Hadisə

Lənkəranı su basdı: insanlar və mal qara təxliyyə olundu - YENİLƏNİB - FOTO

25 Noyabr 2014 17:37
1 Şərh     Baxış: 4 061
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri Lənkəranda yağan yağışlar nəticəsində həyatları təhlükə qarşısında qalmış insanları və mal-qaranı təxliyyə edirlər


17:37


Trend FHN-in rəsmi saytına istinadən xəbər verir ki, bu gün Lənkəran rayonu, Girdəni kəndi ərazisində yağan yağışlar nəticəsində vətəndaşların fərdi yaşayış evləri və həyətyanı sahələri su ilə dolub.
 

Əraziyə cəlb olunmuş Cənub Regional Mərkəzinin və Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri köməksiz vəziyyətdə qalmış 38 nəfəri xilas edərək təhlükəsiz əraziyə təxliyyə ediblər.
 

Həmçinin, xilasedicilər Lənkəran rayonu, Göyşaban kəndi ərazisində yağış suları dolmuş mal-qara fermasından 30 baş xırdabuynuzlu və 10 baş iribuynuzlu heyvanları təhlükəsiz əraziyə çıxarıb, Lənkəran şəhərində su basmaya məruz qalmış fərdi yaşayış evlərinin və həyatyanı sahələrdə suçəkmə işləri aparıblar.
 

Ərazidə xilasetmə işləri davam etdirilir, yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.


----------
17:19

Lənkəranın Digah və Girdəni kəndləri sel sularına qərq oldu


Son iki gündü aramsız yağan yağış Lənkəran rayonunun bir neçə kəndlərində subasmalara səbəb olub. Milli.Az CTV-yə istinadən xəbər verir ki, ən ağır vəziyyət rayonun Digah kəndində müşahidə olunur. Rayonun Girdəni kəndində də oxşar vəziyyət yaranıb. Kəndin küçələri, 100-ə yaxın həyətyanı sahə su altında qalıb. Ən çox ziyan çəkən, eləcə də rayonun Velədi, Şilavar və Digah kəndləridir. Hətta yollarda bir neçə avtomobil tamamilə su altında qalıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin əməkdaşları da idarə tamamilə su altında qaldığından içəri keçə bilməyiblər. Girdəni kəndində bəzi həyətlərdə suyun səviyyəsi bir metrdən dən çox olub. Hətta vəziyyət o yerə çatıb ki, sakinlər həyətə belə düşə bilmirlər. Selin törətdiyi fəsadların aradan qaldırılması üçün zəruri tədbirlər görülür. Ümumilkdə isə FHN-nin xilasediciləri köməksiz vəziyyətdə qalan 9 nəfəri uşaq olmaqla 23 nəfəri xilas edərək təhlükəsiz əraziyə təxliyyə ediblər.

Lənkəran Regional Hidrometeorologiya müəssisəsinin direktoru Cavid Hüseynovdan aldığımız məlumata görə, hazırda çaylarda qalxmalar müşahidə olunur. Lənkəran məntəqəsində çayın səviyyəsi iki gün ərzində 150 sm-ə qalxıb. Boladı çayında artıq yağıntının intensivliyindən daşqın müşahidə olunur.

Lerik rayonunda isə 20 sm qar yağıb. Dağlarda qarın hündürlüyü 25 sm-ə çatıb. Bölgədə yağıntılı hava şəraiti isə davam etməkdədir.

---------
14:58


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti noyabrın 24-ü gündüzdən 25-i səhərədək Lənkəran-Astara bölgəsində müşahidə olunmuş faktiki hava şəraiti haqqında məlumat yayıb.

Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumatda bildirilir ki, əvvəlcədən xəbər verildiyi kimi, noyabrın 24-ü gün ərzində, noyabrın 25-i səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağıntılı olub, dağlıq ərazilərdə sulu qar, qar yağıb, bəzi yerlərdə intensivləşib.

Ən çox düşən yağıntının miqdarı Lənkəranda 202 (aylıq normanın 120 faizi),  Astarada 111 (aylıq normanın 72 faizi), Rvarudda (Lerik) 25 mm (aylıq normanın 45 faizi) təşkil edib.

Yağan leysan yağışlarla əlaqədar Lənkəran-Astara bölgəsinin çaylarında suyun səviyyəsi artıb, Boladıçay-Dıryanda daşqın olub.

---------
11:59

Üç gündən bəri davam edən güclü yağıntı yenidən cənub bölgəsinin bir sıra yaşayış məntəqələrində fəsadlara səbəb olub.

APA-nın məlumatına görə, ən kritik vəziyyət Lənkəranda yaranıb. Rayonun ayrı-ayrı kənd və qəsəbələrində, həmçinin Lənkəran şəhərində 1000-dən çox evi su basıb. Sel suları evlərin zirzəmilərinə dolub, xeyli sayda ev quşlarının tələf olmasına, ərzaq və kənd təsərrüfatı məhsullarının korlanmasına səbəb olub. Əhali evlərindən çıxa bilmədiyindən iş yerlərinə, uşaqlar isə məktəbə gedə bilməyiblər.

Rayonun Havzava kəndində sel elektrik dirəyini yuyub apardığı üçün burada 20-dək ev işıqsız qalıb.

Şəhərdə yerləşən rayon Elektrik Şəbəkəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin binalarını su basdığından həmin təşkilatların iş fəaliyyəti dayanıb.

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin əməkdaşları və yerli qurumlar təbii fəlakətin nəticələrinin aradan qaldırılması işinə cəlb olunublar.

Hazırda bölgədə yağıntılı hava şəraiti davam edir.

---------
09:48

Noyabrın 25-ə keçən gecə Lənkəran şəhəri ərazisində yağan yağışlar nəticəsində Lənkəran şəhərində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə su dolub və vətəndaşların evdən çıxması çətinləşib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə daxil olan məlumata görə, hadisə yerinə xilasedicilər cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Keçirilmiş əməliyyat zamanı yağış sularının sakinlərə verə biləcəyi ziyan aradan qaldırılıb və 4 nəfər təhlükəsiz əraziyə köçürülüb.

Əməliyyat bu gün səhər saat 06:40-da başa çatıb.

Milli.Az

------------
11:59

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.