Texnologiya

Facebook-un saxta şirin həyatları

5 Mart 2015 18:07
0 Şərh     Baxış: 820
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Son dövrlər həyatın ayrılmaz hissəsinə çevrilən Facebook sosial şəbəkəsində ayrı-ayrı istifadəçilərin yerləşdirdikləri müxtəlif ölkələrdəki çəkdirdikləri və zəngin həyatlarını, geyimlərini reklam edən fotolar bəzilərində paxıllıq hissinin yaranmasına səbəb olur. Psixoloqlar bildirirlər ki, yalnız zəngin və rahat həyatı nümayiş etdirən fotolar deyil, xoşbəxt ailə həyatı, sevən cütlüklərin şərh və şəkilləri də insanların əhvalına mənfi təsir göstərir.

Psixoloq Aysel Hüseynovanın sözlərinə görə, Facebook sosial şəbəkəsi uğur və xoşbəxtliyi ölçən bir şəbəkə deyil: "İstifadəçilər öz şəkillərini başqalarının şəkilləri ilə müqayisə etməməlidir. Kiminsə şəxsi həyatı Facebook-da xoşbəxt görünürsə, bu, reallıqda da belə olduğunu göstərmir. İnsanlar Facebook-da həyatlarının gizli məqamlarını, kədərlərini, komplesklərini göstərmir. Çox vaxt uğurlu şəkillərini seçib qoyurlar. Bu da saxta şirin həyat illüziyasını yaradır. Bəzən insanlar daxillərindəki hansısa acıdan əziyyət çəkdiyi və komplekslərini gizlətmək istədikləri, başqalarına acı vermək üçün Facbook-da şirin həyat illüziyasını yaradırlar. Onların virtual çox xoşbəxt göründükləri həyatları sadəcə uğurlu çəkilmiş fotolardır. Düzdür, bunu hamıya şamil etmək olmaz. Amma bu faktları nəzərə alaraq, istifadəçilər başqalarının fotolarına deyil, gerçək həyatlarına baxmalıdır".

Kiminsə çox şən göründüyü, hansısa bir əyləncə məkanında çəkdirdiyi şəkil sahiblərinin sevincini göstərməyə də bilər. Və ya səyahətlərdə çəkdirdikləri şəkillər də səyahətin ideal olduğunu göstərmir. Səyahətə və ya əyləncəyə də gedəndə insanlar özləri ilə üzüntüsünü, problemini apara bilər. Cütlüklərin bir-birini çox sevdiyini göstərən şəkillər də bəzən ciddi, həllolunmaz problemlərə işarə edir.

Psixoloq izah edir ki, əslində problem başqalarının sevincinə kədərlənməkdədir: "Bu, insanın özünü paxıllıq hissi ilə məhv etdiyini, mərhəmətdən uzaqlaşdığını göstərir. Bu baş verməsin deyə, insan mənəvi dəyərlərinə fikir verməli, özünü yaxşı insan kimi tərbiyə etməlidir. Hər bir insanın, hətta xoşbəxt olmağı bacaranın da öz problemləri var".

Onun dediyinə görə, sosial şəbəkələrdəki istifadəçi foto və şərhləri insanı həqiqətən də özünü bədbəxt və başqalarından aşağı səviyyədə hiss etməsinə səbəb ola bilər: "Belə ki, çox az adam özündə cəsarət tapıb həyatındakı əskikləri, özündə çatışmayan cəhətləri sosial şəbəkədə hamının diqqətinə çatdıra bilər. Bu səbəbdən də insan öz gerçək həyatını başqalarının virtual həyatı ilə müqayisə edərək dərin kədər keçirə bilər. Ola bilsin ki, həyatı başqalarından daha yaxşı keçsin, amma o, müayisə edərək özünün əskik və daha bədbəxt olduğunu hiss etməyə başlayır. Misal üçün, düşünə bilər ki, "Niyə məndə hər şey belə pisdir?" və s. Bu tip fikirdən uzaqlaşmaq, hər insanın həyatının, onun özünün təkrarolunmaz olduğunu düşünmək lazımdır.

Bəzi insanlarsa Facebook sosial şəbəkəsində şəkil çəkdirməyə, şərh paylaşmağa çəkinir. Psixoloqun fikrincə, bu tip insanların özlərini ifadə etməkdə, ünsiyyət qurmaqda çətinlikləri var. Bəzən isə sadəcə nə deyəcəklərini, hansı növ şəkil yerləşdirəcəyini bilmirlər. Əgər onlar da virtual məkanda olmaq istəyirlərsə, özlərinin də nə deyə biləcəklərini təhlil etməlidirlər. Birinci növbədə bunun üçün həyatının xoşbəxt keçən anlarına, müsbət tərəflərinə fikir verməyi öyrənməlidirlər. Foto çəkdirməkdə və bunu yerləşdirməkdə tənbəllik edirlərsə, özlərini daha da həvəsləndirməlidirlər.

Sosial şəbəkədən qaynaqlanan paxıllığa düçar olmamaq üçün virtual deyil, gerçək həyat yaşamaq lazımdır. Hüseynova bildirib ki, bəzən biz vaxtımızın çox hissəsini internetdə keçirdiyimiz üçün bizdə neqativ hisslər yaranmağa başlayır. "Öz həyatımıza o qədər az vaxt ayırırıq ki, xoşbəxt anlarımız da azalır. Harasa gedib əylənməyi, dost-tanışla, ailə ilə vaxt keçirməyi sosial şəbəkədə istifadəçi fotolarını izləməyə qurban veririk. Əgər həyatımızı dolğun yaşayıb, gücümüzü problemlərimizi həll etməyə yönəltsək "face"də kiminsə uğurlu həyat foto paylaşması bizə təsir edə bilməz. Ən azı buna cavab olaraq foto çəkdirib paylaşmağa vaxtımız qalar".

Müsahibimiz qeyd edib ki, əgər hansısa bir məşğuliyyət insanda mənfi emosiyalar doğurursa, ona pis təsir edirsə, bundan uzaqlaşmalıdır: "Bu, tam mümkün deyilsə, ona sərf etdiyi vaxtı minimuma endirməlidir. Nəsə edərkən mənfi emosiyanın, fikirlərin yarandığını hiss etdikdə buna etinasız yanaşmayın. Mənfi fikirlər dərinləşərək ciddi psixoloji problemlərə yol aça bilər".

Ekspress.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.