Hadisə

Azərbaycanda verilişdə məşhurlaşan qadının acı taleyi

27 Noyabr 2014 13:32
0 Şərh     Baxış: 1 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dörd il iş almışdı, indi azadlıqdadır

"Toy olsun" verilişi, yəqin ki, hələ də çoxlarınızın yadındadır. Bu verilişin populyar vaxtlarında Xəyalə Cəfərova ən çox elçisi olan iştirakçılardan idi. Bəlkə də, indi onu çoxları şad-xürrəm bir ailənin xanımı kimi təsəvvür edir. Amma necə deyərlər, sən saydığını say...

Sən demə, bir zamanlar çoxlarının arzuladığı bu xanım hazırda evlərdə təmizlik işləri ilə məşğul olur, kirayədə yaşayır... və ən dəhşətlisi odur ki, həmin verilişdə ailə qurduğu şəxsdən olan dörd aylıq övladını tələf etdirib.

- Xəyalə, əvvəlcə özün barədə qısa məlumat verərdin...

- 1984-cü ildə Gəncə şəhərində anadan olmuşam. 2000-ci ildə Samir Məzahir oğlu Quliyevlə ailə qurmuşam.

- Yəqin ki, rəsmi nikahınız yox idi...

- Bəli, əvvəlcə nikahımız yox idi. Birinci uşağımız doğulandan sonra rəsmi nikaha daxil olduq.

- Bu nikahdan neçə övladınız var?

- 2001-ci ildə böyük qızım Aytac Quliyeva, 2004-cü ildə ikinci övladım Zeynəb Quliyeva dünyaya gəlib.

- Həyat yoldaşından nə vaxt ayrıldın?

- 2004-cü ildə.

- Səbəb nə idi?

- Pis işlərlə məşğul olurdu, narkotik maddələr satırdı.

- Onu həbs etdilər?

- Bəli, həbs olundu.

- Siz ayrılanda o, həbs olunmuşdu?

- Bəli, biz ayrılanda o, üç-dörd ay idi, həbs olunmuşdu.

- Nədən hiss etdin ki, bu adam narkotik satır?

- Özü istifadə etmirdi. Evə gətirib mürəbbələrin içinə qatıb satırdı.

- Səni döyürdü?

- Bəli, çox döyürdü.

- İndi də həbsdədir?

- Dörd il iş almışdı, indi azadlıqdadır.

- Hazırda əlaqəniz varmı?

- Həbsdən çıxandan bəri görməmişəm. Yenə də axtarışdadır.

- Niyə?

- Bildiyimə görə, həm mağazadan oğurluq edib, həm də beş ildir alimenti ödəmədiyinə görə axtarışa verilib.

- Məhkəmə nə qədər aliment kəsmişdi?

- İki uşağa yetmiş manat. Cəmi iki ay ödədi, sonra ödəmədi.

- Səndən ayrılandan sonra ailə qurub?

- Nişanlanıb, amma nişanı qayıdıb.

- Səndən neçə yaş böyük idi?

- Evlənəndə mənim 16, onun 21 yaşı var idi.

- Rəsmi olaraq 2004-cü ildə boşanmısınız. Amma deyirsən ki, beş ildir aliment ödəmir. Bu necə olur?

- Ona aliment 2010-cu ilin əvvəlində kəsilib.

- Bəs, "Toy olsun" verilişinə nə zaman gəldin?

- 2011-ci ildə.

- Kiməsə elçi düşmüşdün?

- Yox, Şəkidən Taleh adlı bir oğlan mənə elçi düşdü, evləndik.

- Soyadı yadında deyil?

- Kəbinimiz, rəsmi nikahımız var, amma soyadı yadımda qalmayıb.

- Toyunuz harada oldu?

- Şəkidə. Toydan sonra üç ay Şəkidə yaşadıq. Sonra anası ilə yola getmədi, köçdük gəldik Gəncəyə. Gəncədə kirayədə yaşadıq.

- Nə işlə məşğul idi?

- Şəkidə dəyirmanda işləyirdi.

- Talehin neçə yaşı var idi?


- 1979-cu ildən idi.

- Dolanışığınız necə idi?

- Babat dolanırdıq.

- O da səni döyürdü?

- Şəmkirdə qab-qacaq firmasına işə düzəldik. Küçə-küçə düşüb qab-qacaq satırdıq. Qısqanırdı deyə, Şəmkirin Könüllü kəndində camaatın gözü qarşısında məni döydü. Kənd camaatı məni güclə onun əlindən aldı. Başımı işıq dirəyinə vurdu. Deyirdi ki, mən səni döyəndə niyə camaatı köməyə çağırırsan?

- Bildiyimə görə, qapını qıfıllayıb, səni evdə tək qoyub işə gedirmiş...

- Gəncəyə təzə gələndə qapını üstümə qıfıllayıb gedirdi. Sonra dedi ki, yenə də etibar etmirəm, özümlə gedib, özümlə gələcəksən. Məni də özü ilə qab satmağa apardı.

- İkinci evliliyiniz nə qədər davam etdi?

- Heç altı ay bir yerdə yaşamadıq.

- Övladınız olmadı?

- Yox, yox.

- Siz ikinci dəfə ailə quranda övladlarına kim baxırdı?

- Anam.

- Bəlkə, ikinci nikahdan övladın olub, tələf elətdirmisən?

- Düzünü deyim ki, var idi.

- Bəs, niyə dünyaya gətirmədin?


- Ayrılandan sonra Gəncədə tələf elətdirdim. Özü də istəmədi ki, uşaq doğulsun. Məndən əvvəl iki dəfə ailəli olmuşdu. Hər nikahından bir övladı var.

- Hazırda nə işlə məşğulsan?

- Hazırda Bakıda xalamgillə kirayədə yaşayıram. Anam isə Gəncədədir, uşaqlarıma baxır. Evlərdə təmizlik işi aparıram.

- Gündəlik gəlirin nə qədər olur?

- Gündəlik 8-10 manat qazancım olur. Uşaqlarımdan uzaq düşmüşəm. Orta məktəbi Gəncədə oxuduqlarına görə ancaq tətillərdə yanıma gəlirlər. Mən də qazandığımın bir hissəsini anama göndərirəm ki, uşaqlarıma baxsın. Çünki onları yanımda saxlamağa imkanım yoxdur.

- Yenidən ailə qurmaq fikrin var?


- Hələ o haqda fikirləşməmişəm.

- Hazırda əsas problemin nədir?

- Əsas məqsədim ilk həyat yoldaşımdan aliment almaqdır. Heç olmasa, alimenti ala bilsəm, mənim də yüküm bir az yüngülləşər. Kirayədə qala-qala iki uşağa baxmaq çox çətindir.

- Hazırda alimentlə bağlı iş nə yerdədir?

- Gəncə Polis İdarəsinə müraciət etdik, dedilər ki, axtarışdadır. Polis deyir ki, get yerini tap, mən də gedim tutum gətirim.

Publika.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.