Hadisə

Qaydanı başqaları pozdu, qəzaya onlar düşdülər - VİDEO

5 May 2015 10:08
0 Şərh     Baxış: 2 922
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda başqalarının səhvi ucbatından ağır yol qəzaları baş verir, səbəbkarlar isə əlini-qolunu sallayıb aradan çıxırlar

Bakıda başqa sürücülərin səhvi ucbatından baş verən iki yol qəzasının görüntüləri Daxili İşlər Nazirliyinin "Təhlükəsiz şəhər" xidmətinin kameralarında qeydə alınıb.

Avtosfer.az-ın məlumatına görə, hər iki qəzaya başqa sürücülər səbəb olub. Lakin onlar qəzadan sonra sakitcə aradan çıxıblar. Birinci qəza aeroport yolunda baş verib. Videodan da göründüyü kimi, "Hyundai" markalı avtomobilin sürücüsü qəflətən sükanı sağa çəkir. Bu zaman onun yanı ilə hərəkət edən "İnfiniti"nin sürücüsü də sükanı qaçırdır və idarəetməni itirir. Yanındakı maşını vuran "İnfiniti" yol kənarındakı avtobus dayanacağına girir. Hər iki maşın dayanacaqda dayanmış başqa bir avtomobili də vurub əzir.

Qəzaya səbəb olan "Hyundai"ın sürücüsü isə heç nə olmayıbmış kimi hadisə yerini tərk edir.

Digər yol qəzasında da səbəbkar "Hyundai"ın sürücüsüdür. Göründüyü kimi, o, 7-ci zolaqdan birinci zolağa manevr edir. Bu zaman təhlükəsizlik qaydalarına əməl etmir və digər nəqliyyat vasitələrinin yoluna çıxır. "Hyundai"la toqquşmamaq üçün sukanı sağa qaçıran qara rəngli avtomobilin sürücüsü digər avtomobillə toqquşaraq yol kənarındakı maneəyə çırpılır. Onların qəzaya düşməsinə səbəb olan "Hyundai" isə sakitcə aradan çıxır.

Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov da hər iki qəzaya münasibət bildirib: "Bu videoda əks olunan hər iki qəzaya diqqətlə baxdım. Onların hər ikisi eyni mexanizmlə baş verir: intizamsız sürücü qəza şəraiti yaradaraq aradan çıxır, həmin şəraitdə digər sürücülər bir-biri ilə toqquşurlar. Bu qəzaların əsas səbəbkarı, şübhəsiz ki, qəza şəraiti yaradıb aradan çıxan intizamsız sürücülərdir. Amma onların hər ikisinə diqqətlə baxanda qəzaya düşənlərin də kobud səhvlərini görməmək mümkün deyil. Özü də bu videolar sürücülərimiz arasında geniş yayılmış çox təhlükəli bir qanunauyğunluğu da ortaya qoyur. Qanunauyğunluq isə qəza şəraitinə düşən sürücünün ilk olaraq əyləci deyil, sükanı yada salmasıdır. Bu, ikinci qəzada daha aydın görünür. Qəzaya düşən qara rəngli taksinin sürücüsü qabaqdakı maneəni, yəni köndələninə gedən avtomobili görəndə sadəcə yüngülcə əyləcə bassaydı, qəza baş verməzdi, amma həmin taksidəki "Şumaxer" əyləci yadına da salmadan sükanı fırladır və belə qəza baş verir. Məhz bu səbəbdən həmin qəzada qəza şəraiti yaradıb aradan çıxan sürücüdən çox, həmin taksinin sürücüsü təqsirli sayıla bilər. Düzdür, birinci hadisədə qəza şəraiti qəflətən yaranır. Amma əminəm ki, orada da istiqamətini dəyişərək qəzaya düşən sürücü doğru vərdişə, yəni ilk olaraq əyləcə basmaq vərdişinə sahib olsaydı, qəza olmaya bilərdi.

Ümumiyyətlə, sürcülərimizə demək istəyirəm ki, belə nadürüst və intizamsız sürücülər qəza şəraiti yaradanda ilk olaraq avtomobilin əyləcini yada salmaq, daha sonra şərait varsa, sükandan istifadə lazımdir. Yol hərəkəti qaydaları da (50-ci maddə) ilk olaraq məhz sürəti azaltmağı, yəni tormozlamanı tələb edir. Özü də bu tələb məcburidir, sükandan istifadə isə şəraitdən və s. asılı olaraq sürücünün ixtiyarına verilir".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.