvan Mərkəzi rayon xəstəxanalarına yerləşdiriliblər.

Hadisə yerinə 5 həkim briqadası gedib.

Xəsarət alanların vəziyyətləri yüngül və orta-ağır qiymətləndirilir. Onlara zəhərlənmə və yüngül yanıq diaqnozları qoyulub.

--------

14:09

Şirvan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə qəza zamanı bir nəfərin öldüyünü təsdiqləyiblər.

Stansiyadan bildirilib ki, qəza zamanı yaralananlar olsa da, onların sayı barədə hələlik məlumat yoxdur. Hazırda briqadanın əməkdaşları hadisə yerindədirlər.

--------

13:38

Şirvan şəhərindəki zavodlardan birində qəza baş verib.

APA-nın xəbərinə görə, hadisə bu gün saat 12 radələrində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) Telemexanika Zavodunda qeydə alınıb.
 
Zavodun sexlərdən birində baş verən qəza nəticəsində sexin tavan hissəsi çöküb. İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
 
Müdafiə sənayesi naziri Yavər Camalov hadisə yerindədir.
 
Hadisənin baş vermə səbəbləri araşdırılır. Ölən və yaralananların adları dəqiqləşdirilir.

--------

13:30

Milli.Az xəbər verir ki, musavat.com Şirvanda yaşayan sakinlərdən həyəcanlı xəbər alıb. Orada iddia olunur ki, Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən Telemexanika zavodunda güclü partlayış olub. "Ölən, yaralananlar var", - deyə yazır mənbələrimiz. Hazırda hadisə yerinə çoxsaylı ambulanslar cəlb olunub. Ölənin qadın olduğu bildirilir.

Məlum olduğu kimi, MSN-in zavodları hərbi təyinatlıdır. 

Əlavə məlumat veriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.